“Deputat Musa Quliyevin fikirlərinə hörmətlə yanaşsaq da, bəzi dəqiqləşdirmələr aparmağa ehtiyac var. Məlumat üçün bildiririk ki, Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 73 №-li sərəncamına əsasən, Azərbaycan Dəmir Yolu İdarəsinin balansında olan Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Şəki, Yevlax şəhərləri, Abşeron, Xızı, Tovuz, Xanlar, Daşkəsən, Samux, Saatlı, Salyan, Astara, Goranboy, Sabirabad, Beyləqan, Masallı, Qax, Cəlilabad, Neftçala, Ağdaş, Qazax, İmişli rayonları ərazilərindəki mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları, qurğuları, yollar aidiyyəti üzrə şəhər və rayon icra hakimiyyətlərinin balansına verilməlidir”.
Bunu Modern.az saytına açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Qurum rəsmisi deyib ki, bu sərəncama əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyi Gəncə şəhər İcra Hakimiyyətinə müvafiq məktubla müraciət edib: “Gəncə şəhər İcra Hakimiyyətinin 2014-ci il noyabrın 28-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göndərdiyi cavab məktubunda Azərbaycan Dəmir Yolunun balansında olan mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları qurğularının Gəncə şəhər İcra Hakimiyyətinin balansına və xidmət dairəsinə əvəzsiz qəbul edilməsinə razılıq verilib”.
Nadir Əzməmmədov onu da vurğulayıb ki, hazırda Gəncədəki Məhəmməd Əmin Rəsulzadənin abidəsinin yerləşdiyi parkda aparılan təmir-tikinti işlərinin Nəqliyyat Nazirliyinin struktur bölməsi olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə heç bir aidiyyəti yoxdur: “Parkdakı hər hansı neqativ hala görə cavabdeh orada tikinti işlərini həyat keçirən təşkilatdır”.
Milli Məclisin mayın 29-da keçirilən iclasında deputat Musa Quliyev həmkarı Sabir Rüstəmxanlının Gəncədə Məhəmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi və onun təhqir edilməsi ilə bağlı fikirlər səsləndirib.
O bildirib ki, Sabir Rüstəmxanlının Məhəmməd Əmin Rəsulzadənin abidəsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur: “Ümumiyyətlə, Gəncədə Məhəmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır və bu həqiqəti əks etdirmir. Adıçəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona görə də abidənin təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirsin”.
Gülşən RAUFQIZI