Azərbaycan Prezidenti İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nı təsdiq edib. Fərmana əsasən, sözügedən qanun qüvvəyə minədək inşa edilmiş əmlakın dövlət qeydiyyatı ilə bağlı konkret mexanizmlər müəyyənləşdirilib.
“Bu o deməkdir ki, 2004-cü ilin 29 uyununadək alınan və ya inşa edilən əmlaklar fərmanla müəyyənləşdirilən sənədlərlə dövlət qeydiyyatına alınmalıdır. Bu zaman sadəcə həmin əmlakın magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməməsi vacibdir. Fərman “belə təhlükəli zonalarda” yerləşən tikintilərin qeydiyyatını nəzərdə tutmur”,-deyə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov prezident fərmanını şərh edərkən bildirib.
Sənədə görə, Nazirlər Kabineti kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Belə ki, kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin statusu Nazirlər Kabinetinin təklif etdiyi və ölkə Prezidentinin təsdiq edəcəyi yeni qaydalar əsasınd aparılacaq.
V.Bayramov deyir ki, sənəddə xeyli əhəmiyyətli məqamlar var. Məsələn, Əmlak Məsələləri Dövlət Komitəsi birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri apararkən mənzilin və ya otağın sahəsinin faktiki göstəriciləri ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğunu aşkarlasa, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatını sahənin faktiki göstəriciləri əsasında yazmalıdır. Bu zaman əlavə tikililər nəzərə alınmayacaq. Bu o deməkdir ki, əgər sənəddə otağın sahəsi 20 kv metr, amma reallıqda 25 kv metrdirsə, o zaman reystrdə real ölçülər qeydiyyatdan keçəcək.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərə isə yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri, yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri, şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı, kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları, tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr, şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr, yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları, yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd, ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə), ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər daxildir.
“Deməli, əgər sizin eviniz 2004-cü ilin iyunun sonunadək inşa edilibsə və hələ də sənədi yoxdursa o zaman sizdə olan və fərmanda qeyd edilən sənədlərlə onu rəsmilləşdirə və dövlət qeydiyyatına daxil etdirə bilərsiniz. Bu isə o deməkdir ki, fərman 10 minlərlə evin sənədləşməsinə imkan yaradacaq”-deyə V.Bayramov əlavə edib.
Modern.az