Modern.az

“Ət may ayından sonra bahalaşacaq”

“Ət may ayından sonra bahalaşacaq”

10 Fevral 2015, 12:20


Azərbaycanda xeyli müddətdir mal və qoyun ətinin qiymətində ucuzlaşma müşahidə edilir. Ekspertlər bunu bir neçə səbəblə əlaqələndirir və ucuzlaşmanın demək olar rekord həddə yaxınlaşacağını bildirirlər.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da Modern.az-a açıqlamasında ucuzlaşmanın bir neçə səbəbini izah edib:

“İndi müşahidə edilən vəziyyət barədə hələ ötən ildən məlumat vermişdik. Çünki yaz-yay aylarındakı quraqlıq bunu diqtə edirdi. Keçən il fermerlər, kəndlilər qış üçün kifayət qədər yem ehtiyatı tədarük edə bilmədi. Buna görə də bölgələrdə yemin, otun-samanın qiyməti həddindən artıq qalxıb. Hətta bir sıra rayonlarda otun, küləşin satış qiyməti iki dəfədən çox bahalaşdı. İndi 1 ədəd yonca kipi 5 manata, təbii ot kipi 4 manata, küləş kipi isə 3 manata satılır. Yem məhsullarının bahalaşması maldarlıqla məşğul olan kəndliləri, fermerləri olduqca çətin durumda qoyub. Fermerlər heyvanları dəyər-dəyməzə satmaq, yaxud kəsimə vermək məcburiyyətində qalıblar. Bu səbəbdən bazarda təklif tələbi üstələyir”.

Ekspert ucuzlaşmanın daha bir səbəbini son zamanlar yas mərasimlərində ehsana qoyulan məhdudiyyətlə əlaqələndirir: “Hər il təxminən 200 min baş mal-qara yas mərasimlərində ehsan üçün istifadə olunurdusa, hazırda bu göstərici yarıya enib.

Ətin qiymətinə ölkəyə idxal olunan diri heyvanların sayının artması da təsir göstərib. 2013-cü ildə Azərbaycana 41,2 milyon dollar dəyərində diri heyvanlar idxal olunduğu halda, keçən il bu göstərici 27 faiz artaraq 52,3 milyon dollar təşkil edib. Hər il Gürcüstandan ölkəmizə kəsim üçün 100 min başdan çox diri heyvan idxal olunur. Gürcüstandan idxal olunan heyvanlar yerli heyvanlara nisbətən hər kiloqram diri çəki üçün 1 manat ucuz təklif olunur. Bu da daxili bazara öz təsirini göstərir”.

Vahid Məhərrəmovun fikrincə, Rusiyadakı iqtisadi-siyasi böhranın fəsadları da əhalinin alıcılıq qabiliyyətini aşağı salıb: “Bu tələbatın azalması da qiymətlərin enməsinə birbaşa təsir edib. Əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Buna əsas səbəbi qonşu Rusiyanın milli valyutasının devalvasiyası nəticəsində ölkəmizə maliyyə axınlarının əhəmiyyətli dərəcədə azalması olub. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində gündəlik istifadə olunan mallara təlabat azalıb. Manatının qonşu ölkələrin milli valyutasına nisbətən möhkəmlənməsi isə ölkəmizə mal, məhsul idxalını artırıb. İdxal hesabına təklifin artması və bunun fonunda tələbin kəskin olaraq azalması bəzi məhsulların qiymətlərinin nisbətən aşağı düşməsinə səbəb olub”.


Vahid Məhərrəmov dondurulmuş ət idxalının da bu tendensiyaya səbəb olduğunu deyir: “Əvvəlki ilə nisbətən keçən il ət idxalı 28 faiz artıb. Dondurulmuş ət təzə ət bazarında qiymətlərə təsir etməsə də, əhalinin alıcılıq qabiliyyəti zəif olduğu üçün alıcıların bir qisminin ətə olan tələbatını ödəyir”.

Maraqlıdır ətin qiymətinin ucuzlaşması fonunda digər ət və ət məhsullarının ucuzlaşması baş verə bilərmi?

Ekspert bildriri ki, buna səbəb olacaq amillər var: “Ət idxalının artması, alıcılıq qabiliyyətinin kəskin azalması, təzə ətin qiymətinin aşağı düşməsi ət məhsullarının qiymətlərinin nisbətən aşağı düşməsinə gətirin çıxara bilər”.

“Yem bazasının azlığı səbəbindən mal-qaranın satışa çıxarılmasından sonra yaranacaq heyvan qıtlığı yenidən qiymət bahalaşmasına gətirib çıxaracaqmı” sualına cavab olaraq ekspert, həm bahalaşma olacağını, həm də heyvanların fiziki zəifliyini, mal-qara arasında xəstəliklərin geniş yayılmasını nəzərə alaraq ot, yem qıtlığının ciddi fəsadlar törədəcəyini də istisna etməyib:

“Tendensiyanın bu şəkildə davam etməsi nəticəsində qiymətin müəyyən vaxtdan sonra yenidən artımı gözləniləndir. Çünki qıtlıq yenidən tələbin təklifi üstələməsinə səbəb olacaq, bu da qiymət artımına gətirib çıxaracaq. Hesab edirəm ki, ucuzlaşma may ayına qədər davam edəcək. Ondan sonra vəziyyətdən asılı olaraq qiymət artımı olacaq. Nəzərə almaq lazımdır ki, əvvəlki illərdə yay aylarında ətin xarab olması ehtimalından 50 qəpik ucuzlaşma baş verirdi. İndiki ucuzlaşma isə rekorddur. Çünki rayonların əksəriyyətində ət alıcılara 5 manata təklif olunur.

Bu il taxıl istehsalı 585 min ton azalıb. Bildiyiniz kimi, taxıl heyvandarlıqda yem bazası kimi istifadə edilir. Eyni zamanda, ot istehsalı azalıb. Ot və yonca sahələrinin vaxtında suvarıla bilməməsi əsas səbəblər arasındadır.

Bazarlarda apardığımız monitorinqlər göstərir ki, təklif olunan heyvanlar çox zəifdir. Düşünürəm ki, edilən xəbərdarlıqla bağlı hökumət qabaqlayıcı tədbirlər görməli idi. Təəssüf ki, fermerlər bu problemlərlə üzləşdi, onlara dəstək çıxan olmadı”. 

Vahid Məhərrəmov bildirir ki, İsmayıllının İvanovka kəndində vəziyyət kritik həddədir:

“Fermerlər heyvanlarını saxlaya bilmirlər, ona görə də dəyər-dəyməzinə satırlar. Heyvanı saxlamaq üçün yem lazımdır. Yem istehsalı azalıb. Bu günlərdə İsmayıllının İvanovka kəndinin kolxoz sədri deyib ki, onların yem ehtiyatı tükənib, bircə küləş qalıb. O da fevralın ortasına kimi bəs edəcək. Bu, çox ciddi siqnaldır”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...