Modern.az

Əhalinin əmanətləri təhlükədədir - Ekspertdən təşviş dolu İZAH

Əhalinin əmanətləri təhlükədədir - Ekspertdən təşviş dolu İZAH

18 Mart 2015, 00:55

Maliyyə sahəsi üzrə ekspert Əkrəm Həsənov son vaxtlar Azərbaycanın bank sektorunda baş verən proseslərin mahiyyətinin anlaşılması üçün geniş izahatla çıxış edib. Modern.az saytı onun məqaləsini təqdim edir.

- Mərkəzi Bankın son qərarlarının iç üzü: əhalinin əmanətləri təhlükədədir, inflyasiya artacaq, devalvasiya davam edə bilər...

Son həftə ərzində cəmiyyətə Mərkəzi Bankın 3 qərarı bəlli olub: 1) açıq valyuta mövqeyi limitinin tətbiqinin ilin sonunadək dayandırılması; 2) 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlərin nəzarət altında olan aktivlər kimi təsnifləşdirilməsinin mümkünlüyü; 3) depozitlər üzrə məcburi ehtiyat normasının 2%-dən 0,5%-dək azaldılması.

Bu qərarların mahiyyəti nədən ibarətdir? Onları biri-birinə nə bağlayır? Hamısını bir-bir xırdalayacağam. Uzun alınacaq, amma ümid edirəm ki, hamı başa düşəcək. Yoxsa son günlər bilən-bilməyən nə istəyir danışır bu barədə.

1. Açıq valyuta mövqeyi limitinin tətbiqinin ilin sonunadək dayandırılması qanunsuzdur (məsələ bir həftə öncə cəmiyyətə agah olsa da, Mərkəzi Bank şərh vermir, deməli, qanunsuz qərar verdiyini təsdiqləyir). “Banklar haqqında” Qanunun 34.1-ci və 34.2.11-ci maddələrinə, habelə “Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”na ziddir. Çünki həmin aktlarda limitlərin tətbiqinin dayandırılması nəzərdə tutulmayıb. Əksinə, Mərkəzi Bank mütləq bu limitləri müəyyən etməli və tətbiq etməlidir. Bu limitlər əksər ölkələrdə mövcuddur. Devalvasiydan sonra isə, bir qayda olaraq, bu limitlər daha da sərtləşdirilir. Bizim Mərkəzi Bank isə nəinki sərtləşdirmədi və ya heç olmasa yumşaltmadı, əksinə, limitləri faktiki olaraq ləğv etdi. Niyə? Bu hansı nəticələrə gətirə bilər?

Əvvəla, onu deyək ki, Mərkəzi Bankın banklar üzərindəki nəzarətinin məqsədi banklara pulunu etibar etmiş şəxslərin (geniş mənada əmanətçilərin) maraqlarının qorunmasıdır (Mərkəzi Bank haqqında Qanunun 46.1-ci maddəsinə əsasən). Bankın qazanc mənbəyi kreditdir. Kredit üçün vəsaiti isə bank əmanətçilərdən cəlb edir. Başqa sözlə, kredit verərkən, əsasən özünün deyil, başqalarının vəsaitlərini risk altına qoyur. Mərkəzi Bank da banklara nəzarət edir ki, banklar üzərlərinə həddən çox risk götürməsinlər və əhalinin əmanətlərini batırmasınlar.

Açıq valyuta mövqeyi limitləri də o cümlədən bu məqsədə xidmət edir. Deməli, Mərkəzi Bank bu limitdən imtina edirsə, bankların üzərində nəzarəti azaldır və əmanətçilərin maraqlarını təhlükə altına qoyur. Məlumdur ki, devalvasiyadan sonra əmanətlər bir qayda olaraq, dollarla qoyulur, kreditlər isə əksinə, manatla götürülür. Bunun törətdiyi riski aşağıdakı misalda (misal model xarakteri daşıyır və bankın faiz gəlirlərini və xərclərini, habelə problemli kreditlərdən itkilərini nəzərə almır) izah edək.

