Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsilə bu ölkənin iqtisadiyyatı çökmə təhlükəsilə qarşı-qarşıya qalıb. Müşahidələr göstərir ki, bu problem səbəbindən Rusiyadan Azərbaycana qayıdanların sayında da kəskin artım hiss olunur. Bu, həm onların gəlirlərinin azalması, həm də yaşayışın çətinləşməsi ilə izah edilir.
Məsələ ilə bağlı Modern.az saytına açıqlama verən iqtisadçı Samir Əliyevin fikrincə, Rusiyadakı daxili vəziyyət müttəfiq dövlət olduğu üçün Azərbaycana təsirsiz ötüşməyəcək: “Rusiya Azərbaycanla həm qonşudur, həm də əsas iqtisadi partnyorlarımızdandır, ən əsası isə azərbaycanlılar üçün böyük iş yeridir. Bəzi mənbələr 2 milyona qədər vətəndaşımızın işləmək üçün Rusiyaya üz tutduğunu açıqlayır. Bunların əksəriyyəti bölgələrdən gedənlərdir. Bu o deməkdir ki, regionlarımız faktiki olaraq Rusiyanın hesabına dolanır. 2012-ci ildə Rusiyadan banklar vasitəsilə Azərbaycana pul köçürmələri 1,2 milyard dollar olub. Nəzərə almaq lazımdır ki, ən azı bu qədər də bankdan kənar vəsait ölkəyə daxil olub. Bu, təbii ki, böyük pul kütləsidir. Hazırda rus rublunun ucuzlaşması (20 faiz) faktiki olaraq göndərilən pulun dəyərdən düşməsinə gətirib çıxarır. Çünki bu pullar rubl olaraq qazanılır, ölkəyə göndəriləndə isə dollar və ya manata çevrilir. Rubl dollara nisbətdə ucuzlaşdığına görə, avtomatik olaraq manata görə də ucuzlaşır. Bu zaman həmin işçi qüvvəsi qazandığını itirir”.
İqtisadçı bildirir ki, problem təkcə qazanılan pulun məzənnə itkisi ilə deyil, həm də gəlirin həcminin azalması ilə bağlıdır: “Sanksiyalar Rusiyanı sıxdıqca iş yerləri ya bağlanır, ya da bağlanmaq təhlükəsilə üz-üzə qalır. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsilə isə vəziyyət kritik nöqtəyə çatdırıb, biznes zərbə altına düşür. Bu o deməkdir ki, insanların gəlirlərinin dövriyyəsi azalır. Bu zaman ikitərəfli itki olur: həm məzənnəyə görə, həm də biznesin müflisləşməsinə görə.
Rusiyadakı hadisələrin Azərbaycana mənfi təsiri özünü göstərməkdədir. Bu ilk növbədə qeyd etdiyim kimi vətəndaşlarımızın Rusiyadan Azərbaycana göndərdiyi məbləğin azalmasında özünü göstərir. Digər tərəfdən, rus rublunun ucuzlaşması Azərbaycanın Rusiyaya ixrac imkanını məhdudlaşdırır. Son vaxtlar Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalı çoxalıb. Nəzərə almaq lazımdır ki, bu növbəti ildə belə olmaya da bilər. Lakin baş verənlər göstərir ki, Azərbaycanın ixrac etdiyi məhsulların qiyməti getdikcə bahalaşır, Rusiyadan Azərbaycana gətirilən mallar ( xüsusilə qeyri-ərzaq məhsulları) isə əksinə ucuzlaşır. Bu isə yerli istehsalı sıradan çıxarır. Çünki yerli istehsal baha başa gəlir. Başqa bir istiqamət neft fondu ilə bağlıdır. Bizim Rusiydakı neft aktivlərimizin dəyərsizləşməsinə gətirib çıxarır”.
