Metronun iki stansiyasında döşəmə də dəyişdiriləcək
Avropa Oyunlarına hazırlıqla bağlı Bakıda növbəti abadlaşdırma işlərinə start verilib. Bu proses metro stansiyalarında da müşahidə edilir. Artıq bir neçə gündür “Gənclik” və “Nərimanov” stansiyalarında artıq söküntü işlərinə start verilib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsmi Paşayev
Modern.az-a açıqlamasında bunun planlaşdırılan təmir olduğunu bildirib: “Sərnişinlər özləri də görürdülər ki, keçidlərdə, üst vestibüllərdə divar üzlükləri, döşəmədəki daşlar yararsız haldadı. Təbii ki, vəziyyətin bu həddə çatmasında ticarət köşklərinin də rolu vardı. Buna görə qərara alındı ki, “Nərimanov” və “Gənclik” stansiyalarında təmir işlərinə başlanılsın. Artıq hər iki stansiyada divar üzlüklərinin söküntüsü başa çatıb və hörgü işlərinə başlanılıb. Eyni zamanda bütün kommunikasiya xətləri dəyişdirilir. Elektrik və rabitə naqilləri xüsusi yuvalara yerləşdirilir”. Metropoliten rəsmisi döşəmələrin də dəyişdiriləcəyini vurğulayıb:
“Bir az narahatlıq yaratsa da çıxışlar açıqdır. Hər iki stansiyada təmir işləri təxminən bir neçə aya yekunlaşacaq. Daha sonra mərhələli şəkildə ehtiyac olan stansiyalarda təmir işləri həyata keçirləcək”.
“Gənclik” stansiyasının çxışında, ticarət mərkəzi salınan tərəfdə müəyyən hissəsinin bağlanmasına gəlincə, Nəsimi Paşayev orada keçid tikildiyini deyib: “Bir tərəfdəki keçid ticarət mərkəzinə çıxışı təmin edəcək. Digər tərəfədki keçid isə “Bazarstor”un qarşısında yerüstü keçidi yeraltı ilə əvəz edir. O tikintinin metropolitenə dəxli yoxdur”.




Gülşən RAUFQIZI