Modern.az

Bakıda investisiya sammiti - Nazir: “Məqsədimiz neftdən asılı olmayan iqtisadiyyat qurmaqdır”

Bakıda investisiya sammiti - Nazir: “Məqsədimiz neftdən asılı olmayan iqtisadiyyat qurmaqdır”

17 Mart 2015, 11:18


Bu gün Bakıda Azərbaycan investisiya sammiti keçirilib. Modern.az-ın verdiyi   xəbərə görə, tədbirin əsas təşkilatçısı olan “The Economist” jurnalının redaktoru Con Endryus dünyada və regionda baş verən son prosesləri şərh edərək qeyri-neft sektorunun inkişaf perspektivlərindən danışıb. Azərbaycanın neft qiymətlərinin ucuzlaşmasından sarsılmadığını deyən rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov informasiya-kommunikasiya sahəsində görülən işlər barədə məlumat verib:  “Bu gün ixracımızın 93 faizi neft və neft məhsullarından asılıdır. Hesab edirəm ki, biz bu asılılığı azaltmalıyıq. Məqsədimiz neftdən asılı olmayan iqtisadiyyat qurmaqdır. Bunun üçün də neçə illərdir iş gedir”.

Azərbaycanın MDB ölkələri arasında lider olduğunu vurğulayan Əli Abbasov hazırda aktiv internet istifadəçilərinin sayının 72-73 faiz olduğunu bildirib:  “Asiya ölkələri arasında isə lider ölkələrdən sayılır. Bizim əsas məqsədimiz telekommunikasiya sahəsində ən yeni texnologiyaların tətbiqidir. Gələcəkdə məqsədimiz odur ki, əhalinin 85 faizi yüksək sürətli internetdən istifadə edə bilsin. Bunu 2018-ci ilə kimi həll etməliyik. Bütün dünya neftdən asılılığını ləğv etməyə çalışır. Gələcəkdə ikinci peyki orbitə çıxarmaq məqsədlərimiz arasındadır. Azərbaycan 2012-ci ildə  41 milyon dollar İKT sahəsində mal istehsal edib”.

Nazir 8-10 ildən sonra ixrac potensialımızı neft asılılığından azaltmaq niyyətində olduqlarını da bildirib.

Əli Abbasovun fikrincə, bilik potensialının olmaması bizim texnoloji inkişaf üçün problem yarada bilər: “Yaxşı texnoloji potensial olsa Azərbaycanda mühəndislik potensialı inkişaf edə bilər. Azərbaycanın bazarı kiçikdir. Bu da xarici investorları cəlb etməyə və Azərbaycanda ixrac olunan malların istehsalına müəyyən çətinliklər yaradır. Biz nazirlik olaraq bu problemin üstündə işləyirik. Bizim ölkədə lokal kompaniyalar üçün ən böyük problem ucuz maliyyələrə çıxışlardır. 57 müsəlman ölkəsinin elmə yatırdığı xərclər təkcə ABŞ-ın yatırdığı xərclərdən 7 dəfə aşağıdır”.

Sammitdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda təhsilin inkişafına dair strategiya və ona əsasən hazırlanan fəaliyyət planı təhsilin inkişafına yönəlib və artıq bununla bağlı müvafiq qurumlarla işlərə başlanılıb.

Sabah qruplarının fəaliyyətlərinə də toxunan nazir bildirib ki, bu ilk növbədə  tələbələr arasında akademik mühit yaradır:  “Bu qruplarla akademik müəllimlərlə yanaşı, praktiki olaraq bu işlə məşğul olanlar çalışır. Bu da həmin qruplarda iş adamları üçün praktik bacarığı olan mütəxəssis deməkdir. Artıq növbəti il üçün qəbula başlanılır. Əvvəlki illə müqayisədə qəbul sayının artırılması nəzərdə tutulur. Xaricdə təhsil proqramı əsasında bu günə qədər 900-ə qədər gənc qayıdaraq biliklərini ölkə iqtisadiyyatına tətbiq edir. Xaricdə təhsil proqramının birinci mərhələsi başa çatıb. İkinci mərhələyə başlamaq üçün ötən həftə bu barədə müzakirə keçirdik. Bu proqramda bəzi yeniliklər də olacaq. Xaricdən Azərbaycana mütəxəssislərin cəlb edilməsi, tədris proqramları, elmi araşdırmalar aparmaq niyyətindəyik”.

“Onun fikrincə, təhsilin keyfiyyətini təmin edən təhsil verənin keyfiyyətidir: “Ona görə qarşımızda duran vəzifə müəllim peşəsini seçim peşəsinə çevirməkdir. Bu səbəbdən bu ilin yanvarında müəllimlərin maaşı artırıldı. Təxminən maaş artımı müəllimlərin 20 faizini əhatə edir. Bu rəqəmin artırılmasını planlaşdırırıq”.

Şahin Qocayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi