
Qaz təsərrüfatında təhlükəsizlik tələblərinin pozulması səbəbindən partlayış, yanğın və dəm qazından zəhərlənmə kimi hadisələrin təhlili göstərir ki, bu cür arzuolunmaz halların əksəriyyəti obyektlərdə və yaşayış sahələrində müxtəlif növ məişət qaz cihazlarının quraşdırılması və istismarı zamanı vətəndaşlar tərəfindən texniki və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməməsi səbəbindən baş verir. Bunları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti əhalinin təhlükəsizliyinin təmin edilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədilə silsilə tədbirlərini davam etdirir.
Xidmətin Yanğına qarşı təbliğat şöbəsinin və Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə Qazax rayonunda Qaz İstismar Sahəsi, Mənzil İstismar Müəssisəsi və Elektrik Şəbəkəsinin işçiləri ilə birgə yaşayış massivlərində yanğına qarşı təbliğat xarakterli tədbirlər keçirilib.
Sakinlərlə görüşlərdə bildirilib ki, bəzən qaz cihazları düzgün quraşdırılmadığından, onların istifadəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmadığından, cihazların istismarı zamanı müəyyən qayda pozuntularına yol verildiyindən, bəzi sakinlər qaz borularının yerinə rezin borulardan istifadə etdiyindən və sobalarının daha yaxşı yanması üçün sobada quraşdırılan avtomatik təhlükəsizlik qurğularını çıxartdıqlarından nəticədə bədbəxt hadisələr baş verir. Qaz istehlakçıları ilə görüşlərdə qeyd olunub ki, satış müəssisələrindən əldə edilən məişət cihazlarının müvafiq sənədləri (texniki pasportu, uyğunluq sertifikatı və s.) olmalı, alıcı isə ondan istifadə qaydalarını bilməli, qaz cihazlarını quraşdırdıqda mütləq qaydada bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərə müraciət edilməli, tüstü bacalari mütəmadi olaraq təmizlənməlidir.
Sakinlər arasında yanğına qarşı təbliğat xarakterli söhbətlərdə baş vermiş yanğın hadisələrinin böyük əksəriyyətinin elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması üzündən baş verdiyi xüsusi olaraq vurğulanıb, artıq yüklənmə, qısaqapanma, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər və s. yanğın təhlükəsizliyinə zidd hallar kimi yanğınların baş verməsinə şərait yaratdığı diqqətə çatdırılıb və bildirilib ki, elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsindən uzaq olmaq üçün bütün qaydalara əməl olunması vacibdir.
Qazax rayonunda keçirilən tədbirdə qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini istehlakçıların nəzərinə çatdırmaq məqsədi ilə FHN Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış buklet və 9 adda plakatlardan istifadə olunub.
Hikmət Xudiyev
FHN Dövlət Yanğın Nəzarəti Xidməti Yanğına qarşı təbliğat şöbəsinin rəisi,
daxili xidmət polkovniki