İctimai nəqliyyatın fəaliyyətindən narazılıqlar bitib-tükənmək bilmir. Nəqliyyatdan istifadə zamanı baş verən bəzi xoşagəlməz hadisələrə görə sərnişinlər sürücüləri, sürücülər isə sərnişinləri günahlandırır.
“Ziya Bünyadov prospektində yolun açılışı bəzi narazılıqları aradan qaldırıb və nəqliyyatın tıxacsız hərəkətinə müsbət təsir göstərib”.
Bunu Modern.az-a sərnişin və sürücülərin narazılıqlarına münasibət bildirən Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə Dövlət Yol Polisi İdarəsi ilə birgə reydlər keçirilir, müzakirələr davam edir: “Sürücülərin aşağı sürət həddi ilə hərəkət etmələri, sərnişinlərin davranış qaydalarına əməl olunması mövzusunda DYP ilə birgə fəaliyyətimiz davam edir. Ötən həftə keçirilən iclasda qərara gəldik ki, mütəmadi olaraq yol hərəkəti qaydalarını pozan sürücülər işlərindən kənarlaşdırılsın”.
Əmrah Cəfərov deyib ki, tədris kursunda hazırlıq keçən 150 nəfər sürücü işindən kənarlaşdırılan şəxsləri əvəz edəcək.
O, mart ayında kart sisteminə keçidin ictimai nəqliyyatın fəaliyyətinə müsbət təsir edəcəyini də vurğulayıb.
Məltəm Talıbzadə