27 may 2015-ci il tarixində “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ümumi yığıncaqda “Kapital Bank” ASC-nin 2014-cü ilin yekunlarına dair maliyyə hesabatları təsdiqlənib, maliyyə ilinin yekunlarına əsasən Bankın səhmdarlarına dividend ödənilməsi barədə qərar qəbul edilib.
Yığıncaqda, həmçinin, “Kapital Bank” ASC-nin Müşahidə şurasının yeni tərkibi müəyyən edilib. Müşahidə Şurasının sədri Mircamal Paşayev icraçı direktor olduğu “Pasha Holding” ASC-də işinin çox olması ilə əlaqədar istefa verib. MŞ-nin sədri vəzifəsinə hazırda “PAŞA Holdinq” MMC-də Bank Qrupunun rəhbəri vəzifəsini daşıyan Cəlal Ələkbər oğlu Qasımov təyin edilib.
Bununla yanaşı, Müşahidə Şurasının daha bir qərarı ilə Pərvin Şirəli oğlu Əhədzadə Bankın Audit komitəsinin yeni sədri təyin edilib.
Modern.az