Modern.az

Eldar İbrahimov: "Neftin qiyməti belə qala bilməz"

Eldar İbrahimov: "Neftin qiyməti belə qala bilməz"

18 Mart 2015, 15:46


Manatın devalyasiyasından sonra bütün sahələrdə qiymət artımı verməkdədir. Bununla yanaşı, əksər iş yerlərində ixtisarlar da aparılır. Bu səbəbdən də ucqar kəndlərdən şəhərlərə iş arxasınca gələnlərin geri qayıtma halları müşahidə olunur.

İnsanların kəndlərə qayıtması aqrar sahəyə necə təsir edə bilər?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a açıqlamasında deyib ki, insanların kəndə axınını manatın devalyasiyası ilə əlaqələndirmək doğru deyil.

“Hər bir insan kəndə qayıdıb torpaq sahəsində çalışsa, bunun aqrar sahəyə faydası daha çox ola bilər. Azərbaycanda, xüsusən də kənddə yaşayan insanların 3 milyon 500 min torpaq payı var. Ona görə də həmin insanlar şəhərdən kəndə axın edərsə bu kənd təsərrüfatı məhsuldarlığnı artırmaq, ərzaq təhlükəsizliyini təmin etmək deməkdir. Bunu daha doğru addım hesab edirəm. Amma şəhərə hansısa səbəbdən axın edən insanların yenidən kəndə qayıtmasını manatın devalyasiyası ilə əlaqələndirmirəm. O baxımdan ki, biz dünyanın o cümlədən, Avropa ölkələrinin iqtisadi böhranla üz-üzə qaldığının şahidiyik. Bu gün Azərbaycanda dolların manatla cəmi 5 qəpik fərqin olduğunu hiss etmək olar. Qonşu dövlətləri, Rusiya və Türkiyədə görün nə qədər fərq var. Ona görə də dolların manatı üstələməsi o qədər də böyük fərq deyil”. 



Komitə sədri bildirib ki, manatın qiymətinin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində müəyyən işlər görülür.

 “Həm dövlətimiz, həm də hökumətimiz bu sahədə çox böyük işlər görür. Dünən Milli Məclisin hesabatında da Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bu məsələlər barədə geniş izahat verdi: “Ona görə də bu məsələdə ajiotaj yaratmağa ehtiyac yoxdur. Çünki gələcəkdə manatın qiymətinin sabit saxlanılması istiqamətində işlər görülür. Demirəm ki, 5 qəpiyin heç bir şeyə təsiri yoxdur. Xaricdən ölkəyə idxal olunan mallar dollarla alındığına görə Azərbaycanda bu müəyyən dərəcədə bahalaşmaya səbəb olur. Bu da təbiidir”.

Manatın devalyasiyasından danışan deputat xüsusi olaraq vurğulayıb ki, neftin qiymətinin kəskin ucuzlaşması dolların, manatın məzənnəsinə də təsir edən əsas amildir.

“Amma, mənə elə gəlir ki, manatın qiymətinin dollara nisbətən ucuzlaşması Azərbaycanda gedən pul-kredit və bankların siyasəti ilə əlaqədar olaraq müvəqqəti hal daşıyır. Eyni zamanda bu, iqtisadi sahədə təcrübədən keçmiş hal kimi inkişafa stimul verəcək.

Hər halda neftin qiyməti belə qala bilməz. Subyektiv fikrimdən çıxış edərək deyə bilərəm ki, neftin qiymətinin bu formada qalması 3-5 ay çəkə bilər. Bu ildən artıq belə davam edə bilməz. Çünki neft təkcə Azərbaycan üçün vacib məsələ deyil. Əgər neft 30 dollara düşərsə, böyük dövlətlər bundan böyük zərbə ala bilər. Bütün dünya dağılıb gedər. Ona görə də hesab edirəm ki, neftin qiyməti qalxacaq. Çünki dolların, manatın bu səviyyəyə düşməsinin səbəbi neftdir. Neftin qiymətinin bu dərəcədə aşağı olması Amerika, Avropa, ərəb ölkələrinə də böyük ziyan vurur”.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama