Son vaxtlar Bakı küçələrində “nə alsan1 manata!” deyib alıcı çağıran çinlilər, eləcə də pakistanlılar gözə dəymir. Onların ucuz qiymətə alıcılara təqdim etdiyi məhsullar eyni zamanda çox keyfiyyətsiz olurdu. Buna baxmayaraq, qeyri-adi formalı əşyaları ilə Azərbaycan alcısını cəlb edə bilirdilər. Küçələrlə yanaşı, onlar binalara daxil olaraq qapı-qapı gəzib, öz mallarını təklif edirdilər. Pakistanlılar gözə dəyməsə də, hazırda onları moldovalı “həmkarlar”ı əvəz edir. Ucuz və keyfiyyətsiz ətirlər təklif etməklə...
Ölkədə pərakəndə küçə ticarətinin qadağan olunduğu bir vaxtda Bakıda peyda olan moldovalılar (bəziləri qaraçılardı) ucuz ətiriyyat mallarını “Binə” və “Sədərək” ticarət mərkəzlərindən alaraq bahalı ətir adıyla vətəndaşlara “sırıyırlar”...
Maraqlıdır, başqa ölkədən gələrək paytaxt və bölgələrdə rahatca alver edənlər kimlər tərəfindənsə himayə olunurmu?
Milli Məclisin deputatı Musa Quliyev Modern.az-a açıqlamasında xarici vətəndaşların bizim ölkəyə gələrək alver etməsini həyat səviyyəsinin yüksəlişi kimi qiymətləndirib:
“Mən düşünürəm ki, Azərbaycan xaricilər üçün cəlbedici bir məkana çevrilib. Bir insanın atılası bir məhsula 5-10 manat verməyə heysflənməməsi artıq həyat səviyyəsinin yüksəlişini göstərən bir nüansdır. Yoxsul ölkələrdə belə hallar olmur. Adətən varlı ölkələrə başqa, nisbətən aşağı səviyyədə yaşayan insanlar gəlib alverlə məşğul olurlar.
Qanuna əsasən, ölkəmizdə küçə ticarəti ləğv olunub. Polis gördüyü təqdirdə dərhal küçəçə ticarətçiləri olan həmin şəxslərin qarşısını alır. Amma Azərbaycan cəlbedici bir ölkə olduğu üçün bura gəlirlər. Məsələn, İrana getsələr, onların malını alan olmaz”.
O ki qaldı Moldovadan və ya başqa yerlərdən gətirilərək satılan məhsullara, millət vəkili əminliklə onların saxta olduğunu vurğulayıb:
“Belə qeyri-rəsmi, qaçaq ticarət olub, indi də var, bundan sonra da olacaq. Alverçilərə aldanmamaq üçün insanlar ayıq olmalı, rəsmi sertifikata malik, keyfiyyətinə zəmanət verilən və dəyişdirilə bilən yerlərdən məhsul almalıdırlar. Mənim fikrimcə, istehlakçıların hüquqlarının qorunması haqqında qanunla işləyən müəssisələrdən alış-veriş etsələr, daha məqsədəuyğun olar. Tövsiyyə edirəm ki, vətəndaşlarımız kassa çeki olmadan mal almasınlar”.
Həmin alverçilərin himayədarlar tərəfindən idarə olunmasına gəlincə, Musa Quliyev bunu təsdiqləmir: “Mən düşünmürəm ki, onların himayədarları var, hansısa şəbəkə, mərkəzləşmiş təşkilat tərəfindən idarə olunurlar. Biri gəlir görür ki, burda alver etmək olar. Sonra gələndə başqalarına da məsləhət edir. Həm də onların sayı o qədər də çox deyil”.
Gülşən RAUFQIZI