Tutaq ki, bankın kapitalı (yəni öz pulu) 50 mln. manatdır. Xaricdən 100 mln. dollar borc cəlb edib. Ölkədə əmanətçilərdən 150 mln. dollar cəlb edib. Beləliklə, bankın cəmi vəsaiti (aktivləri) 50 mln. manat+250 mln. dollardır (100+150). Bank qazanc əldə etmək üçün bu vəsaiti kredit vermək istəyir. Krediti hamı manatla götürmək istəyir. Bankın öz pulu olan 50 mln. manatın verilməsində problem yoxdur: onsuz da həmin pul manatdadır. 250 mln. dolları isə manata çevirib verməlidir. Bu edir 262,5 mln. manat. Verə bilər? Açıq valyuta mövqeyi limiti (yəni kapitalın 10%-i) qüvvədə olsaydı, cəmi 5 mln. manatı verə biləcəkdi. Yəni cəmi 4,76 mln. dolları. 245 mln. dollardan çox olan məbləği isə dollarla kredit verməli olacaqdı. Amma indi limit yoxdur. Buna görə də bank 250 mln. dolların hamısını manatla (262,5) kredit verir. Bu halda manatın növbəti devalvasiyası bütün bank sistemini çökdürə bilər. Tutaq ki, məsələn, 30% devalvasiya və 1 dollar 1,36 manat oldu. Başqa sözlə, bankın kredit kimi verdiyi 262,5 mln. manatın dollar ekvivalenti 193 mln. oldu. Bankın isə dollar borcu (xarici kreditorlara və yeri əmanətçilərə) 250 mln. dollardır. Çatışmayan 57 mln. dolların taleyi necə olacaq? Tutaq ki, bank özünün 50 mln. manatını da dollara çevirib 36,7 mln. dolları da qaytardı. Yenə də 20 mln. dollardan çox borc qalır. Demək, bank müflis olacaq və əmanətlər batacaq. Açıq valyuta mövqeyi limitinin aradan qaldırılmasının əsas təhlükəsi məhz budur. Mərkəzi Bank valyuta risklərini tənzimləməkdən və onlara nəzarətdən imtina edirsə, deməli, bank sisteminin özünü təhlükə altına qoyur. Onu da nəzərə almaq lazımdır ki, bank sistemində “domino” effekti var: bir bankın başına belə hal gəlsə, digərlərində də valyuta riskləri reallaşa bilər (və bu halda Əmanətlərin Sığortalanması Fondunun özü də müflis olacaq, deməli, əmanətlərin sığortası da heç nə olacaq, SSRİ vaxtında qoyulmuş əmanətlərin taleyi yenidən yaşanacaq). Mən hələ orta səviyyəli bankı misal gətirdim. İri banklarımızın kredit portfeli daha böyükdür, deməli, riskləri də daha çoxdur.

Əhalinin əmanətləri məhz dollarla yerləşdirmək, krediti isə manatla götürmək istəyi qarşısında Mərkəzi Bankın alternativ qərarı nə ola bilərdi? Ən azı limiti olduğu kimi saxlamaq. Bu halda banklar məcburən əmanətləri də dollarla qəbul etməkdən imtina etməli olacaqdılar. Əlbəttə, bu əmanətlərin bir qisminin bank sistemindən çıxarılmasına səbəb olacaqdı. Amma hər halda bu qərar milli valyutanı və əmanətçilərin maraqlarını qorumaq nöqteyi-nəzərindən daha düzgün olardı.

Xarici təcrübə göstərir ki, devalvasiya zamanı sözügedən limit, əksinə, daha da sərtləşdirilir. Əhali və banklar da bununla barışmalı olurlar. Bizdə isə barışmadılar? Kim? Əhali? Xeyr, əhali Mərkəzi Banka təsir edə bilməz. Deməli, banklar barışmadılar və Mərkəzi Banka təzyiq edərək limitin aradan qaldırılmasına nail oldular. Niyə?

