Bu gün Milli Məclisin 5 komitəsində - Aqrar siyasət, Sosial siyasət, İqtisadi siyasət, Ekologiya və təbii ehtiyatlar, Müdafiə məsələləri və təhlükəsizlik komitələrində 2015-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub.
Modern.az saytı xəbər verir ki, maliyyə naziri Samir Şərifov layihə haqqında məlumat verib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında neftin qiymətinə təsir edən amillər diqqət mərkəzində olacaq:
“Büdcə layihəsində prezident İlham Əliyevin 2015-ci ildə sosial-iqtisadi inkişaf kursu əsas götürülüb. Qeyr-neft sektoruna 6 milyard 7 milyon dollar ayrılması nəzərdə tutulur. Vergilər Nazirlindən 7 milyard 112 milyon manatın büdcəyə daxil olması nəzərdə tutulur. Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard 590 milyon manat, büdcə təşkilatlarından isə 3 milyon manat vəsait nəzərdə tutulur”.
Nazir qeyd edib ki, Dövlət Neft Fondundan isə ənənəvi qaydada olduğu kimi, bu il də vəsait ayrılacaq: “Bu vəsait 10 milyard 388 milyon manat olacaq. Büdcə xərcləri isə 21 milyard 1 milyon manatdır”.
O bildirib ki, əsaslı xərclər 9 milyard 463 milyon manat təşkil edəcək: “10 milyard 39 milyon manat konkret proqramlar üçün nəzərdə tutulub. Sosial xərclər 5 milyard manat olacaq. Sosial ipoteka üçün 50 milyon manat nəzərdə tutulub”.
Samir Şərifovun sözlərinə görə, 1 milyard 473 milyon xarici kreditlər üçün nəzərdə tutulub:
“Xarici dövlət borcu daxili məhsulun 8, 5 faizi həcmindədir. Prezidentin göstərişinə görə, bu borc 10 faizdən çox olmalı deyil. Bələdiyyələrə maliyyə ayrılacaq. Amma nə qədər olacağı tam dəqiq deyil. Azərbaycanın xaricdəki diplomatik korpusları üçün 58 milyon manat, beynəlxalq maliyyə, ictimai-siyasi təşkilatlar üçün 20 milyon manat ayrılması nəzərdə tutulub. Beynəlxalq respublika səviyyəli tədbirlər üçün 60 milyon manat nəzərdə tutulub”.
Müzakirə zamanı çıxış edən iqtisadi inkişaf və sənaye nazirinin müavini Sevinc Həsənova isə 2015-ci il üçün ümumi inflyasiya haqqında məlumat verib. Onun sözlərinə görə, gələn il üçün 2,3 faiz inflyasiya nəzərdə tutulur.
Aqşin Kərimov