Modern.az

Milli Məclisin komitə sədri: “Jurnalistlər Heydər Əsədovun fikrini düzgün anlamayıblar”

Milli Məclisin komitə sədri: “Jurnalistlər Heydər Əsədovun fikrini düzgün anlamayıblar”

10 Oktyabr 2014, 15:33


Bir müddət öncə kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında Azərbaycanın bəzi ərazilərindəki torpaqların bir hissəsinin Rusiyaya icarəyə verilməsi məsələsinin gündəmdə olduğunu bildirmişdi.
Nazirin bu sözü jurnalistlər tərəfindən torpaqların Rusiyaya verilməsi kimi anlaşılıb. Milli Məclisiin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a açıqlamasında məsələni belə şərh edib.

“Bu məsələdən indi xəbər tutmuşam. Əvvəla, Heydər Əsədov kənd təsərrüfatı naziri kimi çox təcrübəli və ağıllı insandır. Onun fikri sadəcə olaraq jurnalistlər tərəfindən düzgün anlaşılmayıb. Mən məsələdən xəbərdar olandan sonra Heydər Əsədovun çıxışına qulaq asdım. Çıxışını izləyəndən sonra o qənaətə gəldim ki, məsələ heç də jurnalistlərimizin qeyd etdiyi kimi deyil. Bir sözlə, Heydər Əsədovun açıqlaması yanlış anlaşılıb. Öncə torpağın icarəyə verilməsinin hansı anlam daşıdığına diqqət edək. İcarəyə verməyin özü müvəqqəti bir haldır. Burada icarə müqaviləsi bağlanır. O müqavilədə göstərilir ki, torpaq müəyyən müddətə icarəyə verilir. Bu sistem dünyanın hər yerində var. Məndə olan məlumata görə, Azərbaycanın iş adamları Rusiyada, Belarusda və bir çox yerlərdə 100 hektarlarla torpaq icarəyə götürüb, becəriblər. Bu, torpaqları kiməsə vermək kimi başa düşülməməlidir. Bunu siyasiləşdirməyə ehtiyac yoxdur. Ölkələr biri-biri ilə müqavilə bağlayıb, torpaqlar icarəyə götürürlər. Bir daha demək istəyirəm ki, torpağı becərirlər, kənd təsərrüfatı məhsulları istehsal edirlər. Tutaq ki, bu kənd təsərrüfatı məhsulunun satışı da razılaşma yolu ilə həll edilir. O fikirlə razı deyiləm ki, kimsə deyə ki, “biz torpağı Rusiyaya veririk”. Torpaqları heç kəs Rusiyaya vermir. Birgə müəssisə yaradıb işlədə bilərlər. Hamımız birmənalı şəkildə başa düşməliyik ki, icarə müqaviləsi müəyyın müddət üçün nəzrədə tutulan haldır”.

Eldar İbrahimovun sözərinə görə iki dövlət arasında bağlanan icarə müqaviləsi pozula da bilər.

“Bizim azərbaycanlı iş adamlarımız Rusiyada, Belarusda torpaqları icarəyə necə götürüb? Belə çıxır ki Azərbaycan Rusiya, Belarus torpaqlarını alıb, yoxsa onlar torpaqlarını azərbaycanlılara satıb?! Bunu bu formada siyasiləşdirməyə ehtiyac yoxdur. Rusiya öz bazarlarını bizim üzümüzə açıb.
Onu da deyim ki, Heydər Əsədov o torpaqların icarəyə verilməsini rəva görür ki, onlar yararsız, şoranlaşmış torpaqlardır. Həmin torpaqlarda çoxlu iş aparılmalı, sərmayə qoyulmalıdır. Torpağa investisiya qoyub, yararlı  edəcəklərsə, bunun nəyi pisdir. Əkək, becərək, bir yerdə də məhsul götürək və bir yerdə də məhsulu bölək. Burda qəbahətli heç nə yoxdur. Heydər Əsədovun fikirlərinə don geyindirmək lazım deyil. Rusiyanın o qədər torpaqları var ki, ruslar heç öz torpaqlarını becərə bilmirlər. Heydər Əsədovun fikri odur ki, yararsız torpaqlarımızı yararlı etmək şərtilə icarəyə verilə bilər”.

Sonda müsahibimiz onu da bildirib ki, artıq Ruisya ilə Azərbaycan arasında torpaqlarla bağlı delimitasiya prosesi başa çatıb: “Bundan sonra Azərbaycanın hər hansı bir ərazisi nə Rusiyaya verilə bilər, nə də əksinə. Bunu birdəfəlik bilməmiz lazımdır”.

Namidə BİNGÖL

 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım