Gələn il Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri 3 milyard 56 milyon 285 min 700 manat, xərcləri isə 3 milyard 56 milyon 285 min 700 manat nəzərdə tutulub.
Modern.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üzrə büdcə layihəsində qeyd edilib.
Sənəddə bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcə xərclərində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 20 milyon 437 min 500, hamiləliyə və doğuşa görə 24 milyon 153 min 300, uşağın anadan olmasına görə 6 milyon 183 min, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqadar 8 milyon 500 min, dəfn üçün 13 milyon 434 min 800, işsizliyə görə 6 milyon manata yaxın vəsait nəzərdə tutulub.
DSMF-nin gələn ilki büdcəsindən sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınmasına 14 milyon 776 min 800, sığortaolunanaların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə 318 min 300 manat yönəldiləcək.
DSMF aparatının Əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev bildirib ki, hazırda sığortaolunanların vəfatı ilə əlaqədar dəfn xərcinin məbləği 120 manat təşkil edir. Əmək pensiyaçısı vəfat etdikdə isə onun ailəsinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir.
“Hazırda yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat təşkil etdiyindən, 300 manat məbləğində dəfn üçün müavinət verilir. Bəzən vətəndaşlar tərəfindən dəfn üçün müavinət vəfat edənin əmək pensiyasının tam məbləğinin üç misli başa düşülür”.
Onun sözlərinə görə, bəzi hallarda əmək pensiyaçısının vəfatı barədə məlumat onun ailə üzvləri tərəfindən DSMF-nin yerli orqanına vaxtında verilmir və əmək pensiyaçısının plastik kartı vasitəsilə aylıq pensiyalar alınmaqda davam edir: “Bu cür hallarda dəfn üçün müavinətin ödənilməsi üçün müraciət edildikdə artıq ödənilmiş pensiya məbləğinin tutularaq, DSMF-nin hesabına bərpası aparılır. Təəssüf ki, bu hal bəzən vətəndaşlar tərəfindən dəfn müavinətinin az məbləğdə verilməsi kimi başa düşülür. Halbuki burada dəfn müavinəti düzgün hesablanır və DSMF orqanı artıq ödənmiş məbləğin tutulmasına cavabdehdir. Buna görə də ümumi məbləğdən artıq alınmış həmin vəsait tutularaq köçürülür. Artıq alınmış pensiya məbləğinin qanunvericiliyə əsasən tutulması dəfn xərcinin azaldılması kimi şərh olunmamalıdır”.
Şöbə müdiri əlavə edib ki, bəzi hallarda vətəndaşlar dəfni kimin yerinə yetirməsi barədə sənəd təqdim olunmasına etiraz edirlər.
“Praktika göstərir ki, dəfn müavinətinə bəzən bir neçə varis iddia edir. Müavinət isə yalnız dəfn edənə verilməlidir. Bu isə həmin şəxsin dəfni həyata keçirməsi barədə arayış alınmasını tələb edir”, - deyə o vurğulayıb.
Modern.az