Modern.az

“Azərbaycanda süni qida məhsullarının reklamı qadağan ediləcək” - Vahid Əhmədov

“Azərbaycanda süni qida məhsullarının reklamı qadağan ediləcək” - Vahid Əhmədov

3 Fevral 2015, 11:15


Milli Məclisin fevralın 2-də keçirilən iclasında “Reklam haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Modern.az-ın verdiyi xəbərə görə, layihənin müəlliflərindən biri, parlamentin İqtisadi siyasət komitəsinin üzvü, baş nazirin keçmiş birinci müavini Vahid Əhmədov müzakirə zamanı çıxışında deyib ki, müasir Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib: “Ölkəmizin 2015-ci ildə 1-ci Avropa Olimpiya Oyunlarına, 2017-ci ildə 4-cü İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyi ərəfədə “Reklam haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması  mühüm hadisədir.

Reklam cəmiyyətin həyatında, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsində, istehlakçıların seçim imkanlarının genişlənməsində, istehsalçılar arasında rəqabətin güclənməsində mühüm rol oynayan amildir. Reklamın əhalinin sosial-psixoloji durumuna, mənəviyyatına, xalqımızın milli mentalitetinə göstərdiyi təsiri də  böyükdür”.

Vahid Əhmədovun fikrincə, reklam sahəsində fəaliyyət göstərən çoxsaylı şirkətlərin, reklamın yayılmasının yeni üsullarının və vasitələrinin meydana çıxması reklam bazarının iştirakçılarının hüquq və vəzifələrinin konkretləşdirilməsi, maraqlarının qorunması, onların dövlətlə münasibətlərinin tənzimlənməsi həmin dövrün çağırışı idi və 1997-ci ildə “Reklam haqqında” qanunun qəbulu bu istiqamətdə atılan mühüm addımlardan biri olub: “Artıq həmin vaxtdan 17 il ötüb, Azərbaycan dünya iqtisadiyyatının mühüm iştirakçılarından birinə çevrilib, başqa ölkələrlə əlaqələri güclənib, bir sıra beynəlxalq iqtisadi təşkilatlara üzv olmaqla, üzərinə ciddi öhdəliklər götürüb. İnternet şəbəkəsinin və mobil rabitənin  əhalinin müxtəlif təbəqələrinə  nüfuz etməsi, reklam  yayımının,                              malların və xidmətlərin satışının yeni vasitələrinin və üsullarının meydana çıxması ölkəmizdə reklam bazarının təşəkkül tapması üçün  hədsiz imkanlar yaradıb. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, rəsmi statistik məlumatlara görə, 1995-ci ildə ölkədə reklam bazarının dövriyyəsi cəmi 200 min dollar təşkil etdiyi halda, hazırda 60 milyon manatadək artıb. Amma hesab edirəm ki, əslində bu rəqəm dəfələrlə yüksəkdir.

Kəmiyyət göstəriciləri ilə bərabər, reklam bazarında keyfiyyət dəyişiklikləri də baş verib, onun iştirakçıları arasında münasibətlər mürəkkəbləşib, təcili həllini  gözləyən yeni problemlər ortaya çıxıbdır.

Müzakirənizə təqdim edilən “Reklam haqqında” yeni qanunun layihəsinin hazırlanmasının zəruriliyi də, məhz qeyd olunanlardan irəli gəlir və onun məramı  reklam bazarının dövlət tənzimlənməsinin səmərəliliyini artırmaq, onu beynəlxalq standartlara uyğunlaşdırmaq, reklamda xalqımızın mənəvi və mədəni dəyərlərini qorumaq, milli kadrların hazırlanması üçün zəmin yaratmaqdır”.

Komitə üzvü qeyd edib ki, təqdim olunan “Reklam haqqında” qanun layihəsində bütün bu məqamlar öz əksini tapıb: “Layihə hazırlanarkən bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib, Avropa İttifaqının bir sıra direktivlərinin, o cümlədən “Sərhədsiz televiziya”,  Beynəlxalq Ticarət Palatasının “Reklam fəaliyyəti sahəsində beynəlxalq Məcəlləsi”nin və digər beynəlxalq sənədlərin tələbləri nəzərə alınıb. Əminəm ki, onun qəbulu ölkəmizdə sivil, beynəlxalq səviyyəli reklam bazarının genişlənməsinə təkan verəcək və cəmiyyətin həyatına müsbət təsiri göstərəcəkdir.