Ölkədə işsizlər ordusu yaranacaq
Samir Əliyevin fikrincə, Rusiyada məskunlaşan vətəndaşlarımızın geri qayıtması ilə Azərbaycanda işsizlər ordusu yarana bilər: “Təbii ki, geri qayıdanlar bir müddət gətirdikləri kapital hesabına dolanacaqlar. Amma bir müddət sonra problemlər qabarmağa başlayacaq. Bu isə işsizlərin sayının artmasına gətirib çıxaracaq.
Bu gün regionlarımızda yaşayış Rusiyanın və eyni zamanda dövlət büdcəsindən ayrılan investisiya xərclərinin hesabına təmin olunur. İnvestisiya hesabına yeni iş yerləri açılır və insanların müəyyən hissəsi işlə təmin olunur. Nəzərə almaq lazımdır ki, neft ucuzlaşır, büdcə xərcləri, eləcə də Rusiyada qazanılan pulların həcmi azalır. Bu o deməkdir ki, regionlarda ikitərəfli işsizlik yaranır. Proseslərin gedişi onu göstərir ki, sanksiyalar ən azı ilin sonuna qədər davam edəcək”.
Rusiya miqrantların sayını azaldır
“Rusiyada xaricdən gələn vətəndaşlar üçün tətbiq edilən yeni qanuna əsasən, hər bir qeyri-vətəndaş 3 aydan çox orda qala bilməz. Əgər həmin şəxsin kvotası varsa, iş icazəsi alırsa, 1 il limit əldə edərək Rusiyada yaşamağa davam edir. Rusiyada kiçik və orta bizneslə məşğul olan, həmçinin şirkət sahibi olan azərbaycanlılarımızın sayı çoxdur. Rusiyada yeni qanunlarının tətbiq edilməsilə tələblər artıb. Bu qanunlar Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan əvvəl qüvvəyə minsə də, indi vəziyyəti daha da çətinləşdirib. Rusiyanın daxili problemi istər-istəməz miqrantlardan da təsirsiz ötüşmür”. Bunu Modern.az-a açıqlamasında Ümumdünya Rusiya Konqresinin icraçı direktoru İlqar Hacıyev bildirib.
Onun sözlərinə görə, xarici vətəndaşların qanunsuz məskunlaşmasının qarşısını almaq üçün Rusiyda bununla bağlı qanuna dəyişikliklər edilib, bu dəyişikliyin isə sanksiyalarla əlaqəsi yoxdur: “Sanksiyaların tətbiqi ümumi bazara mənfi təsir edir. Miqrantlarla bağlı qanun, eləcə də Rusiyaya qarşı tətbiq edilən sanksiyalar azərbaycanlıların kütləvi şəkildə vətənə qayıtmasına təsir göstərir. Bu, danlmaz faktdir. Onların içərisində Rusiya bazarlarında ticarətlə məşğul olan insanlarımız üstünlük təşkil edir”.
İcraçı direktor bildirib ki, ölkədən kənarda olsalar da, Azərbaycanda gedən inkişaf onları çox sevindirir: “Rusiyada məskunlaşan həmvətənlərimiz həm burdakı vəziyyəti analiz edir, həm də Azərbaycanda olan inkişafı görərək ölkəyə geri qayıtmağa üstünlük verir. Azərbaycanda dolların manatla məzənnəsinin stabil olması sevindiricidir. Rusiyada isə əksinə tez-tez dəyişir. Bu yaxınlara qədər Rusiyada 1 dollar 30 rubl idisə, hazırda 40 rubla qalxıb. Bu isə bazara kəskin şəkildə təsir edir. Yəni, məhsulların alınması və onların qiymətinin dollara çevrilməsi prosesi itkilərlə müşahiə olunur. Vətəndaşlarımız bütün bunları götür-qoy edərək vətənə qayıtmağa qərar verir. Çünki Azərbaycandakı inkişaf dünyanın bir çox ölkələrində yoxdur”.
Gülşən RAUFQIZI