Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan və ciddi müzakirə mövzusuna çevrilən “toyuq şişirtmə” əməliyyatına qarşı Türkiyədə adekvat addım atılıb. Bu gündən etibarən rəsmi şəkildə qardaş ölkədə toyuq ətinin açıq şəkildə satılması qadağan edilib. Bu cür qadağanın Azərbaycanda tətbiq edilməsi gözləniləndirmi?
Modern.az-ın ünvanladığı sualı aidiyyatı qurumlar cavablandırıb:
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib ki, onsuz da ölkədə toyuq məhsullarının açıq şəkildə satışı qadağandır: “Düzdür, hazırda mağazalarda, bazarlarda, yarmarkalarda hələ də toyuq ətinin açıq satışına rast gəlirik. Bizim qurum buna cavabdeh deyil. Biz broyler təsərrüfatlarında istehsal prosesini izləyirik. Komitə təsərrüfatlarda quş ətinin qablaşdırılması, markalanması, üzərində istehsal və son yararlılıq müddətinin, hətta bütün rekvizitlərin yazıldığı məhsulların satışa çıxarılmasına nəzarət edir. Bu gün Azərbaycandakı broyler təsərrüfatları açıq şəkildə məshul istehsal etmir”.
Komitə rəsmisi qeyd edib ki, açıq satılan toyuq ətləri kustar yolla, qanunu, standart tələblərini, istehlakçı hüquqlarını pozaraq gizli sexlərdə kəsilir və gecə ilə satışa çıxarılır: “Bunu edənlər işbazlardır və təəssüf ki, buna göz yumanlar da var.
Biz bir neçə il əvvəl Hövsan kəndində fəaliyyət göstərən gizli sex aşkar etdik. İctimaiyyətə də bununla bağlı açıqlama verdik. O sex üfunətin, zir-ziblin içərisində kəsilən, sarı rəngli suya salınaraq “kənd toyuğu” istehsal edirdi. Bizim qurum hüquq-mühafizə orqanlarını bu barədə məlumatlandırdı. Tədbir görülüb-görülmədiyini isə bilmirik.
İndi də açıq şəkildə satılan toyuqları görürük. Bu halda ictimaiyyətin köməyini gözləyirik. İnsanlar orqanizm üçün təhlükə mənbəyi olan toyuqları almasınlar. Sosial şəbəkələrdə yayılan məlumatlar da bunu sübut etdi. Belə hallar aşkarlanan zaman biz dərhal qarşısını almaq üçün səlahiyyətlərimiz çərçivəsində tədbir görürük. Bu cür məhsuların satışının mimuma endirilməsi üçün isə ictimaiyyətin sosial dayağı lazımdır. Çağırış edirik ki, həmin məhsullar alınmasın və dükanlarda qalsın”.
Respublika Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyev isə bildirib ki, Azərbaycanda açıq şəkildə toyuq əti məhsulları satılmır: “Satışa çıxaırılan bütün toyuq və toyuq məhsullarının hamısı paketlənir. Hətta toyuq içalatları da paketlənir. Açıq şəkildə satılan toyuq əti isə həyətlərdə saxlanılır. Həmin toyuqlar anti-sanitariya şəraitində kəsilərək sellofan torbalara doldurularaq satılır və təbii ki, bunlar qeyri-qanuni toyuq ətləridir”.
Gülşən RAUFQIZI