Modern.az

“Azərbaycanda 10 bank Mərkəzi Bankın tələbini yerinə yetirməyib”

“Azərbaycanda 10 bank Mərkəzi Bankın tələbini yerinə yetirməyib”

29 Oktyabr 2014, 12:27

“Mərkəzi Bankın 2012-ci ildə banklarla bağlı verdiyi qərar indi də qüvvədədir. Qərara əsasən, Azərbaycanda fəaliyyət göstərən banklar 2015-ci il yanvarın 1-nə qədər məcmu kapitalın həcmini 50 milyon manata çatdırmalıdır. Əks təqdirdə,  həmin bankların aqibəti sual altında qala bilər”.

Bunu Modern.az saytına ekspert Samir Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən 44 bankın əksəriyyəti öz kapitalını 50 milyon manata çatdırıb: “Amma 10 bank həmin kapitalı tələb olunan məbləğə çatdıra bilməyib. Qarşıda 2 ay var, yəqin ki, həmin banklar o tələbi yerinə yetirməyə çalışacaqlar. Hazırda bağlanma ehtimalı böyük olan 4-5 bank var, amma sayın artma ehtimalı da böyükdür”.

Samir Əliyev bankların bağlanma mexanizmini belə izah edib: “Birinci halda bank ya bazarı tam tərk edir, ikinci halda başqa bir banka birləşərək fəaliyyətini davam etdirir, üçüncü halda isə bank olmayan kredit təşkilatlarına çevrilir. Birləşmə o halda mümkündür ki, birləşməsi nəzərdə tutulan 2 bankın birlikdə məcmu kapitalı 50 milyon manat olsun”.

Ekspertin fikrincə, 2015-ci il yanvarın 1-nə qədər məcmu kapital həcmini 50 milyon manata çatdıra bilməyən bank başqa bir banka birləşərsə, o halda əmanətlərin verilməsilə bağlı hər hansı problem yaranmayacaq: “Problem iki halda yaranacaq. Əgər bank bazarı tam tərk edərsə, yaxud bank olmayan kredit təşkilatına çevrilərsə, vətəndaşların əmanətlərinin geri qaytarılmasının aqibəti sual altında qala bilər. Məlum olduğu kimi, bank olmayan kredit təşkilatlarının əmanət cəlb etmək hüququ yoxdur, yalnız kredit verə bilər”.

Bu il  avqustun 19-da Mərkəzi Bankın qəbul etdiyi “Bankların yenidən təşkili qaydaları” təsdiq edilib. Qaydalar bankların bir-biri ilə birləşməsini, başqa banklara qoşulmasını (yəni, başqa bank tərəfindən udulmasını), eləcə də bank kimi fəaliyyətini dayandırıb bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsini nəzərdə tutur.

Qərara əsasən bank bank olmayan kredit təşkilatına çevrilmək istəyirsə, bu halda Mərkəzi Banka müraciət etməlidir. Bundan sonra əmanətlərin qaytarılması üzrə plan hazırlayıb təqdim etməlidir. Burada isə əmanətlərin qaytarılması üçün vəsaitlərin haradan alınması öz əksini tapmalıdır. Mərkəzi Bank müraciət edən tərəfin doğrudan da əmanətləri qaytarmasına əmin olduqdan sonra onun bank olmayan kredit təşkilatına çevrilməsinə icazə verəcək. Əks təqdirdə, bank bazarı tərk edəcək.

İqtisadçının sözlərinə görə, əmanətləri sığortalanan müştərilərin əmanətlərini Sığorta Fondu qaytaracaq, 30 min manatı ötməmək şərtilə: “Bank qaytara biləcəksə, qaytaracaq, əgər maliyyə vəziyyəti buna imkan verməyəcəksə, həmin əmanətin taleyi qeyri-müəyyən qalacaq”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...