“İlan” nə qədər bizi sancsa da, zəhərini töksə də xeyri yoxdur. 25 gün sonra yerini “Keçi”yə vermək məcburiyyətində qalacaq. Düşərli olub-olmamasına baxmayaraq il yekunlaşmaq üzrədir.
Artıq paytaxtda bayram ab-havası hiss olunmağa başlayıb. Xüsusilə əhalinin gur olduğu küçə və meydanlarda, eləcə də metro stansiyalarını çıxışlarındakı dükanlarda çox sayda Yeni il aksessuarları, yolkalar, bayramın qəhrəmanları sayılan Şaxta baba və Qar qıza rast gəlmək mümkündür. Nəzərə çarpan isə həm dükanlarda olan məhsulların çoxluğu, həm də hər ilkindən bir qədər də tez bu məhsulların satışa çıxarılmasıdır. Çox güman ki, uzaqgörən sahibkarlar bu ildən etibarən metro keçidlərində pərakəndə ticarətin qadağan olunmasını nəzərə alaraq belə bir addımı atıblar. Bunun birbaşa qiymətlərə də təsirsiz ötüşməyəcəyi də sirr deyil. Əvvəl metro keçidlərində keyfiyyətsiz olmasına baxmayaraq, ucuz məhsullara rast gəlmək olardı, imkansız təbəqə öz istəklərini bu yolla gerçəkləşdirə bilirdi.
Bayrama hələ xeyli qalsa da Yeni il atributları sayılan yolka, bəzəkli oyuncaqlar, eləcə də uşaqların sevimlisi olan Şaxta baba və Qar qızın oyuncaq variantının qiymətləri ilə maraqlandıq . Paytaxtdakı iri dükanlardan birində qiymətlər adamı düşünməyə vadar edir. Dükan sahibi satılan malların xaricdən gətirildiyini vurğulayaraq, hər cibə uyğun məhsulların satıldığını bildirdi. Bu dükanda yolka ağaclarının qiyməti 20 manatdan 800 manata qədərdir. Satıcı deyir ki, az da olsa müştəri var. 800 manatlıq yolkaya gəldikdə, mərkəzdə satılan ağacların qiyməti ilə müqayisədə çox da baha deyil. Təbii ki, bahalı ağacların müştərilər daha çox iri şirkətlər, villalarda yaşayanlardır. Nəzərə alsaq ki, Bakıda satılan 800, 1000, hətta 3000 manatlıq yolka kasıbın 2-3 otaqlı mənzilinin qapısından belə, keçməz…
Qiymətlər fərqli olsa da, yolka ağaclarının hündürlüyündə o qədər fərq hiss olunmurdu. Satıcı qiymətlərin fərqli olmasının səbəbini onun budaqlarının quruluşundakı fərqlə, eləcə də sıx olması ilə əlaqələndirib. Şaxta babaların qiyməti isə 70 - 250 manat arasında dəyişir. Yolkanın bəzəyi olan oyuncaqların ən ucuzu 1 manat, ən bahası 25 manatadır. Ağacı işıqlandırmaq üçün istifadə edilən işıqlı naqillər də digər aksessuarlar kimi fərqli qiymətədir: 6 -30 manat. Uşaqların sevimlisi olan işıqları yanan papaqlar isə 3-6 manat arası dəyişən qiymətlərlə alıcılara təklif olunur. Biz qiymətlərlə sizləri tanış etdik. Yəqin bilirsiniz, yolka almaq, evinizi bəzəmək fikrinə düşsəniz, mütləq əliniz cibinizdə olmalıdır... Cibinizdə pul olmasa belə... Ən azı əliniz isti qalacaq, hava soyuqdur...
Gülşən RAUFQIZI