Modern.az

“Prezidentin yanacağın qiyməti ilə bağlı təklif etdiyi variant daha ədalətlidir”

“Prezidentin yanacağın qiyməti ilə bağlı təklif etdiyi variant daha ədalətlidir”

14 Yanvar 2015, 16:04

“Nəhayət, əhalinin gözləntiləri baş verdi”. Bunu Modern.az-a açıqlamasında İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhəri, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli yanacağın qiymətilə bağlı Tarif Şurasının narazılıq doğuran qərarının ləğvindən danışarkən bildirib:

“Benzinin qiymətinin 2 qəpik qaldırılmasına münasibət bildirərkən qeyd etmişdim ki, 1 il 2 ay bundan öncə, 2013-cü il dekabrın əvvəllərində benzinin qiyməti qaldırılanda, aidiyyəti qurumlar bunu əsasən dünya bazarında neftin qiymətinin xeyli artması ilə izah edirdilər. 2014-cü ilin ikinci yarısından başlayaraq dünya birjalarında neftin qiyməti “Azəri-Layt” markalı neft üçün 113 dollardan tədricən 50 dollardan da aşağıya enib. Ona görə də cəmiyyətdə belə bir fikir, gözlənti var idi ki, əgər neftin qiyməti qalxanda benzinin də qiyməti qaldırıldısa, indi neftin qiyməti kəskin surətdə aşağı düşdüyü şəraitdə benzinin qiyməti də aşağı salınmalıdır.

Amma əhali bunun əksini gördü, benzinin qiyməti hər litr üçün 2 qəpik artırıldı. Bu elə bir ciddi rəqəm olmasa da, bunun hansı məqsəd daşımasından asılı olmayaraq, əhali səbəbinin açıqlanmasını istədi. Bunu nəzərə alaraq bildirmişdik ki, həmin sualın izahı açıq qaldıqca, narazılıq da qalacaq və ona görə aidiyyəti qurumlar həmin suala açıqlama verib aydınlıq gətirsələr, daha yaxşı olar. Belə də oldu, suala aydınlıq gətirildi”.

Əli Məsimli  bu gün prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Tarif Şurasının qəbul etdiyi qərarı Azərbaycan üçün ən məqbul variant hesab edir: “Prezidentin tapşırığına əsasən, yanvarın 14-də Tarif (qiymət) Şurasının növbədənkənar iclasında neft məhsullarının qiymətlərinə yenidən baxıldı və “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvarın 12-dəki 1 nömrəli qərar ləğv edildi. Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən olunub.
Əgər yol vergisinin ləğv edilməsi müqabilində benzinin qiymətinin artırılmasından bu ilin büdcəsinə cəmi 78 milyon manat vəsait daxil olması nəzərdə tutulduğunu nəzərə alsaq, belə kiçik məbləğdən ötrü bu qədər böyük narazılığa nə ehtiyac vardı? Yeni variantda büdcə heç nə itrmir, yəni yeni varintda da büdcə həmin məbləği götürəcək, amma məsələ bundadır ki, prezidentin təklif etdiyi variant daha ədalətlidir. Çünki qeyd etdiyimiz kimi, bu variantda həm büdcə uduzmur, həm də əhali 78 milyon manat uduşlu olur. Ona görə də yeni variantı daha məqbul və ədalətli hesab edirəm”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...