İlk növbədə ona görə ki, əmanətçilərini itirmək istəmirlər. Bu, başa düşüləndir. Lakin başqa səbəb də var. Məsələ burasındadır ki, reallıqda yerli banklar, bir qayda olaraq, açıq valyuta mövqeyi limitinə onsuz da riayət etmirdilər. Necə? Fiktiv (uydurma) derivativ (məsələn, forvard) müqavilələri bağlamaqla. Həmin müqavilələr, bir qayda olaraq, bankla onun iri və daimi müştəriləri (əsasən borc alanları) arasında bağlanırdı. Müqaviləyə görə, guya ki, müştəri bank qarşısında öhdəlik götürür ki, məsələn, 2015-ci ilin mart ayında banka 0,78 manat məzənnəsi ilə dollar satacaq. Bank da bu müqaviləni Mərkəzi Banka göstərir ki, bax, valyuta riskim yoxdur. Təbii, Mərkəzi Bank da hər şeyi gözəl başa düşür (əslində, müqavilənin fiktiv olması aşkardır: maliyyə bazarının iştirakçısı olmayan şəxs nədən üzrərinə belə risk götürsün ki?!).
İndi təsəvvür edin ki, fevral devalvasiyasından sonra bank qarşısında belə öhdəlik götürən müştərilər necə təşvişə düşmüşdü. Təbii ki, onlar bu fiktiv müqavilələri bağlayanda devalvasiya riskini nəzərə almırdılar. Bank onlara belə deyirdi təxmini: sənə kredit verirəm, amma açıq valyuta mövqeyim pozulur, gəl gözdən pərdən asmaq üçün forvard müqaviləsi də bağlayaq ki, Mərkəzi Bankın pretenziyası olmasın. Devalvasiyadan sonra isə bankların iki yolu var idi: ya həmin müştərilərdən 0,78 manat məzənnəsi ilə dollar tələb etmək, ya da açıq valyuta mövqeyi limitini pozduğunu etiraf etmək. Birinci yol vicdansız və təhüləkəli idi əlbəttə: qalmaqal olacaqdı (müştərilər bankları dələduzluqda ittiham edəcəkdi) və banklara etibar tam öləcəkdi. İkinci yol isə bank sistemimizin bütün eybəcərliklərini üzə çıxaracaqdı: məlum olacaqdı ki, banklar normativlərə riayət etmirdi və Mərkəzi Bank buna göz yumurdu. Buna görə də üçüncü yol seçildi: limitlər tamamilə aradan götürüldü.

Nəticə: sözügedən limitin aradan qaldırılması bankların maraqlarına cavab verir, Mərkəzi Bankın nəzarətindəki qüsurları ört-basdır edir, lakin bütövlükdə bank sistemini və əhalinin əmanətlərini təhlükə altına qoyur.


2. 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlərin nəzarət altında olan aktivlər kimi təsnifləşdirilməsinin mümkün hesab edilməsi, birinci qərardan fərqli olaraq, qanun çərçivəsində həyata keçirilib. Mərkəzi Bank qərar verib, Ədliyyə Nazirliyi bu qərarı dövlət qeydiyyatına alıb. Mərkəzi Bank haqqında Qanunun 48.1.3-cü maddəsinə əsasən Mərkəzi Bank kreditlər və digər aktivlər üzrə ehtimal olunan zərərlərin ödənilməsi üçün banklar tərəfindən yaradılan xüsusi ehtiyat fondunun hesablanması və formalaşdırılması qaydasını müəyyən edir. Yəni bankların verdiyi kreditlər müəyyən meyarlar (kreditin keyfiyyəti, yəni qaytarılması üzrə gecikmələrin olmaması və s.) üzrə təsnifləşdirilir və təsnifat qrupuna uyğun olaraq müəyyən məbləğdə ehtiyat yaradılır. Ehtiyat bankın özündə saxlanılır. Buna baxmayaraq, faktiki olaraq bank bu puldan istifadə edə bilmir. Məqsəd odur ki, bank çox risk etməsin və əmanətləri batırmasın. Problem yarandıqda həmin ehtiyatlar əmanətçilərin maraqlarına xidmət edəcək.

Sözügedən dəyişikliklə Mərkəzi Bank restrukturizasiya olunmuş aktiv üzrə daha yumşaq təsnifat, deməli, daha az ehtiyat üçün əsas yaradıb. Restrukturizasiya nədir? Kreditin qaytarlması üzrə çətinliyin yaranması səbəbindən kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi (məsələn, müddətin uzadılması, faiz dərəcəsinin azaldılması və s.). İndiyə qədər belə aktiv üzrə banklar ən azı 30% ehtiyat yaratmalı idilər. Məsələn, 1 mln. məbləğində kredit restrukturizasiya olubsa, bank kredit qayıdanadək əlavə olaraq 300 000 ehtiyat saxlamalı idi. İndi isə Mərkəzi Bank icazə verdi ki, 23 fevraldan restrukturizasiya olunmuş kreditlər üzrə 5% ehtiyat yaratmaq da olar. Yəni göstərilən misala uyğun 300 000 əvəzinə 50 000.

Məlumdur ki, devalvasiyanın nəticəsi olaraq dollarla götürülmüş kreditlər hazırda, bir qayda olaraq, restrukturizasiya olunur. Əsasən müddət uzadılır ki, borc alanların üzərindəki aylıq ödəniş yükü azalsın. Adi qaydada belə kreditlər üzrə banklar 30% ehtiyat yaratmalı olacaqdılar. İndi isə 5% ehtiyat yaradacaqlar. Bu baxımdan başadüşülən addımdır. Amma təhlükəsiz deyil. Əvvəla, ona görə ki, heç də hər borc alan bu restrukturizasiyaya razı olmur və kreditin əvvəlki məzənnə ilə manatla qaytarılmasında israr edir və ya ümumən krediti qaytarmaqdan imtina edir. Deməli, bu kreditlərin qaytarılması təhlükə altındadır. Belə bir şəraitdə bu kreditlər üzrə ehtiyat normasının azaldılması bankları, dolayısı ilə isə əmanətçiləri təhlükə altına qoyur.

Ən əsası isə Mərkəzi Bankın bu qərarı ünvanlı deyil. Yəni deyilmir ki, 5%-lik ehtiyat yalnız 23 fevraladək götürülmüş və ondan sonra restrukturizasiya olunmuş xarici valyutada olan kreditlərə aiddir. Deməli, banklar manatla olan kreditləri, habelə bundan sonra həm milli, həm də xarici valyutada verdikləri kreditləri də restrukturizasiya edərsə, 30% əvəzinə 5% ehtiyata yaradacaq. Niyə? Axı bu artıq ünvansız güzəşt oldu. Banklar bundan geniş istifadə edəcək, az ehtiyat yaradacaq və cəlb etdikləri əmanətləri təhlükə altına qoyacaqlar. Yeri gəlmişkən, banklar adi vaxtda da Mərkəzi Bankın müəyyən etdiyi meyarlardan kənarlaşaraq verdiyi kreditlərini yumşaq təsnifləşdirərək az ehtiyat yaratmağa can atırlar. İndi isə Mərkəzi Bank özü buna imkan yaratdı. Aydın məsələdir ki, Mərkəzi Bankın bu addımı da bankların təzyiqi altında atılıb və devalvasiyanın “qan bahası”dır.

Nəticə: sözügedən yumşaltma bankların maraqlarına cavab verir və Mərkəzi Bankın onlara güzəştidir. Lakin bu güzəşt nəticəsində bankların ehtiyatları azalacaq. Deməli, əmanətlər üçün təhlükə xeyli artacaq.

