Prezident İlham Əliyev Abid Şərifovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Abid Qoca oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilir.
Modern.az-ın məlumatına görə, bu gün - 6 yanvar tarixində Abid Şərifovun 75 yaşı tamam olub.
Abid Şərifov 6 yanvar 1940-cı ildə Şəkidə anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq onun trestlərində tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi, 1972-ci ildən həmin idarənin 23 saylı tikinti idarəsinin rəisi işləyib.
Daha sonra A.Şərifov Azərbaycan SSR Nazirlər Sovetinin Əsaslı tikinti şöbəsində böyük referent, "Azərnəqliyyattikinti" trestinin rəisi, sonra 1988-ci ildən "Azərnəqliyyatyoltikinti" lahiyə-sənaye tikinti Birliyinin rəisi vəzifəsini tutub. 1991-ci ildən Türkiyə Respublikasının Çerkesköy-Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini, 1993-cü ildən "Azərnəqliyyatyoltikinti" lahiyə-sənaye tikinti birliyinin bazasında yaradılan eyniadlı Dövlət Şirkətinin prezidenti vəzifələrində işləyib.
1995-ci ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir. SSRİ dönəmindəki fəaliyyətinə görə, "Şərəf nişanı" ordeni (1976), "Oktyabr inqilabı" ordeni (1980)ilə təltif olunub. Həmin illərdə o, "Azərbaycanın əməkdar inşaatçısı" və "Fəxri nəqliyyat inşaatçısı" fəxri adlarına layiq görülüb.
Modern.az