Modern.az

Deputatdan Energetika Nazirliyinə İTTİHAM: “O pullar hara gedib?”

Deputatdan Energetika Nazirliyinə İTTİHAM: “O pullar hara gedib?”

19 Noyabr 2014, 00:57


“Bəzi ölkələr neftin qiymətini və milli valyutasını düzgün proqnozlaşdırmadığına görə onların 2015-ci ilin dövlət büdcəsi fiasko ilə nəticələnəcək. Amma Azərbaycan büdcəsi bu göstərcilər ətrafında kifayət qədər optimal parametrlər üzərində qurulduğundan müsbət qiymətləndirilməlidir”.

Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin noyabrın 18-də keçirilmiş iclasında 2015-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələr zamanı deputat Əli Məsimli deyib.

Milli Məclis üzvü bildirib ki, 2015-ci ilin büdcəsinin riskləri Azərbaycanın ümumi makroiqtisadi risklərindən daha azdır. Əli Məsimlinin sözlərinə görə dünya bazarlarında neftin qiyməti ilə bağlı istənilən ssenaridə Azərbaycan hökuməti 2015-ci ilin dövlət büdcəsində üzərinə götürdüyü sosial öhdəlikləri yerinə yetirə biləcək.

Deputat söyləyib ki, gələn ilin dövlət büdcəsində büdcə kəsiri yüksək rəqəmlə göstərilsə də, qırmızı xətti keçməyib və və bu inflyasuya mənbəyi ola bilməyəcək.

Əli Məsimli bir sıra təklif də irəli sürüb: “Geosiyasi arenada və dünya iqtisadiyyatında kataklizmlərin bir-birinə qarışdığı hazırkı şəraitdə, büdcənin optimist və pessimist ssenarilər üzrə təqdimatına üstünlük verilməsi daha məqsəduyğundur. Bu zaman həm deputatlara, həm də əhaliyə Azərbaycan büdcəsinin yaxın olması daha əyani şəkildə görünəcək. Təklif edirəm ki, 2015-ci ildə Dövlət Neft Fondundan əlavə 1 milyard manat vəsait götürülübsə, 2016-cı ildən başlayaraq Neft Fondundan yenidən vəsaitin azaldılması siyasəti davam etdirilsin. Eyni zamanda neft qiymətlərinin kəskin surətdə enməsi Azərbaycan hökumətinə büdcə siyasətində əsaslı dəyişikliklərin edilməsi ilə bağlı bir siqnaldır. Buna görə də neftdən kənar sahələrdə iqtisadiyyatın şaxələndirilməsi hesabına büdcə gəlirlərinin artırılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var. Azərbaycan büdəsinin gəlirlərinə təsir edən mənbələr 20-dən çoxdur. Amma onlardan üçü- Neft Fondu, əlavə dəyər vergisi və mənfəət vergisi bütün gəlirlərin 80 faizdən çoxudur. Bununla yanaşı, büdcə xərclərinin səmərəliliyinin və şəffaflığın artırılması istiqamətində əlavə tədbirlər görülməlidir. Digər bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycanda qazlaşma zəif gedir, onu sürətləndirmək lazımdır. Digər tərəfdən bank faizləri aşağı salınmalı, kənd yollarının çəkilməsi prosesi sürətləndirilməli və regionların su təchizatı yaxşılaşdırılmalıdır. 2009-2013-cü illərin proqramı üzrə büdcədən 620 milyon manat pul ayrılıb ki, regionalarda qazlaşma prosesi getsin. Amma Şəkidə bu proqram üzrə 56 kənddən yalnız 17-si, yəni 30 faizi qazlaşdırılıb. Buna ekoloji və sosial yanaşmaq lazımdır. Buna Energetika Nazirliyi, “Azəriqaz” və digər qurumlar məsuliyyət daşıyır. Ona görə də bu qurumlara müraciət edirəm ki, dövlət qazlaşmaya pul ayırırsa, bu reallaşmalıdır. Niyə indiyə qədər həmin kəndlərə qaz çəkilməyib? Bu istiqamətə ayrılan vəsaitlər hara xərclənib? Buna görə də əlavə arayışların verilməsini daha məqsədəuyğun hesab edirəm. Hesablama Palatası yaxşı olar ki, bizim qaldırdığımız məsələyə diqqəti artırsın və bu istiqamətdə araşdırma aparsın”,-deyə Əli Məsimli bildirib.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...