Deputatlar Vahid Əhmədovla Əli Məsimlinin birlikdə hazırlayıb Milli Məclisə təqdim etdikləri “Reklam haqqında” yeni qanun layihəsinin parlamentin növbəti plenar iclaslarından birində müzakirəyə çıxarılacağı gözlənilir.
Əli Məsimli Modern.az saytına layihə barədə daha geniş məlumat verib.
- “Reklam haqqında” yeni qanun layihəsinin hazırlanması ideyası hansı zərurətdən ortaya çıxdı?
- Reklam- mənşəcə latın sözü olub, “bərkdən qışqırmaq”, “məlumatlandırmaq” mənasını verir. Qədim dövrlərdən başlayaraq istifadə olunan reklam hazırda marketinqin mühüm elementi, istehsalçı ilə istehlakçı arasında əlaqənin xüsusi vasitəsinə çevrilib. Reklamın məqsədi satışı stimullaşdırmaq, əmtəə təklifini xüsusi cəzbedici formada istehlakçıya çatdırmaq, unikal brend imici yaratmaqdır. Effektiv texnologiya əsasında sərgilənən reklam həm də bazarda rəqabətin mühüm amilidir. Ona görə də reklam işinin səmərəliliyinin artırılması, onun hüquqi bazası marketinqin sürətlə dəyişən məqamlarının nəzərə alınması istiqamətində təkmilləşdirilməsini tələb edir.
Bildiyiniz kimi, Azərbaycanda “Reklam haqqında” qanun bazar iqtisadiyyatına keçidin ilk mərhələsində - 1997-ci ildə qəbul olunub. Qəbul edilən qanun bəlkə də həmin dövrün tələblərinə uyğun idi. Amma o vaxtdan artıq 17 il keçib və bu dövr ərzində Azərbaycan iqtisadiyyatı bazar münasibətlərinin yeni mərhələsinə keçib. Bu, reklam bazarında da öz əksini tapmalıdır. Reklam bazarının dövriyyəsi ölkənin ümumi daxili məhsulunun cəmi 0,02-0,03 faizini təşkil edir ki, bu daha çox simvolik xarakterli bir rəqəmdir. Reklam bazarı büdcəmizin formalaşmasında da zəif iştirak edir. Bütün bu problemlərin həlli, eləcə də reklam bazarındakı hərc-mərcliyi aradan qaldırmaqdan ötrü, digər şərtlərlə yanaşı həmm də müasir dövrün tələblərinə cavab verən hüquqi bazanın olması çox vacibdir.
- Vahid Əhmədovla birlikdə hazırladığınız “Reklam haqqında” qanun layihəsi əvvəlki qanundan daha çox nə ilə fərqlənir?
- Deputat həmkarım Vahid Əhmədovla birlikdə hazırladığımız “Reklam haqqında” qanun layihəsi 1997-ci ildə qəbul olunan qanundan fərqli olaraq “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya qanunun tələblərinə müvafiq şəkildə işlənilib.
Bu, əvvəlki qanundan həm həcm, həm əhatə dairəsinə görə, həm də məzmun baxımından daha genişdir. 1997-ci ildə qəbul olunan qanun 30, yeni layihə isə 38 maddədən ibarətdir. Bu qanun Azərbaycanda reklam istehsalının, onun mallar, işlər və xidmətlər bazarında yerləşdirilməsi və yayımının dövlət tənzimlənməsinin hüquqi əsaslarını, reklam fəaliyyəti subyektlərinin özünütənzimləmə sahəsində vəzifələrini və səlahiyyətlərini müəyyən edir. Layihədə reklam bazarının dövlət tənzimlənməsinin hüquqi əsasları ön plana çəkilib. Bu əsasda reklam bazarının milli-mənəvi dəyərlərimizə münasibətdə, eləcə də sui-istifadələrə görə məsuliyyət dairəsi genişlənib. Layihədə müasir informasiya kommunikasiya texnologiyalarının reklam bazarına tətbiqindən yaranan yeni məqamlar öz əksini tapıb. Yeni satış üsullarının meydana çıxması internet-reklam məsələlərinin də qanunda nəzərə alınmasını zəruri edib. Bununla əlaqədar olaraq reklamın əhatə dairəsi genişlənib.
Hazırda reklam işinin “axsamasının” ən ciddi səbəblərindən biri də inhisarçılıq meylləridir. Ona görə də reklam bazarında əmtəə istehlakçılarının seçim sərbəstliyini məhdudlaşdırmamalı, onları bilərəkdən aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrinin bazar nüfuzuna təsir göstərməməlidir.
Müstəqillik qazandıqdan sonra Azərbaycan dili rəsmi dövlət dili kimi öz layiqli yerini tutub. Azərbaycan dili dövlət işlərində, həyatımızın bütün sahələrində, rəsmi görüşlərdə, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə Konstitusiyamızın tələblərinə müvafiq surətdə istifadə olunur. Amma reklam sahəsində dövlət dilimizə münasibət heç bir tənqidə sığmır. Reklam bazarında dövlət dilimizə olan sayğısızlığı duymaqdan ötrü Bakının küçələrini 15-20 dəqiqə gəzmək kifayətdir. Azərbaycan dilinə münasibətdə bu qaydalara əməl etməyənləri qınayan ünlü şairimiz Bəxtiyar Vahabzadə çox gözəl deyib:
Bir vaxt rusca idi bütün reklamlar
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var
Təkcə öz dilimiz yaramır bizə.
Bu şeirə bir əlavə edim ki, hazırda həm dövlət səviyyəsində, həm də milli dəyərlərimizin daşıyıcısı olan vətəndaşlarımızın sayəsində dilimizə hörmət və tətbiq dairəsi getdikcə artır. Ona görə də Bəxtiyar Vahabzadənin bu şeirindəki narazılıq hamıya yox, öz şəxsi mənafeləri, kommersiya maraqları üçün Azərbaycan dilinə sayğısızlıq göstərən vətənsiz yaramazlara aiddir.
Bunu nəzərə alaraq dövlət dilinə münasibət məsələsi qanun layihəsində daha əsaslı qoyulub. Qanun layihəsinin 4-cü maddəsinin 7-ci bəndində deyilir ki, reklamda Azərbaycanın dövlət dilindən istifadə olunmalı, milli-mənəvi dəyərləri, insanların şərəf və ləyaqətini aşağılayan, etik normalara, dil və üslub baxımından düzgün olmayan sözlər, ifadələr işlədilməməli, qrammatika və orfoqrafiya qaydalarına riayət edilməlidir. Reklam sifarişçisinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində dövlət dili ilə yanaşı xarici dillərdən istifadə oluna bilər. Belə halda xarici dildə olan mətn dövlət dilindəki mətndən sonra yerləşdirilməli və tutduğu sahə reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır.
- “Reklam haqqında” yeni qanun layihəsinin qəbulu reklam bazarına nə verəcək?
- Reklam bazarındakı hazırkı xaotik vəziyyəti nəzərə alaraq yeni layihədə reklam bazarının dövlət tənzimlənməsinin hüquqi əsasları ön plana çəkilib. Bununla əlaqədar olaraq bu qanunun qəbulu, hər şeydən əvvəl, ölkədə reklam istehsalının, onun mallar, işlər və xidmətlər bazarında yerləşdirilməsi və yayımının dövlət tənzimlənməsinin hüquqi əsaslarını möhkəmlədəcək. İşlək reallaşdırma mexanizmi hazırlanıb qanunun tələblərinə müvafiq surətdə həyata keçirilsə, reklam bazarındakı hərc-mərcliyin aradam qaldırılmasına təsir göstərə bilər. Bu qanunun səmərəli fəaliyyət göstərməsindən ötrü, eləcə də reklam bazarındakı inhisarçılıq meyllərinin aradan qaldırılması istiqamətində təsirli tədbirlər görülməlidir. Bu qanun müəyyən dərəcədə reklam texnologiyalarına professional şəkildə istifadə dairəsinin genişlənməsinə və rəqabətin stimullaşdırılmasına təsir göstərə bilər. Belə şəraitdə reklam texnologiyalarından professional şəkildə istifadə edənlər rəqabəti udub daha çox qazana bilər, bu isə reklam işinin büdcəyə töhfəsini artıra bilər.
- Layihənin bu il Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılması şansı varmı?
- Məncə, var. “Reklam haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət komitəsində dövlət-hakimiyyət orqanlarının, bu sahənin mütəxəssislərinin və media nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunub. Bu müzakirə həm də qanun layihələrinin müzakirələrində nümunə oluna biləcək qədər sərbəst, professionallığın n üstünlüyü və konstruktiv şəraitdə keçib. Həmin müzakirə zamanı səsləndirilən irad və təkliflərin qanun layihəsində nəzərə alınması istiqamətində Milli Məclisin İqtisadi qanunvericilik şöbəsində işlər başa çatıb və layihə plenar iclasda müzakirəyə hazırdır.
Namidə BİNGÖL