Modern.az

Rövnəq Abdullayev «Qazprombank”la 420 milyon dollarlıq kredit sənədi imzaladı

Rövnəq Abdullayev «Qazprombank”la 420 milyon dollarlıq kredit sənədi imzaladı

13 Dekabr 2014, 15:50



Dekabrın 13-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Rusiyanın “Qazprombank” ASC İdarə Heyətinin sədri Andrey Akimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Modern.az xəbər verir ki, Rövnəq Abdullayev SOCAR-ın son dövrdə əldə etdiyi nailiyyətlərdən danışıb, qarşıdakı illərdə həyata keçiriləcək regional və qlobal əhəmiyyətli layihələr haqqında məlumat verib.
A.Akimov Azərbaycanda bir neçə il əvvəl olduğunu diqqətə çatdırıb, ölkəmizdə baş vermiş sosial-iqtisadi dəyişiklikdən böyük təəssüratlar aldığını söyləyib, ölkəmizin enerji sektorunda böyük irəliləyişlər əldə olunmasından məmnunluğunu bildirib. O, SOCAR-ın qısa müddətdə böyük nüfuz qazandığını və buna görə də rəhbərlik etdiyi bankın şirkətlə əməkdaşlıqda maraqlı olduğunu xüsusi vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Rusiyanın “Qazprombank” Açıq Səhmdar Cəmiyyəti arasında Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən SOCAR POLYMER layihəsi üçün kreditin verilməsi üzrə Əsas Şərtlər Toplusu imzalanıb. Sənəddə deyilir ki, ildə 200 min ton polipropilen və 120 min ton polietilen istehsalı məqsədi ilə həyata keçirilən bu layihəyə “Qazprombank” ASC tərəfindən 420 mln. dollar kredit ayrılması haqqında qərar qəbul olunub.

İmzalanmadan sonra çıxış edən “Qazprombank” ASC İH-nin sədri Andrey Akimov bildirib ki, SOCAR-ın mühüm əhəmiyyət kəsb edən irimiqyaslı layihələri beynəlxalq enerji və maliyyə sektorunda şirkətə böyük etimad qazandırıb. 10 il müddətinə və zəmanət tələb edilmədən verilən bu kredit Azərbaycana, onun neft-qaz sektorunun lokomotivi olan SOCAR-a bəslənilən inamın və etimadın bariz göstəricisidir. Tədbirdə həmçinin o da qeyd olunub ki, “Qazprombank” ASC tərəfindən SOCAR üçün 2 milyard dollar həcmində kredit limiti açılıb.





Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...