“Gənclik”də də köşklər quraşdırıldı
Bakı Metropolitenində bir müddət əvvəl sökülən köşklərin yeniləri ilə əvəzlənməsi prosesi davam edir. Rəhbərlik stansiyaların ərazisində, yeraltı keçidlərdə, sərnişinlərin hərəkətinə maneə törətməyən ticarət obyektlərinin fəaliyyətinə icazə verdiyindən artıq “Nərimanov” stansiyasında yeni köşklər quraşdırılıb, “Gənclik” stansiyasında isə köşklərin quraşdırılması son mərhələdədir.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına bildirib ki, “Gənclik” stansiyasında işlər yekunlaşmaq üzrədir: “Bundan sonra təmirə ehtiyac duyulan stansiyalarda da köşklərin quraşdırılması nəzərdə tutulub”.
Metropoliten rəsmisi bildirib ki, köşklər hazır olduqdan sonra apteklər şəbəkəsi,
su, qəhvə satışı və digər xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatlar, kitab ticarəti, gül salonları şəbəkəsi kimi istifadə edilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, 1-ci Avropa Oyunları zamanı köşklər fəaliyyət göstərməyəcək.
Nəsimi Paşayev metro ilə bağlı daha bir yeniliyi açıqlayıb: “Çoxdandır hazırlıqları davam edən saytımız dünəndən istifadəyə verilib. Nəzərinizə çatdırım ki, sayt bir həftə yoxlama rejimində işlədikdən sonra tam fəaliyyətə başlayacaq”.
Qurum rəsmisi saytda Bakı metrosunun fəaliyyətə başlamasından tutmuş sərnişinləri maraqlandıran bir çox məlumatların əks olunduğunu diqqətə çatdırıb:
“Saytda ilk olaraq stansiyaların sxemi əks olunub. Sərnişinlər sxemdən istifadə edərək stansiyalararası məsafəni öyrənə biləcəklər. Saytda həmçinin stansiyaların tikilməsi, tarixi və memarı barədə məlumatlar da əks olunub. Xəbərlər bölməsində “Bakı Metropoliten”ində görülən işlər barədə ətraflı məlumatlar əldə edə bilərsiniz. Turistlər bölməsində ölkəmizə gələn xaricilər Bakı və buradakı obyektlər haqqında məlumatlar yer alıb. Onlayn-müraciət bölməsində vətəndaşların şikayət və təkliflərini bildirmək imkanı olacaq. Yeniliklərimiz sərnişinlərdən gələn təkliflər əsasında davam etdirliləcək”.
Prezident İlham Əliyevin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il fevralın 27-də imzaladığı 289 saylı sərəncama əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Dövlət başçısı Zaur Hüseynovu “Bakı Metropoliteni” QSC-nin sədri təyin edib. Baş verən struktur dəyişiklikləri nəticəsində Bakı Metropoliteninin saytı fəaliyyətini dayandırmışdı.
Gülşən RAUFQIZI