Modern.az

Dollarda krediti olan nə etsin və ya əhalini niyə səhv istiqamətləndirirlər?

Dollarda krediti olan nə etsin və ya əhalini niyə səhv istiqamətləndirirlər?

25 Mart 2015, 00:23

Əkrəm Həsənov,
IJS Hüquq Firmasinin direktoru, vəkil

Devalvasiydan bir ay ötsə də, xarici valyutada (əsasən dollarda) krediti olanlar hələ də nə etməli olduqlarını bilmirlər. Onları maraqlandıran əsas sual kreditin hansı məzənnə (əvvəlki, yoxsa indiki) ilə geri qaytarılmasıdır.

Mərkəzi Bank ənənəvi olaraq susur. Hökumət rəsmilərinin dediklərindən belə nəticəyə gəlmək olar ki, kredit indiki (kreditin geri qaytarıldığı andakı) məzənnə ilə qaytarılmalıdır. Bəzi hakimlər isə kreditin əvvəlki (kreditin verildiyi andakı) məzənnə ilə qaytarılması fikrindədir.

Təbii, banklar kreditin indiki məzənnə ilə qaytarılmasında israrlıdır. “Kompromis” kimi kreditin müddətini uzadılmasını təklif edirlər ki, borc alanların aylıq ödəniş yükü ağır olmasın. Əslində, bu kompromis deyil. Müddət uzadılırsa, deməli, bir qayda olaraq, bankların faiz gəlirləri də artır. Başqa sözlə, banklar qazanır, müştərilər itirir.

Bəzi ekspertlər (hüquqşünaslar və hətta iqtisadçılar) Mülki Məcəllənin 439.7-ci maddəsinə istinad edərək kreditin əvvəlki məzənnə ilə qaytarılması zənnindədir. Bu rəy əhali üçün çox cəlbedicidir. Buna görə də məhkəmələrdə banklara qarşı artıq belə iddialar irəli sürülüb. Hətta deyirlər ki, bir məhkəmə artıq bu iddianı təmin edib, yəni kreditin əvvəlki məzənnə ilə qaytarılması haqda qərar verib.

Lakin heç şübhəm yoxdur ki, son nəticədə ya Ali Məhkəmə, ya da Konstitusiya Məhkəməsi kreditin indiki məzənnə ilə qaytarılması haqda qərar verəcək. Düzgün qərar da budur. Bu barədə fikirlərimi ətraflı bildirmişəm. Qısası belədir: Mülki Məcəllənin 439.7-ci maddəsi qüsurlu ifadə edilib, amma istənilən halda orada söhbət başqa hallardan (denominasiyadan və ya milli valyutanın dəyişdirilməsindən) gedir; həmin Məcəllənin 439.2-ci maddəsində isə açıq-aydın yazılıb ki, ödəniş əvvəlki deyil, cari məzənnə edilə edilməlidir. 439.7-ci maddədə “xarici valyuta” ifadəsi heç yoxdur da. Amma 439.2-ci maddədə var.

Bu mövqeyin düzgünlüyü, o cümlədən xarici və beynəlxalq təcrübə ilə, eləcə də Avropa Məhkəməsinin təcrübəsi ilə də təsdiq olunur. Nəhayət, hüquqi nəzəriyyə baxımından da bu düzgündür. Hələ Qədim Roma hüququndan bəllidir ki, borcun predmeti əvəz edilən əşyadır, ancaq pul deyil. Yəni buğda, düyü və digər əşyalar da borcun predmeti ola bilər. Buğdanı borc götürən qaytaranda düyü qaytara bilərmi? Təbii ki, yox. Ən azı cari qiymətini ödəməlidir.

Mülki hüquq sahəsində istənilən xarici ekspertdən soruşsanız, bu cavabı alacaqsız. Çünki əslində məsələ çox sadədir və normal bank sistemi olan cəmiyyətdə sual doğurmur (məsələn, bu yaxınlarda İsveçrə frankı avroya nisbətdə ciddi bahalaşdı, bəziləri müflis oldu, amma bizdəki suallar heç kəsdə yaranmadı).
Bizdə onu qəlizləşdirən yalnız iki amil var: 1) Mülki Məcəlləmizin qüsurlu dili və ümumən mülki hüquq elminin və təhsilinin aşağı səviyyəsi; 2) emosiyaya qapılaraq insanlara kömək etmək istəyi. Amma unutmayaq ki, bununla borc alanlara kömək etmək istəyi dollarda əmanəti olanların əleyhinə yönəlib: banklar da onların əmanətlərini əvvəlki məzənnə ilə qaytarmaq istəyə bilər axı.


