Modern.az

“8-ci km bazarı” satılır, onun yeni sahibi qarşısına şərtlər qoyulub

“8-ci km bazarı” satılır, onun yeni sahibi qarşısına şərtlər qoyulub

9 Dekabr 2014, 15:50


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr Ticarət Mərkəzi” SC-nin səhmlərinin 99,89%-nin satılması üzrə investisiya müsabiqəsi elan edib. Fins.az-ın ƏMDK-ya istinadən yaydığı məlumata görə, nizamnamə kapitalı 1 milyon 31 min manat  olan “8-ci kilometr Ticarət Mərkəzi”nin hər birinin qiyməti 2 manat olan 515 541 səhmi var. İnvestisiya müsabiqəsinə ümumi dəyəri 1 milyon 30 min manat olan 514 981 səhm çıxarılıb. Şərtlərə görə, müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.

 

Müsabiqənin şərtlərinə görə, “8-ci km bazarı”nı alan investor onun fəaliyyətini müasir standartlara uyğun qurmalı, bazarın   ərazisindəki tikili və qurğuları təmiri və yaxud bərpa etməlidir. ASC-nin yeni sahibi bazarın ərazini abadlaşdırmalı, işçilərin sosial təminatı və yeni iş yerlərinin açılması üçün işlər görməlidir. Bundan başqa, müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 312 min manat köçürməlidir.
Qaliblə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu tarixdən etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaitləri 60 gün ərzində dövlət büdcəsinə, bəyan edilmiş sərmayələrin həcminin 5%-ni isə SC-nin hesabına köçürməlidir.

 

Müsabiqə təklifləri 2015-ci il yanvarın 14-nə qədər qəbul ediləcək. Təkliflər yanvarın 16-da qiymətləndiriləcək. “8-ci kilometr Ticarət Mərkəzi” SC 1980-ci ildə istifadəyə verilib. SC-də 40 nəfər işləyir. ASC-nin 44 432 manat kreditor borcu, 4 277 manat debitor borcu var.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...