3. Depozitlər üzrə məcburi ehtiyat normasının 2%-dən 0,5%-dək azaldılması da, birinci qərardan fərqli olaraq, qanun çərçivəsində həyata keçirilib. Mərkəzi Bank qərar verib, Ədliyyə Nazirliyi bu qərarı dövlət qeydiyyatına alıb. Mərkəzi Bank haqqında Qanunun 32-ci maddəsinə əsasən məcburi ehtiyatlar depozitlərin faizi nisbətində müəyyən edilir və Mərkəzi Bankda saxlanılır. Yəni indiyə kimi bank xaricdən aldığı kreditlərin, əhalidən cəlb etdiyi əmanətlərin və şirkətlərin hesablarında olan pul vəsaitinin 2%-ni Mərkəzi Bankda saxlayırdı. Bundan sonra 0,5%-ni saxlayacaq. Başqa sözlə, sərəncamında daha çox vəsait qalacaq. Bu ehtiyatın məqsədi nədir?

Mərkəzi Bank haqqında Qanunun 29.1.3-cü maddəsinə əsasən, məcburi ehtiyat Mərkəzi Bankın həyata keçirdiyi pul siyasətinin alətlərindən biridir. Pul siyasətinin məqsədi nədir? Mərkəzi Bank haqqında Qanunun 4.1-ci maddəsinə görə Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi qiymətlərin sabitliyininin (yəni inflyasiya ilə mübarizə) təmin edilməsidir. Deməli, pul siyasəti də ilk növbədə qiymətlərin sabitliyinə xidmət edir. Mərkəzi Bank sözügedən ehtiyat normasını artırırsa, deməli, inflyasiya təhlükəsini görür və dövriyyədəki pulun həcmini azaldır. Əksinə, azaldırsa, deməli, inflyasiya təhlükəsi yoxdur və ya hətta deflyasiya təhlükəsi var.

İndiyə qədər Mərkəzi Bank deyirdi ki, inflyasiya cüzidir. Buna baxmayaraq sözügedən ehtiyat normasını 2% (bir müddət öncə hətta 3% idi!) həddində saxlayırdı. Hazırda hamını inflyasiya təhlükəsi narahat edir. Dövlət qiymət artımı ilə mübarizə aparır. Mərkəzi Bank isə sözügedən ehtiyat normasını azaldır. Yəni qanun və iqtisadi nəzəriyyəyə uyğun olaraq deyir ki, nəinki ölkədə inflyasiya təhlükəsi yoxdur, hətta bir aydan az müddət ərzində inflyasiya təhlükəsi daha da azalıb. Bunu necə başa düşək? Dükanlarda qiymətlərin real artması şəraitində necə inanaq ki, inflyasiya təhlükəsi yoxdur? Mərkəzi Bank niyə əsas məqsədinə (qiymətlərin sabitliyinə) can atmaq əvəzinə bunun tam əksinə istiqamətlənmiş qərar verir?

Məsələ burasındadır ki, reallıqda Mərkəzi Bank heç vaxt məcburi ehtiyatdan pul siyasətinin aləti kimi istifadə etmirdi. Bu aləti ciddi hesab etmirdi. Buna görə də bu aləti hazırda yumşaltmaqda inflyasiya üçün problem görmür. Bəs onda hansı məqsəd üçün istifadə edirdi?

Qabaqcıl ölkələrdə məcburi ehtiyatlardan, bir qayda olaraq, istifadə edilmir. Ediləndə də əvəzində banklara mərkəzi bank faiz ödəyir. Çünki əks halda bu gizli vergiyə çevrilir. Bizdə də bu belədir. Yəni banklar, bir növ, cəlb etdikləri vəsaitin müəyyən faizini Mərkəzi Banka xərac kimi verirlər. Mərkəzi Bank da həmin vəsaitdən istifadə edir. Necə? Dar çərçivəyə daxil olan banklara kredit verməklə. Guya uçot dərəcəsi ilə, yəni 3,5%-lə. Reallıqda bu kredit banklara hansı faizə başa gəlir – banklar yaxşı bilir.

