Modern.az

“Rusiyanın “Cənub axını”ndan imtinası Azərbaycana divident gətirməyəcək”

“Rusiyanın “Cənub axını”ndan imtinası Azərbaycana divident gətirməyəcək”

2 Dekabr 2014, 14:42


“Rusiyanın “Cənub axını” qaz kəməri layihəsindən imtina etməsi Azərbaycana əlavə iqtisadi divident gətirməyəcək. Çünki Rusiya “Cənub axını”nı  başlayanda nə Azərbaycanın rəhbərliyində, nə Dövlət Neft Şirkətində, nə də “Şahdəniz”də belə fikir yox idi ki, bu layihə Azərbaycanın qaz layihələrinin əleyhinədir”. Bunu Modern.az saytına Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban deyib.

O , Rusiyanın “Cənub axını”ndan imtinasının Azərbaycana xeyir gətirəcəyi barədə deyilənləri şərh edərkən bildirib ki, əgər əvvəldən nəzərə alınsaydı, bu, Bakı üçün divident olardı. İlham Şaban xatırladıb ki, həmişə bu layihələrin bir-birinə paralel olduğu vurğulanıb.

Ekspert hesab edir ki, sözügedən layihələr paraleldirsə,  onda bunların bir-birinə təsiri olmayacaq: “Ona görə də real məntiqlə, hər hansı bir hisslərə uymadan demək olar ki, Azərbaycan öz layihəsini, yəni “Şahdəniz”də çıxan qazını vaxtında reallaşdırmaq uğrunda addımlar atacaq. Azərbaycan 10 milyard kubmetr qazını 25 il müddətində Avropa bazarlarında satmaq üçün addımlar atacaq. Bu, Azərbaycanın qarşısında duran prioritet vəzifədir. Digər vəzifə isə sonradan çıxarılan qazın həcmini iki dəfə artırmaqdır”.  

İlham Şaban onu da qeyd edib ki, Rusiyanın “Cənub axını”ndan imtinasının Azərbaycana xeyir gətirəcəyi haqqında yürüdülən mülahizələrin heç bir əsası yoxdur.  

Dekabrın 1-də Türkiyədə səfərdə olan Rusiya prezidenti Vladimir Putin bəyan edbi ki, Moskva “Cənub axını” layihəsini reallaşdıra bilməyəcək.  Bu layihədə Rusiya qazının Bolqarıstan vasitəsi ilə  Mərkəzi və Cənubi Avropaya illik tədarükü həcminin 63 milyard kub metrə qədər artırılması nəzərdə tutulurdu.

Bəzi ekspertlər isə belə iddia edir ki, Rusiya bundan sonra Azərbaycanın da iştirak etdiyi  TANAP və TAP  qaz layihələrindən istifadə etməklə Avropaya qaz nəqlinin istiqamətini dəyişəcək.  

Aqşin Kərimov 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...