Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki “Qarant” yaşayış kompleksinin sakinləri qazsız qalıb. Bu barədə Modern.az-a məlumat verən qəsəbə sakini Sevindik Məmmədov deyib ki, ora min ailə köçürülüb:
“Binanın qaz sistemi var, amma qazdan istifadə etmək üçün “smart-kart” verilmir. Sakinlər dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Abşeron rayon Qaz İstismar Sahəsinə problemlə bağlı məlumat veriblər. Bizə bildiriblər ki, məsələ “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətindədir”.
Sevindik Məmmədovun dediyinə görə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə müraciət edəndən sonra təkcə ona “smart-kart” veriblər: “Digər sakinlər hələ də gözləyir. Artıq havalar soyuyur”.
Məsələyə münasibət bildirən “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayevin sözlərinə görə, həmin köçkün şəhərciyindən cəmi 242 nəfər kart verilməsi üçün müraciət edib: “Qeyd edim ki, kart verilməzdən öncə mütləq bizim işçilərimiz evə baxış keçirir, qaz xətləri yoxlanılır. Əgər evdəki qaz xəttində hansısa qüsur aşkarlanarsa, problem aradan qalxana qədər o abonentə kart təqdim edilmir.
Artıq 242 müraciət əsasında 124 nəfər abonentə kart verilib. Müraciət edənlərdən 118 nəfərə kart verilməyib. Bunlardan da 83 nəfərin evində heç kim olmayıb. 35 mənzildə isə problemlər olduğundan kart verilməyib. Sakinlərə qaz xətlərində olan problemin aradan qaldırlması tövsiyə olunub”.
Birlik rəsmisi Modern.az vasitəsilə Mehdiabad qəsəbəsində məskunlaşan məcburi köçkünlərə müraciət edib. Müraciətdə qeyd edilir ki, sakinlər kart almaq üçün sənədlərlə birgə Abşeron rayon Qaz İstismar Sahəsinə müraciət etməlidirlər.
Gülşən RAUFQIZI