Buna görə də kreditin əvvəlki məzənnə ilə qaytarılması xülya olaraq qalacaq. Əhali yalnız hüquqşünaslara yersiz pul sərf edəcək və vaxtını itirəcək. Vaxt məsələsi isə önəmlidir. Yəqin ki, bu məsələdə ekspertlərin hamısı səmimi yanılmır. İstisna deyil ki, əhalini bilərəkdən səhv istiqamətləndirənlər də var. Onlar bununla nəyə nail olmaq istəyir? Çox güman ki, məqsəd borc alanları banklara qarşı düzgün mövqedən yayındırmaqdır.

Düzgün mövqe isə ondan ibarətdir ki, xarici valyutada kreditin verilməsinin özü qanunsuzdur. Belə ki, Konstitusiyanın 19-cu maddəsinin III hissəsində deyilir: “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır”.
Mülki Məcəllənin 439.1-ci maddəsi daha liberal olsa da (xaricilərə qarşı), yenə də bu fikri təsdiqləyir, özü də daha konkret: “Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” (təəccüblü və şübhəli də elə odur ki, Mülki Məcəllənin 439.1-ci və 439.2-ci maddələrinin açıq-aydın müddəalarına şərh verməyənlər mənası ən azı mübahisəli olan 439.7-ci maddədən yapışıblar).
Deməli, vətəndaşlarımıza xarici valyutada kreditlərin verilməsi qanunsuzdur.

Buna əsasən dollarla kredit alan şəxs məhkəmədə kredit müqaviləsinin etibarsızlığı məsələsini qaldıra bilər. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

Borc alan bununla nə əldə edəcək? Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir.

Bu isə o deməkdir ki, həmin şəxs banka istənilən halda aldığı məbləği dollarla və ya hazırda mövcud olan məzənnə əsasında manatla qaytarmalıdır. Eyni zamanda bank da kredit üzrə borc alanın ödədiyi faizləri geri qaytarmalıdır. Beləliklə, dollarda ifadə edilmiş kredit müqaviləsinin etibarsızlığı nəticəsində borc alanlar ödənmiş faizlərin geri qaytarılmasına nail ola bilərlər. Bu isə manatın devalvasiyası nəticəsində onların məruz qaldıqları zərəri qismən azalda bilər.

Əlbəttə, təklif edilən yol kreditin əvvəlki məzənnə ilə ödənilə biləcəyi rəyi kimi cəlbedici deyil. Amma yeganə şans yalnız budur. Ən azı ona görə ki, məhz bu halda qanun müştərilərin tərəfində olacaq. Deməli, iddiaların sayı çox olsa, banklar real güzəştlərə getməyə məcbur olacaq. Çünki kredit müqaviləsinin etibarsızlığı Mülki Məcəllənin 460.3-cü maddəsinə əsasən avtomatik olaraq girov, ipoteka, zaminlik və digər təminatların da etibarsızlığı deməkdir. Başqa sözlə, banklar verdikləri kreditlər üzrə təminatsız qala bilər. Bu isə onları güzəştə getməyə vadar edəcək.

P.S. Ümumən isə vətəndaşlarımıza məsləhət görərdim ki, imkan daxilində kredit götürməsinlər. Götürəndə də heç olmasa manatda götürsünlər. Əmanət də yerləşdirmək indi çox təhlükəlidir. Yerləşdirəndə isə hələlik heç olmasa dollarda yerləşdirsinlər. Manatda olan əmanət faizlərinin yüksəkliyinə şirniklənməsinlər. İri və nüfuzlu bankları üstünlük versinlər. Xüsusilə Rusiyanın Azərbaycandakı banklarına (VTB və Nikoyl) pul yerləşdirməsinlər, çünki böhran içində olan Rusiya hər an həmin pulları mənimsəyə bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi