Modern.az

Cavanşir Feyziyev: “Monopoliyadan söhbət gedə bilməz”

Cavanşir Feyziyev: “Monopoliyadan söhbət gedə bilməz”

16 Dekabr 2014, 20:31

“Təklif olunan dəyişiklikdə dərman preparatlarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsini nəzərdə tutan maddə əlavə olundu. Bu olduqca mütərəqqi addımdır. Ona görə ki, vaxtaşırı kütləvi informasiya vasitələrində Azərbaycanda dərman preparatlarının qonşu ölkələrə nisbətən baha olması haqqında məlumatlar yayımlanır,  bu isə həqiqətdir”.  

Bunu Modern.az saytına açıqlamasında deputat Cavanşir Feyziyev “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə doğrudan da Azərbaycanda dərman preparatlarının başqa ölkələrə nisbətən baha satıldığını müşahidə etmək olar.

Deputat bildirib ki, bu işin mahiyyətindən xəbəri olmayan jurnalistlər və insanlar bunu inhisarçılığın təzahürü kimi qiymətləndirirlər.   “Hərçənd Azərbaycan əczaçılıq bazarında inhisarçılıqdan əsər əlamət də yoxdur. Çünki, Azərbaycanda 100-dən artıq şirkətin dərman preparatlarının idxalı üçün lisenziyası var və onlar dünyanın müxtəlif ölkələrindən dərman preparatları idxal edirlər. Daha 350 şirkətin dərman preparatlarının marketinqi ilə məşğul olması üçün lisensiyaları var və onlar idxal olunmuş dərman preparatlarının tanıtımı ilə məşğuldurlar. Bundan da əlavə, daha 2 min aptek müəssisəsi kiçik və orta sahibkarlıq səviyyəsində dərmanların satışı ilə məşğuldur. Beləliklə, Azərbaycan əczaçılıq bazarında 255-dən çox hüquqi şəxs bu bizneslə məşğuldur. Bir fəaliyyət sahəsində 2500 hüquqi şəxsin fəaliyyət göstərdiyi bir fəaliyyət sahəsi haqqında inhisarçılıq var demək qətiyyən düzgün deyil və yersiz görünür. Ortada bir sual qalır ki, dərmanlar niyə bahalaşır? Nə qədər paradoksal görünsə də, Azərbaycanda dərman preparatlarının qiymətlərinin qalxması məhz rəqabətin həddindən artıq geniş meydana malik olmasından irəli gəlir. Bunu eşidəndə biraz təəccüblənirlər. Ancaq işin mahiyyətini anladıqdan sonra burada heç nəyin təəccüblü olmadığı görünür.   350-dən çox şirkət ölkəyə idxal olunan dərmanların tanıtımı ilə məşğuldur. Bu şirkətlərin hər biri maraqlıdır ki, onların təmsil etdiyi dərman preparatlarının bazar payı daha çox olsun. Ona görə də marketinq fəaliyyəti ildən-ilə daha da güclənir və buna müvafiq olaraq, marketinq fəaliyyətinin güclənməsi üçün daha çox vəsait xərclənir. Bu xərclənən vəsaitlər sözsüz ki, malın maya dəyərinin üzərinə gəlir”.  

Milli Məclis üzvü söyləyib ki,  dərman preparatlaranın marketinqi gücləndikcə, onların qiymətləri də artır. Cavanşir Feyziyev hesab edir ki, bu,  rəqabət mühitinin olduğu şəraitdə baş verir.  

“Ona görə də bir çox hallarda əsasən rəqabət qiymətləri aşağı salsa da, dərman preparatları spesifik məhsul olduğundan, dərman preparatlarının bazarında aşırı rəqabət məhz bu fəsadı yaradır. Qiymətlər aşağı düşmək əvəzinə, yuxarı qalxır. Bu təkcə Azərbaycan üçün xarakterik olan bir hal deyil. Dünyanın bir çox yerində bu halla qarşılaşıblar. Dünyanın müxtəlif ölkələrində bu məsələ müxtəlif cür həll olunur. Bizdən təxminən əhalisi 10 dəfə çox olan Türkiyədə idxal lisenziyasının sayı 10-a qədərdir. Almaniyada cəmi 2 idxal lisenziyası fəaliyyət göstərir. Azərbaycanda isə belə şirkətlərin sayı 100-dən çoxdur. Azərbaycan hökuməti görünür ki, bu lisenziyaları məhdudlaşdırmaq yolunu deyil, daha səmərəli bir yol seçib ki, bu da bazarda dərman preparatlarının qiymətlərinin son həddini müəyyən etməkdir.

Hökumət digər ölkələrdə olan mövcud pərakəndə qiymətləri nəzərə alaraq, elə qiymət təyin etməlidir ki, bütün rəqabət aparan qiymətlər yalnız bu qiymət çərçivəsində rəqabətlərini qursunlar. Çünki, qiymətlər bu çərçivəni aşanda, birbaşa əhaliyə ziyan dəyir. Qanuna edilən bu dəyişiklik məhz bu məqsədi daşıyır. Ona görə bu qanun bəzi millət vəkillərinin müqavimət göstərməsinə baxmayaraq, əslində əhalinin sağlamlığının mənafeyinə uyğundur. Əhalinin mənafeyini müdafiə etmək üçün qəbul olunur. Bu qanunda artıq dəyişiklik qəbul olunub. Qanunun işləmə mexanizmi hazırlanıb tətbiq olunduqdan sonra ölkə əhalisinin 1 il ərzində dərman preparatlarına xərclədiyi vəsaitin həcmi təxminən 150-200 milyon azalacaq. Bu vəsaiti vətəndaşlar başqa ehtiyaclarına yönəldəcəklər”,-deyə Cavanşir Feyziyev vurğulayıb.  

Qeyd edək ki,  Milli Məclisin bugünkü iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Vahid Əhmədov tənqidi fikirlər səsləndirib. O qeyd edib ki, dərman bazarında monopoliya mövcuddur.  

 Ulduz İbrahimova


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...