Modern.az

“Rusiyadakı böhran azərbaycanlıları bura qaytarmayacaq”

“Rusiyadakı böhran azərbaycanlıları bura qaytarmayacaq”

17 Dekabr 2014, 12:32

Son aylarda rus rublunun ucuzlaşması müşahidə olunmaqdadır. Dünən isə ucuzlaşma rekord həddi göstərib və Rusiya fond birjalarında 1 avro 101 rubla, dollar isə 80 rubla çatıb. Rublun məzənnəsinin kəskin düşməsi, Azərbaycanla iqtisadi-siyasi əlaqələri olan bir dövlətdə baş verənlərin ölkəmizə, eləcə də manatın məzənnəsinə təsiri hansı səviyyədə ola bilər?

İqtisadçı-ekspert Oqtay Haqverdiyev Modern.az-a açıqlamasında deyib ki, Rusiyada yaşanan proses Azərbaycan manatının məzənnəsinin aşağı düşməsi üçün zəmin yarada bilməz. O, Azərbaycanın özünəməsus pul-kredit siyasəti oldğunu və bunun Mərkəzi Bank tərəfindən çox sərt şəkildə tənzimləndiyini diqqətə çatdırıb:

Manatın məzənnəsini saxlamaq üçün 1,5 milyard dollar xərclənir

“Mərkəzi Bank manatın məzənnəsini stabil saxlamaq üçün ildə təxminən 1- 1,5 milyard intervensiya edir. Artıq 5-6 ildir ki, manatın dollara nisbətdə məzənnəsi 78 qəpikdə qalır.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov öz çıxışında 2015-ci ildə manatın bu məzənnədə qalacağını açıqlayıb. Hesab edirəm ki, rus rublunun düşməsində bizim üçün narahatlıq doğuracaq məqam yoxdur”.

Rusiyada kifayət qədər azərbaycanlı yaşadığını nəzərə alsaq, onların aqibətinin necə olacağını düşünməmək olmur. O.Haqverdiyev əminliklə Rusiyadan Azərbaycana kütləvi qayıdışın olmayacağını bildirib: “Bəziləri əlbəttə qayıda bilər. Amma orada özünə lövbər salan insanlar vəziyyətə uyğunlaşacaqlar. Əvvəl necə işləyirdilərsə, elə də davam edəcəklər. Çünki, bilirlər ki, qayıtdıqları zaman onsuz da burda iş yeri tapmayacaqlar. Ən yaxşı halda Moskvadan ətraf yerlərə köçəcəklərini düşünürəm”.

Rusiyada 650 min Azərbaycan vətəndaşı var

“Bəzən yazılır ki, Rusiyada 2 milyon azərbaycanlı var. Bu dəqiq rəqəm deyil. Rusiyanın rəsmi məlumatlarında Azərbaycan vətəndaşlığı olan şəxslərin  sayı cəmi 650 mindir. Onlar ölkəyə gəlib-qayıdırlar və bu rəqəm dəyişməz qalır. 1,5 milyondan çox isə Rusiya vətəndaşı olan azərbaycanlılar var. Bunu qarışdırmaq olmaz. Çünki, onların içərisində məmuru var, əksəriyyəti iş adamlarıdır, ailəsilə birlikdə orda yaşayır və Azərbaycana pul göndərmir”.

Rusiydan Azərbaycana ildə 1 milyard 500 min dollar göndərilir

İqtisadçı rublun məzənnəsinin düşməsilə Rusiyadan Azərbaycana daxil olan gəlirlərin azalacağını da istisna etməyib: “Rusiya dövlətinin rəsmi məlumatına görə, Azərbaycan vətəndaşları ölkəmizə il ərzində təxminən 1 milyard 500 milyon dollar göndərir. Çox güman ki, bu rəqəm kəskin azalacaq. Yəni vəziyyət bunu diqtə edir. Amma bir məsələ də var. Onsuz da Rusiyadan göndərilən vəsait rublla deyil, dollara çevrilərək göndərilirdi. Orada ticarətlə məşğul olan insan dollarla rubl arasındakı fərqi onsuz da bilir və onu tənzimləyəcək. Yəni əvvəl 100 dollar göndərirdisə, yenə həmin məbləği göndərəcək. İnsanlar prosesə uyğun olaraq hər şeyi tənzimləyirlər ki, itirməsinlər”.

Rusiyada “qara bazar” yaranacaq

Bəzilərinin dollarla alver edərək, müəyyən vəsait qazanmasına gəlincə, ekspert deyir ki, Azərbaycanda “qara bazar” yoxdur. Yəni kim istəyirsə, valyutadəyişmə məntəqəsədində dollar ala bilər. Amma Rusiyadakı vəziyyət “qara bazar” yaranmasını tələb edəcək. Çünki, rubl kağıza dönüb, məntəqələr isə müşahidə olunan sürətin qarşısını ala bilməkdə acizdirlər.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...