Deməli, məcburi ehtiyatın normasını azaltmaqla Mərkəzi Bank, daha doğrusu onun rəhbərliyi özünə çatacaq xəracın məbləğini azaldır. Səbəb də bəllidir – devalvasiya nəticəsində Mərkəzi Bank banklara ciddi zərər vurub, indi də onların qarşısında başı aşağıdır. Banklar da təzyiq edir ki, heç olmasa xəracının məbləğini azalt. Mərkəzi Bank da bu təzyiq altında xəracını azaltdı.

Nəticə: sözügedən normanın azaldılması bankların maraqlarına cavab verir və Mərkəzi Bankın məmurlarının şəxsi güzəştidir. Lakin eyni zamanda sırf hüquqi və iqtisadi nəzəriyyə baxımından bu normanın azaldılması inflyasiyanın artmasına xidmət edir.

Beləliklə, sözügedən üç qərar üzrə ümumi nəticə: Mərkəzi Bankın məmurlarının banklara güzəştləri əhalinin əmanətlərinin salamatlığı üçün təhlükəni artırır və inflyasiyaya rəvac verir. Faktiki olaraq Mərkəzi Bankın tabeliyində olan Əmanətlərin Sığortlanması Fondunun sığortalanan əmanətlər üzrə faiz dərəcəsini 12%-ə çatdırması da bu fikri təsdiqləyir. Əmanət faizlərinin artması kredit faizlərinin də artmasına səbəb olacaq. Faizlər artacaqsa, inflyasiya da artacaq. Digər tərəfdən isə bu addım onu göstərir ki, bankların ciddi likvidlik problemi var və bu problemi əmanətlər hesabına həll etmək istəyirlər.

Yaxşı bəs, devalvasiyadan sonra ən gözlənilən qərar hansı idi? Xarici valyutanın ölkədən çıxarılmasına məhdudiyyətlərin müəyyən edilməsi! Məlumdur ki, xarici valyutanın ölkədən xaricə axını artır. Əlində az-maz xarici valyutası olan onu xaricdə yerləşdirir: məsələn, Türkiyədə və Şərqi Avropada daşınmaz əmlak alır və s. Bu gün xarici valyutanın çıxarılması üçün heç bir məhdudiyyət yoxdur. Nə qədər istəyirsən, ölkədən çıxar. Xarici təcrübə göstərir ki, devalvasiyadan sonra xarici valyutanın ölkədən çıxarılması məhdudlaşdırılmalıdır. Lakin nədənsə Mərkəzi Bank ən gözlənilən və zəruri addımı atmır. Nəyi gözləyir? Ölkəni tamamilə xarici valyutasız qoymaq və devalvasiyanı davam etdirmək istəyir?

P.S. Qabaqcıl dünya təcrübəsinə əsasən, Mərkəzi banklar öz qərarlarını cəmiyyətə izah etməlidir. Çünki bank sistemi etibara söykənir. Əksər vətəndaşların iqtisadi və hüquqi savadı yoxdur və ya azdır. Bank sferası sahəsində isə hətta iqtisadçıların və hüquqşünasların da bir qismi məsələləri tam başa düşmür. Mərkəzi Bankın qərarlarını əsasən yalnız bankirlər tam başa düşür. Manatın devalvasiyasından sonrakı təlatümlü dövrdə bank sisteminə etibar xeyli azalıb. Deməli, Mərkəzi Bankın məsuliyyəti daha da artıb və qərarlarını izah etməlidir ki, əhalinin etibarını bərpa etsin. Lakin Mərkəzi Bank qərarlarını şərh etmir. Lazımi qərarları da qəbul etmir. Banklara dair mövcud tələblərini də yumşaldır. Bu qərarlar ictimaiyyətə yalnız bir neçə gün sonra və təsadüfən məlum olur. Buna görə də panika daha da artır. Hardan bilək, bəlkə artıq Mərkəzi Bank bank sistemini və əmanətləri təhlükə altına qoyan başqa qərarlar da qəbul edib, xəbərimiz yoxdur?!

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi