Modern.az

Nazir müavini: “381 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib”

Nazir müavini: “381 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib”

İqtisadiyyat

13 Fevral 2015, 14:00


Milli Məclisin bugünkü iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib. Modern.az saytının məlumatına görə, o deyib ki, 2014-cü ildə inzibati nəzarət qaydasında baxılması üçün icraata 66 694 bələdiyyə aktı daxil olub.

Nazir müavininin sözlərinə görə, bu, 2013-cü illə müqayisədə 11,4 faiz çox olub.
Vilayət Zahirov bildirib ki, daxil olan bələdiyyə aktlarının hər birinin ekspertizası aparılıb və nəticədə 62 908 akt qanunvericiliyə uyğun hesab edilib, 3 552 aktın dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün onları qəbul edən bələdiyələrə təkliflər verilib:

“Verilən təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1709 akt ləğv edilib, 544 akt dəyişdirilib, 473 akt üzrə təsdiqedici sənədlər təqdim edilib, digərləri isə baxılmaqdadır: Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 11 iddia qaldırılıb. Verilən təkliflərin bələdiyyələr tərəfindən qanuna müvafiq icra edilməsi nəticəsində belə iddiaların sayı son illər ərzində xeyli azalıb. Bələdiyyə tərəfindən torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi ilə bağlı qəbul edilən qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələrdə ləğv edilib”.

Nazir müavininin sözlərinə görə, bütövlükdə 4022 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb: “Onlardan 1502 hektarı kənd təsərrüfatı təyinatlı torpaqlar olub. Eyni zamanda, bələdiyyələrə 3998 tövsiyə göndərilib. Bələdiyyə aktlarını vaxtında təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 445 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilib. Onlardan 96-sı təkrar inzibati xəta üzrə tərtib edilib. Müvafiq protokollar əsasında 381 nəfər bələdiyyə sədri məhkəmələrdə inzibati məsuliyyətə cəlb edilib, 64 protokol üzrə müraciət isə baxılmaqdadır”.

Nazir müavini onu da vurğulayıb ki, ötən illərlə müqayisədə inzibati məsuliyyətə cəlb edilən bələdiyyə sədrlərinin sayı xeyli azalıb.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa isə qeyd edib ki, bələdiyyələrin statusu aşağıdır və onların yerli idarə orqanına çevrilməsi üfüqdə görünmür: “Bakıda böyük şəhər bələdiyyəsinin olmaması, maliyyə resursu problemi ciddidir. Bugünkü məruzə fərqli və yeni formatda təqdim edilir. Fikrimcə, bu, müsbət haldır. Ancaq bir sıra məsələlərin, bəzi təkliflərin nəzərə alınması vacibdir. Azərbaycanda Elektron Hökumət layihəsi tətbiq edilir. Ancaq bələdiyyələrin əksəriyyətinin internet resursu yoxdur. Fikrimcə, bələdiyyələrin elektron saytının yaradılması vacibdir. Hesab edirəm ki, nazirliyin bələdiyyələrlə iş üzrə strukturu bu məsələyə diqqət etməlidir. Bildiyiniz kimi, bələdiyyə seçkiləri keçirilib və biz də bu prosesdə iştirak etdik. Ancaq bələdiyyələrin komissiyası formalaşanda YAP-dan və bitərəflərdən olan sədr seçilir, digər partiyalar bu prosesdən kənarda qalır, məqsəd orada 3-4 nəfər maaş almasını təmin etməkdir. Niyə əmək haqqı alan ancaq icra başçısına yaxın olmalıdır. Digər partiyalarda burada iştirak etsin, əmək haqqı alsın. Biz demokratik cəmiyyət qururuqsa, bu prosesləri həyata keçirməliyik. Məncə, bu məsələni diqqətə almaq lazımdır”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli hesabatla bağlı çıxışında deyib ki, sənəddə nöqsanlar və perspektivlər açıq şəkildə göstərilib. Bu səbəbdən hesabatı müsbət qiymətləndirib: “Eyni zamanda, nəzərə almaq lazımdır ki, sonuncu bələdiyyə seçkiləri ilə bələdiyyələrin yeni mərhələsi başlayıb. Bələdiyyələrin imkanlarını genişləndirmək üçün xeyli şanslar var. Odur ki, mən bələdiyyələrin qarşısında duran vəzifəni üç hissəyə bölərdim: Qanun pozuntularının aradan qaldırılması, bələdiyyələrin hüquqları və bələdiyyələrin səmərəliyini artırmaq üçün zəruri olan işlər. Hesab edirəm ki, 2015-2020-ci il üçün bələdiyyələrin fəaliyyətini gücləndirmək üçün proqram qəbul edilə bilər”.
Onun fikrincə, bələdiyyələr əlavə maliyyə resursu əldə etməli, beynəlxalq əlaqələrini genişləndirmək, maraqlı layihələr təqdim etməklə investisiya cəlb edə bilər: “Qanuna əsasən, Mənzil İstismar Birlikləri havadadır. Məncə, bu struktur da bələdiyyələrə verilə bilər. Əgər bu baş verərsə, bələdiyyələrlə yerli əhali arasında əlaqə bir qədər də artacaq. Bələdiyyələrin inkişafı üçün Bakı şəhər bələdiyyəsi də yaradılmalıdır”.

Aqşin KƏRİMOV

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...