Cənub TV-nin direktoru Gülbəniz Mayılovanın bir qrup şəxs tərəfindən “Facebook” sosial şəbəkəsində təhqir olunmasıyla bağlı Lənkəran rayon məhkəməsinə müraciət olunub. Baxılan xüsusi ittihamlı iş üzrə şikayətçi G. Mayılovanın qanuni nümayəndəsi Səfərov Ədalət Modern.az-a açıqlamasında bu haqda danışıb.
“18 dekabr 2014-cü il tarixdə “Facebook” sosial şəbəkəsində Əli Teymurovun şəxsi profilində bir vaxtlar “Cənub” regional televiziyasında müxtəlif vəzifələrdə çalışmış, işin öhdəsindən gələ bilməyən, Əmək Qanunları Məcəlləsinin tələblərini pozan və ya hər hansı digər səbəbdən müvafiq əmrlə işdən azad olunmuş Teymurov Əli Əkrəm oğlu, Şahverdiyev Elçin Rasim oğlu, Əhmədova Aynur Əhməd qızı və Yusubov Rəşad Yusub oğlu tərəfindən CTV-nin direktoru Gülbəniz Mayılovanın və ümumilikdə televiziya əməkdaşlarının şəxsiyyətini, şərəf və ləyaqətini kütləvi nümayiş etdirilən internet-informasiya ehtiyyatında nalayiq formada qəsdən alçaltmaqla təhqir etmiş, həmçinin, şirkətin işgüzar nüfuzuna ciddi xələl gətirəcək hərəkətlərə yol veriblər. Həmin şəxslərin əməlində AR CM-nın 148-ci maddəsinin tərkibi olması toplanmış materiallarla tam təsdiq olunub. Odur ki, Gülbəniz Mayılovanın ərizəsi xüsusi ittiham qaydasında şikayət olaraq baxılması üçün 06 Yanvar 2015-ci il tarixdə Lənkəran rayon Məhkəməsinə verilib”, - deyə o bildirib.
Səfərov Ədalət qeyd edib ki, 13 Yanvar 2015-ci il tarixdə hakim Mütəllim İsayev işə baxıb Şahverdiyev Elçin Rasim oğlunun müdafiəçi ilə təmin olunmamasını əsas götürərək işə baxılmasını bu günə, yəni 16 yanvar 2015-ci il tarixə təyin edib. “Bu gün saat 14:15-dəqiqədə hakim Mütəllim İsayev xüsusi ittiham qaydasında şikayətə baxmışdır.
Göstərilən şəxslər tərəfindən “Facebook” səhifəsində yazılı qaydada qadının insana belə yaraşmayan sözlərlə təhqir olunmasına baxmayaraq hakim Mütəllim İsayev hakim adına ləkə gətirən hərəkətlərə yol verərək bizə məlum olmayan maraqları səbəbindən, kimlərinsə sifarişini yerinə yetirməklə qanunsuz qərar qəbul etdi. Çox təəssüf ki, hakim Mütəllim İsayev unutdu ki, onun da ailəsində və yaxın ətrafında qadınlar var. Həmin qadınların da bu dərəcədə nalayiq formada təhqir olunmasına, görəsən o, hakim kimi demirəm, bir insan olaraq bu cürmü reaksiya göstərəcəkdi?. Hər halda bu günki məhkəmə prosesi bir çox məqamlardan xəbər verdi.
Hakimin bu qanunsuz qərarı ilə bağlı Şirvan Apelyasiya Məhkəməsinə tərəfimdən şikayət veriləcək. Əminəm ki, hakim Mütəllim İsayevin qanunsuz qərarına qanuni reaksiya verilən tapılacaq”.
Modern.az