“Metronun “Avtovağzal” stansiyasında məlum səbəblərə görə işlər ləng gedir. Buna görə də həmin stansiyanın təhvil verilməsi gecikir”. Bu sözləri Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O qeyd edib ki, stansiya hazır olan kimi insanların istifadəsinə veriləcək.
“İşlər tam dayandırılmayıb. Stansiyanın böyük hissəsində işlər görülüb. Qalan hissədə də azda olsa, işçi qüvvəsi çalışır. Stansiyanın nə zamana hazır olacağı barədə dəqiq tarix demək mümkün deyil, hazır olan kimi ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, stansiyadan əsas çıxışlar hər iki başda olacaq. Bu çıxışlardan başlayaraq yollar müxtəlif istiqamətlərə yönlənir. Bütün çıxışlar nəzərə alınmaqla, 18-20 metr dərinlikdə yerləşən stansiyada 20 eskalator quraşdırılır. Çıxışlardan biri uzadılaraq Beynəlxalq Avtovağzal kompleksinə çatdırılıb. Daha bir çıxış avtovağzalın qarşısındakı dairədə olacaq. Sonrakı çıxış isə avtovağzalın həyətində yerləşəcək. Bu isə bölgələrə gedən və oradan şəhərə hərəkət etmək istəyən sərnişinlərin rahatlığını tam əhatə edəcək.
Avtovağzaldan stansiyaya qədər məsafə böyük olduğundan burada travolatorların quraşdırılması da nəzərdə tutulub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 18 mart sərəncamı ilə təsdiq etdiyi perspektiv inkişaf sxemi və 2011-15-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq. Dövlət Proqramı əsasında, hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.
Aytən ƏLİYEVA