Qanun layihəsi 38 maddədən ibarətdir. Bura müasir dövrdə baş vermiş dəyişiklikləri ehtiva edən yeni anlayışlar daxil edilib, reklam subyektləri  arasındakı  münasibətlərin  tənzimlənməsinin  mexanizmləri təklif olunub. Reklam obyekti,  sponsor, sponsor reklamı, reklam fəaliyyəti, reklam fəaliyyətinin subyektləri, reklam yaradıcısı kimi yeni anlayışlar daxil edilib, əvvəlki qanunda olan məfhumlar yenidən redaktə olunub. Bu anlayışlar qanunun reklam fəaliyyətinin bütün subyektləri tərəfindən birmənalı təfsir olunmasına xidmət edir, onlar arasında yarana biləcək mübahisələrin qarşısını alır.

Qanun layihəsində reklam fəaliyyətinin dövlət tənzimlənməsinin təcrübəsi nəzərə alınmaqla, bu sahədə köklü keyfiyyət dəyişikliklərin aparılmasını, reklamın yönəldildiyi auditoriyanın, reklamvericilərin və reklamı yayanların maraqlarının müdafiəsini və tarazlaşdırılmasını nəzərdə tutan, məsuliyyət hüdudlarını müəyyənləşdirən yeni müddəalar daxil edilib. 

Reklamda dövlət  dilindən istifadə olunmasına, mənəvi  dəyərləri, insanların şərəf və ləyaqətini aşağılayan, etik  normalara, dil və üslub baxımından düzgün olmayan sözlər, ifadələr işlədilməsinə, qrammatika və orfoqrafiya qaydalarına  riayət olunması tələb olunur. Dövlət dili ilə yanaşı, xarici  dillərdən istifadəyə o vaxt icazə verilir ki, xarici dildə olan mətn  dövlət dilindən sonra yerləşdirilsin”. 

Vahid Əhmədov qeyd edib ki, layihədə beynəlxalq standartlara uyğun olaraq, reklama dair ümumi və xüsusi tələblər və məhdudiyyətlər müəyyən edilib, reklam vericisinin, reklam yaradıcısının və reklam yayıcısının münasibətləri, hüquq və vəzifələri daha dəqiq  göstərilib: “Layihədə xüsusən yetkinlik yaşına çatmayanların və erkən yaşına çatmayan uşaqların müdafiəsi barədə müddəalar genişləndirilib. Süni qida məhsullarının satış-sərgisinin və xüsusi nümayişinin reklam məqsədi ilə təşkil olunması qadağan edilib. Bioloji aktiv əlavələrin və qida əlavələrinin körpələr və erkən yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının reklamı yeni maddə olaraq salınıb.

Yeni maddə olaraq məsafədən satış üsulu ilə reklam daxil edilib, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması və effektivliyinin yüksəldilməsi məqsədilə tələblər gücləndirilib. Elektron vasitələrlə reklama dair yeni tələblər müəyyən olunub, əmtəə satışını stimullaşdıran reklamın verilməsi şərtləri müasir dövrün tələblərinə uyğunlaşdırılıb.

Telekommunikasiya xidməti göstərən provayderin abunəçi ilə bağlanılan müqavilədə onu maraqlandıran reklamın göndərilməsinə dair razılığı alındıqdan sonra fərdi qaydada yayımlanması tələbinin qoyulması buna misal ola bilər.

Qeyd etməliyəm ki, sponsor reklamının geniş yayılmasına baxmayaraq, bu zaman yarana münasibətlər mövcud   qanunvericiliklə tam tənzimləmir. Buna görə də,

sponsor reklamının təqdim olunmasına dair xüsusi qayda müəyyənləşdirilib”.

Deputatın sözlərinə görə, layihədə televiziya və radio verilişində, mobil rabitə sistemləri vasitəsilə reklam yayımlanmasının qadağan olunduğu hallar dəqiq müəyyən edilib: “Layihənin mühüm məqamlarından biri reklamın açıq məkanda yayımlanmasına, reklam qurğularının yerləşdirilməsinə dair yeni tələblərin müəyyən olunmasıdır. Reklamın nəqliyyat vasitələrində yerləşdirilməsinə dair tələblərə yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi  nöqteyi-nəzərindən  yenidən baxılıb.                                   

Dərman vasitələrinin, bioloji aktiv əlavələrin, körpələr üçün süni qida məhsullarının, tibb texnikasının və avadanlıqlarının, tibb xidmətlərinin reklamının məzmununa dair tələblər son illərdə bu sahələrdə qəbul etdiyimiz qanunların müddəalarına uyğunlaşdırılıb. Əhali, xüsusilə böyüməkdə olan gənc nəsil arasında idmanın və bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi, onun maddi texniki bazasının inkişaf  etdirilməsi üçün  idman lotereyası, mərc oyunları keçirilir. Göstərilən sahəni təbliğ edən reklamların kütləviləşməsini nəzərə alaraq, qanun layihəsinə buradakı münasibətləri tənzimləyən yeni müddəalar daxil edilib. Tələblərə əsasən mərc oyunlarının, lotereyaların reklamında onların operatoru və təşkilatçısı, keçirildiyi yer və vaxt, mükafatların, yaxud uduşların verilməsinin yeri, vaxtı və müddəti barədə məlumatlar dəqiq əks olunmalı, onun reklam daşıyıcılarında yerləşdirilməsinə dair tələblər müəyyənləşdirilir. Maliyyə sektorunun sürətli inkişafı əlverişli biznes mühitinin yaradılmasına, əhalinin müvəqqəti maddi çətinliklərinin aradan qaldırılmasına xidmət etməklə yanaşı, bir çox hallarda maliyyə xidmətlərinin reklamında informasiyanın tam açıqlanmaması, onun sadə adamlar üçün anlaşılmaz şəkildə təqdim olunması sonradan ciddi mübahisələrin, narazılıqların yaranmasına gətirib çıxarır. Buna görə də qanun layihəsində həmin xidmətlərin reklamının tənzimlənməsinə xüsusi diqqət yetirilib”. 

Komitə üzvü deyib ki, parlamentin plenar iclasının müzakirəsinə çıxarılmazdan əvvəl qanun layihəsi rəy və təkliflərini bildirmək üçün  dövlət orqanlarına, özəl və beynəlxalq iqtisadi təşkilatlara göndərilib: “Layihəni hazırlayan işçi qrupu reklam bazarının subyektləri, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatlarla görüşlər keçirib, onların təkliflərini müzakirə edib.

2014-cü ilin noyabr ayında Milli Məclisdə Prezident Administrasiyasının şöbə müdiri Əli  Həsənovun və  administrasiyanın məsul işçilərinin, Milli Məclis Aparatının   rəhbəri  Səfa  Mirzəyevin  və  aparat  əməkdaşlarının, Milli  Məclis  üzvlərinin,  dövlət orqanlarının, özəl şirkətlərin, media nümayəndələrinin iştirakı ilə qanun layihəsinin ictimai dinləmələri keçirilib. Müzakirə iştirakçıları yekdilliklə reklam haqqında qüvvədə  olan qanunun  müasir dövrün tələblərinə Cavab vermədiyini təsdiqləmiş, reklam sahəsində münasibətləri tənzimləyən yeni qanunun qəbul olunmasını dəstəkləyib, fikirlərini söyləmiş, təkliflərini veriblər. Təkliflərin bir çoxu layihədə artıq öz əksini tapıb. Qanun layihəsinin ərsəyə  gəlməsində  göstərdiyi dəstəyə görə Milli Məclisin sədri cənab Oqtay Əsədova dərin minnətdarlığımı bildirirəm.                                       

Milli Məclisin sədr müavini Valeh Ələsgərovun bir neçə təklifi  də işçi qrupu tərəfindən baxılır və ikinci oxunuşda nəzərə  alınacaqdır. Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirə olunub və plenar iclasa çıxarılması tövsiyə edilib. Elə bilirəm ki, sizin də reklamlar və reklam sahəsində sahibkarlıq fəaliyyətinin tənzimlənməsi məsələlərinə dair təklifləriniz olacaq və layihə 2-ci oxunuşa çıxarılanadək onları diqqətlə araşdırmağa hazırıq”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...