Modern.az

Pirallahı adasının neft xəzinəsi - Nobelin Bakıdakı hiyləsi

Pirallahı adasının neft xəzinəsi - Nobelin Bakıdakı hiyləsi

17 Oktyabr 2014, 22:26



1902-ci ildə neft maqnatı Nobel o zamanlar Svyatoy adlanan Pirallahı adasında özünün ilk quyusunu qazdırır və bəyan edir ki, artıq burada neft yoxdur. Pirallahıda “qara qızıl”ın fontan vuracağını gözləyən digər sənayeçilər adadakı torpaq sahələrini dəyər-dəyməzinə Nobelin işgüzar agentlərinə satırlar. Və  Nobel sonradan burada neft hasilatına başlayır.

Neft tarixini vərəqləyən “Socar plus”un yazdığına görə, XX əsrin ortalarında adanın geoloji strukturlarını tədqiq edən mütəxəssislər burada neftlə zəngin laylar açırlar. “Azneft” dəniz komitəsinin rəhbəri Fətulla Əsəd oğlu Rüstəmbəyov böyük həvəslə Pirallahı adasında genişmiqyaslı kəşfiyyat işinə başlayır. 30-cu illərin əvvəllərində o, “Azərbaycanın neft təsərrüfatı” jurnalında yazırdı:

“Sahil zolağının hüdudlarında – dənizin əlçatan dərinliklərində böyük neft sahələrimiz var. Yataqlarımızın çoxlaylı olmasını, yerin təkinin neftlə doyduğunu nəzərə alsaq, bu sahələrdə böyük sərvətin gizləndiyini deyə bilərik. Artyom (Pirallahı) adasının neft ehtiyatlarına malik dəniz sahələrinin hədlərinin dərhal müəyyən olunması vacibdir”. 

1934-cü ildə “Azneftrazvedka” tresti barkaslar vasitəsilə struktur qazma metodunu öyrənir, eyni zamanda boruşəkilli qazma-tökmə dirəklərinin dəniz dibinə endirilməsinin yeni üsulu kəşf edilir. Onların üzərində metal meydançalar qurulur. Neft quyularının qazılması da bu meydançalardan aparılmağa başlayır. 1935-ci il mayın 12-də adadan 520 metr məsafədə 775 metr dərinlikdə ilk quyunun qazılması başa çatdırılır.

Qeyd edək ki, quyuda qazma işləri 52 gün davam etmişdi. Bu, təkcə dəniz üçün deyil, quru ərazisi üçün də rekord müddət idi. Quyu fontanla 30 ton neft verdi. Dünyada ilk dəfə dənizdə 30 hektarlıq istismar olunan neftli sahə müəyyən edildi. Burada 30 quyunun qazılmasına qərar verildi. Bu məqsədlə “Artyomneft” tresti yaradıldı. Getdikcə quyular sahildən uzaqlaşırdı. 

Sonrakı illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sessiyalarında geoloqlar dənizdə kəşfiyyat-axtarış işlərinin davam etdirilməsinin vacibliyini vurğulayırdılar. 

“Artyom (Pirallahı adasının sovet dövründəki adı) adasında zəngin neft yatağının olması, Çilov adasında və Neft Daşlarında neftin aşkar edilməsi, sualtı palçıq vulkanlarının (“Makarov bankası”, “Buzovna pilpiləsi”) püskürməsi, sahilyanı ərazidə aparılan axtarış işlərinin nəticələri Abşeron yarımadasının sahillərinə yaxın sualtı ərazilərdə neft ehtiyatlarının olduğunu aşkar göstərir”, – alimlər belə bir cəsarətli nəticəyə gəlmişdilər. 

 Kəşfiyyat-qazma işlərinin başlanıldığı növbəti sahə Pirallahı adasının dənizə uzanan büküyü – “Kürgan-dəniz” sahəsi idi. 1947-ci ildə burada yeni “Kürgan-dəniz” yatağı, 1950-ci ildə “Darvin bankası”, 1965-ci ildə isə “Abşeron bankası” kəşf olundu. 

İndiyədək Pirallahı adasında və ona bitişik ərazilərdə yataqların istismarı dövründə ümumilikdə 50 milyon tondan çox neft çıxarılmışdır. Ən yüksək hasilat 1952-ci ilə təsadüf edir – 1,5 milyon ton. 



Qeyd etmək lazımdır ki, 70 il əvvəl Pirallahı adasına və Abşeron yarımadasına yaxın olan neftli sualtı sahələri qiymətləndirən alimlər iki düşərgəyə ayrılmışdılar. Bu sahələrin neftlə zəngin olduğunu düşünən Azərbaycan geoloqlarını toplanmış materialları diqqətlə öyrənən moskvalı akademik İvan Mixayloviç Qubkin dəstəkləyirdi. Lakin hələ 1934-cü ildə sözügedən neftli dəniz ərazilərinin hüdudlarının müəyyənləşdirilməsi işi başa çatmamışdı. Son 50 ildə “Neft Daşları”, “Bahar”, “Səngəçal” və nəhayət, “Günəşli” kimi nəhəng yataqlar kəşf olunmuş və işlənilmişdir. Artıq “Abşeronneft” NQÇİ-nin yataqlarının işlənilməsi vacib deyildi, necə deyərlər, sonraya saxlanılmışdı. 

SSRİ dağıldıqdan sonra NQÇİ-də hasilat görünməmiş dərəcədə azalmışdı. Həmin ağır zamanlarda, 1993-cü ildə mərhum president Heydər Əliyev yenidən hakimiyyətə qayıdır, müstəqil Azərbaycan dövlətinə rəhbərlik etməyə başlayır. Onun təşəbbüsü ilə işlənib hazırlanan yeni neft strategiyası Azərbaycanın dünya karbohidrogen bazarında mövqelərini möhkəmlədir, ölkədə neft və qaz hasilatı artır, yeni iş yerləri açılır. 

 Neftçilər öz qüvvələri hesabına Pirallahı adasında qazma işlərini bərpa edirlər. Adanın özündə – quruda 1993-cü ildən bu günə qədər 142 yeni quyu istismara verilib. O qədər də dərin olmayan 600–800 metrlik quyuların hamısı neft verir. Gündəlik hasilat 100 ton artır. Bu illərdə adaya yaxın dəniz ərazisində də qazma işlərinə başlanılması haqqında qərar qəbul olunur. İndiyədək 28 yeni quyu istismara verilib. Onların hamısı mənimsənilir, məhsuldardır, neft və qaz verimi yüksəkdir. Qazma və istismar işləri artan templə davam edir. 

Pirallahı adasında ilk neft yatağının kəşfindən 100 il sonra, ХХ–ХХI əsrlərin qovşağında dövlətin qayğısı sayəsində yenidən sensasiya baş verir! “Pirallahı” yatağının şimal-şərq qırışığındakı neftli ərazidə açılan 5 kəşfiyyat quyusu istismara qəbul edilir. ARDNŞ eyni zamanda yaxınlıqdakı əraziləri də tədqiq edir. Hazırda “Pirallahı” yatağının quru hissəsində qazma işləri davam etdirilir. Geoloqların proqnozlarına görə, hər bir yeni quyunun gözlənilən gündəlik debiti 4–5 tondur, “Pirallahı” yatağındakı qalıq neft ehtiyatları isə 2 milyon ton həcmində dəyərləndirilir. İndi yataqda maksimum dərinliyi 900 metr olan 317 quyu fəaliyyət göstərir. Bu quyular gündə 290 ton neft verir. 111 il ərzində təkcə bu yataqdan 27,5 milyon ton neft hasil olunub. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama