Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikinin açılışında iştirak edib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq inşa edilmiş fabrikin sahəsi 2,4 hektardır. Ümumi dəyəri 6,1 milyon manat olan fabrikin tikintisinə Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon manat güzəştli kredit ayrılıb.
Prezident İlham Əliyev “Alyans Tekstil” tikiş fabrikini işə salıb.
Tekstil fabriki 2 əsas istehsal və 4 köməkçi sahədən ibarətdir. Fabrik ildə 100 min dəst müxtəlif işçi geyimləri -gödəkçələr, kombinezonlar, kostyum və dəstlər istehsal etmək gücünə malikdir.
Dövlətimizin başçısı burada istehsal olunan məhsulların nümunələrinə baxıb.
Prezident İlham Əliyev fabrikin kollektivi ilə görüşüb. Dövlət başçısı Sumqayıtda yeni sənaye müəssisəsinin açılışını müsbət hadisə adlandırıb.
”Ən sevindirici hal ondan ibarətdir ki, fabrikdə çalışanların mütləq əksəriyyəti qadınlardır. Yəni, bu, yeni iş yerlərinin açılması deməkdir. Burada 200 insan işlə təmin olunub. Maaş da yaxşıdır. Yəqin ki, gələcəkdə daha da artacaq. Çünki fabrikin uğurlu fəaliyyəti bunu təmin edəcəkdir”.
İlham Əliyev deyib ki, Azərbaycan hökuməti insanları işlə təmin etmək üçün böyük işlər görür.
”Biz bunu Sumqayıtın timsalında əyani şəkildə görürük. Çünki Sumqayıtda işsizlik demək olar ki, aradan qaldırılıb. Qadınlar da işlə təmin edilir. Əgər ailənin hər iki üzvü işləsə əlbəttə ki, bu, ailə büdcəsinə də əlavə dəstək olacaq. Uşaq bağçaları da tikilməlidir ki, qadınların vaxtı olsun, gəlib işləsinlər. Biz bu işlərlə də məşğul oluruq. Yəni, ölkəmizdə həm sosial, həm iqtisadi və sənaye ilə bağlı məsələlər ardıcıl şəkildə həll edilir.
Ölkəmiz inkişaf edir. Keçən ili də uğurla başa vurmuşuq. Bu ili də uğurla başa vuracağıq. Baxmayaraq ki, dünyada indi müxtəlif proseslər gedir. Bölgədə iqtisadi vəziyyət o qədər də ürəkaçan deyil. Azərbaycanda heç bir çətinlik gözlənilmir. Yeni sənaye müəssisələri açılacaq, insanlar işlə təmin olunacaqlar. Bizim iqtisadi inkişafımız təmin ediləcək və xalqımızın rifah halı yaxşılaşacaq”.
Prezident bildirib ki, sahibkardan da tələb ondan ibarətdir ki, yeni iş sahələri, istehsalat sahələri yaratsınlar, ölkəmizi gücləndirsinlər.
”Özləri üçün də imkan yaratsınlar və o müəssisələrdə işləyən insanlara da yaxşı xidmət etsinlər. Çünki siz Azərbaycanın iqtisadi və sənaye potensialını yaradan insanlarsınız. Sahibkar əlbəttə ki, bu müəssisənin sahibidir. Ancaq bu müəssisənin əsas iştirakçısı sizlərsiniz, burada işləyənlər - mütəxəssislər, fəhlələr. Beləliklə, burada hər müəssisədə çox sağlam bir ab-hava olmalıdır. İnsanlar razı olmalıdırlar, yaxşı maaş almalıdırlar. Onların iş şəraiti yaxşı olmalıdır. Biz buna çalışırıq və bu gün Azərbaycanın müxtəlif yerlərində müəssisələr bax, bu səviyyədə yaradılır. İnsanların əməkhaqqı vaxtında verilməlidir, iş şəraiti yaxşı səviyyədə olmalıdır ki, hər bir ailə normal yaşasın, dolansın və ildən-ilə insanların rifah halı artsın.
Sumqayıtda digər başqa layihələr də icra edilib. Şəhər gözəlləşir, abadlaşır. Sumqayıt indi ekoloji cəhətdən ən təmiz şəhərlərdən biridir. Vaxtilə Sumqayıtı ekoloji fəlakət şəhəri kimi təsvir edirdilər. Əfsuslar olsun ki, bəzi hallarda Azərbaycana qarşı aparılan kampaniya çərçivəsində yenə də Sumqayıt haqqında həqiqəti əks etdirməyən sözlər deyilir. Amma buraya gələn hər bir insan görür ki, indi Sumqayıt parklar şəhəridir. Sənaye müəssisələrində bütün ekoloji standartlar gözlənilir, tətbiq edilir. Havası təmiz, gözəl infrastrukturu olan bir şəhərdir. Son illərdə Sumqayıtda bir neçə park qurulub, yenidən salınıb, əsaslı təmir edilib. Şəhər gözəlləşir, binalar tikilir. Mən dəfələrlə demişəm ki, Sumqayıtda gedən işlər Bakıda gedən işlərin səviyyəsində olmalıdır.
Burada “ASAN xidmət” yaradılıbdır. Yəqin ki, siz də bu imkanlardan istifadə etmisiniz və görmüsünüz ki, bu yenilik insanlara nə qədər rahatlıq gətirir.
Biz çalışmalıyıq ki, Azərbaycanda hər bir sahədə ən müasir təcrübə tətbiq olunsun - sənaye müəssisələrində, məişət məsələlərinin həllində, insanlara göstərilən xidmətlərdə. Biz buna nail oluruq”.
Modern.az