Modern.az

Prezidentlər 9,5 milyard dollarlıq TANAP-ın təməlini atdılar

Prezidentlər 9,5 milyard dollarlıq TANAP-ın təməlini atdılar

17 Mart 2015, 16:43

Martın 17-də Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməlqoyma mərasimi keçirilir.

Avropaya enerji nəql edəcək 9,5 milyard dollarlıq Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) təməlqoyma mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Gürcüstanın dövlət başçısı Georgi Marqvelaşvili iştirak edir.

Əvvəlcə TANAP layihəsinə həsr olunmuş film nümayiş etdirilib. TANAP layihəsi Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Mərasimdə Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət himnləri səslənib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev TANAP-ın həyata vəsiqə qazanmasının Azərbaycan və Türkiyə dövlət başçılarının səyləri nəticəsində mümkün olduğunu bildirdi, bu layihənin ölkələrimizin inkişafına və xalqlarımızın rifahına xidmət etdiyini diqqətə çatdırıb.

“Bu gün burada ABŞ Prezidenti Barak Obamanı və dövlət katibi Con Kerrini təmsil etmək mənim üçün şərəfdir”, - deyən Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn bildirib ki, ABŞ “Cənub” qaz dəhlizini 20 il bundan əvvəl başlayan Bakı-Tbilisi-Ceyhan boru xətti prosesinin tamamlanması kimi görür. TANAP layihəsinin həyata keçirilməsinin ABŞ hökuməti üçün çox önəmli olduğunu deyən A.Hoxstayn “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə bağlı Birləşmiş Ştatların dəstəyini ifadə edib.

Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç 2014-cü ildə Bakıda “Cənub” qaz dəhlizinin, 6 ay sonra isə TANAP layihəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi dəyərləndirib. “Cənub” qaz dəhlizinin əsas hissələrindən olan TANAP-ın reallaşmasına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən M.Şefçoviç deyib ki, layihəyə böyük əhəmiyyət verən Avropa İttifaqı işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün bundan sonra da əlindən gələni edəcək.

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Avropa İttifaqı ölkələrinin təbii qaza ehtiyacının ödənilməsi istiqamətində mühüm layihə olan TANAP-ı “Cənub” qaz dəhlizinin əsas həlqəsi adlandırıb. O, böyük siyasi əhəmiyyətə malik bu layihənin ölkələrimizdəki iqtisadi inkişafın təminatçısı olacağını deyib.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili “Cənub” qaz dəhlizinin ölkəsi üçün də çox önəmli olduğunu qeyd edərək, bu layihənin regionun inkişafında mühüm rol oynayacağını bildirib. Gürcüstan dövlətinin başçısı TANAP layihəsinin Asiya ilə Avropa arasında enerji dəhlizi rolunu oynadığını, ticarət, turizm və digər layihələrin inkişafına xidmət edəcəyini, ölkələrimizin enerji təhlükəsizliyinin təmin olunmasına güclü dəstək verdiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyev bir daha Türkiyədə olmaqdan məmnunluğunu bildirib, gələn ay Çanaqqala zəfərinin 100 illik yubileyində qardaş ölkəyə yenidən səfər edəcəyini söyləyib. “Bu gün tarixi gündür və bu layihə ilk növbədə Türkiyə-Azərbaycan birliyinin layihəsidir”, - deyən dövlət başçısı ölkələrimizin bir-birinin uğurlarına hər zaman sevindiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev dünya miqyasında böyük qaz yataqlarından olan “Şahdəniz”in “Cənub” qaz dəhlizi üçün yeganə resurs mənbəyi olduğunu vurğuladı. Qısa vaxtda dünyada böyük dəstək qazanan TANAP, 2013-cü ildə “Cənub” qaz dəhlizinin tərkib hissəsi kimi seçilən TAP layihələri üzrə işlərin cədvəl üzrə gedəcəyinə əminliyini ifadə edən dövlət başçısı “Cənub” qaz dəhlizini Avropanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirib. Bildirib ki, Azərbaycanın malik olduğu nəhəng qaz ehtiyatları “Cənub” qaz dəhlizini təmin edəcək, bu layihə ölkələr arasında yeni əməkdaşlıq formatlarının yaranmasına səbəb olacaq.

Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə həyata keçirilən layihələrin hər zaman uğur qazandığını vurğulayan, bu layihənin də eyni taleyi yaşayacağına əminliyini bildirən Prezident İlham Əliyev Avropanın qaza olan tələbatının ödənilməsində Azərbaycanın mühüm rolunu vurğulayıb, TANAP layihəsinin təməlinin Novruz bayramı ərəfəsində, ilaxır çərşənbə günündə qoyulmasının rəmzi məna daşıdığını dedi və layihəyə uğurlar arzulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihənin sülhə və rifaha xidmət etməsini arzulayıb. Dövlət başçısı “Şahdəniz” qazını Avropaya çatdıracaq bu kəmərin əhəmiyyətindən danışıb, onun ilk növbədə, ölkələrimizin və bölgə xalqlarının rifahına xidmət edəcəyini bildirib. Nəzərdə tutduğu hədəflərin özəlliyi baxımından TANAP-ın alternativinin olmadığını deyən Rəcəb Tayyib Ərdoğan onun Avropa ilə Xəzər bölgəsi arasında güclü əlaqə yaradacağını, layihənin nəzərdə tutulduğu vaxtda istismara veriləcəyinə əmin olduğunu deyob.

Sonra TANAP boru kəmərinin təməli qoyulub.

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP layihəsi çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq. Boru xətti Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşacaq və bu nöqtədən etibarən TAP ilə bağlanacaq. Ötən ilin oktyabr ayında imzalanan Ana Xətt Boruları Satınalma Sözləşmələri çərçivəsində ümumi boru həcminin 80%-nin Türkiyə istehsalçıları tərəfindən tədarük edilməsinə və dekabr ayında imzalanan Quru Sahəsi üzrə Boru Xətti İnşaat Sözləşmələri çərçivəsində boru xəttinin Gürcüstan-Türkiyə sərhədindən Eskişehirə qədər olan 56 düym diametrindəki 1334 kilometrlik hissəsinin üç lot halında, aralarında Türkiyə və Azərbaycan podratçılarının çoxluq təşkil etdiyi şirkətlər tərəfindən inşa edilməsinə qərar verilib.

TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama