Ümumdünya sərgisi dünyada Olimpiya Oyunları və Futbol Çempionatlarından sonra 3-cü ən nüfuzlu tədbir sayılır. Lakin 2 həftə davam edən Olimpiya Oyunları və 1 ay davama edən Futbol Çempionatı ilə müqayisədə Ümumdünya Sərgisi (EXPO) 6 aydan çox müddətdə hər gün ziyarətçilərin üzünə açıq olur. Sənayeləşmənin simvolu olan Ümumdünya Sərgisi (EXPO) ən son texniki və texnoloji dəyişiklikləri nümayiş etdirmək üçün bir meydançadır. İlk dəfə 1851-ci ilin may-oktyabr aylarında Londonun Hayq-park səmtində keçirilən sərgi sonradan periodik olaraq keçirilməyə başlandı.
Sonuncu EXPO bu günlərdə Milanda davam edən “Milan EXPO-2015” sərgisidir. Sərgi mayın 1-dən oktyabrın 31-nə qədər davam edəcək. Bu dəfəki sərgi “Planetimizi qidalandıraq. Ətraf mühit” mövzusuna həsr olunub.
Modern.az saytının məlumatına görə, “Milan EXPO-2015” sərgisinə 145 ölkə, 3 beynəlxalq təşkilat qatılıb. Bu ölkələrdən 54-ü öz milli pavilyonu ilə təmsil olunur. Sevindirici haldır ki, Azərbaycan da Milan EXPO-ya öz milli pavilyonu ilə təşrif buyurub. Lakin milli pavilyonumuzdan danışmazdan öncə, Azərbaycanın Ümumdünya Sərgilərindəki iştirak tarixinə nəzərə salmaqda fayda var.
Rusiya İmperiyası və Sovet İttifaqının tərkibində olan zamanlar da Azərbaycan bu sərgilərdə, ilk növbədə nefti və qazı ilə təmsil olunub. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan bir müddət dünya EXPO-larından kənarda qalmağa məcbur oldu. Yalınz 2000-ci ildə Almaniyanın Hannover şəhərində keçirilən EXPO-ya ölkəmiz müstəqil ölkə olaraq ilk dəfə qatıldı. Lakin istər 200 Hannover, istər 2000 Hannover, istər 2005 Naqoyya, istər 2010 Şanxay EXPO-larında ölkəmiz pavilyon deyil, klaster səviyyəsində təmsil olurdu. 2015-ci il Milan EXPO-su bu mənada ölkəmizin tarixində bir ilkə imza atdı. Heydər Əliyev Fondu Milan EXPO 2015 sərgisində Azərbaycanın ilk milli pavilyonunun yaradılmasını əvvəldən sona qədər öz üzərinə götürdü.
Qeyd olunmalıdır ki, Azərbaycan pavilyonu elə bir konstruksiya ilə inşa olunub ki, söküldükdən sonra yenidən yığılacaq və Bakının gözəl guşələrindən birində gələcək nəsillər üçün qalacaqdır. 145 ölkədən 54 ölkə milli pavilyon, qalan ölkələr isə klaster şəklində təmsil olunub. Uzunluğu 1,5 kilometr olan De Kumanos küçəsi. EXPO-nun kompozisiyası 2 perpendikulyar üzərində qurulub. Bu isə Roma İmperiyasının şəhərsalma mədəniyyətindən irəli gəlir. Azərbaycan pavilyonu De Kumanos küçəsinin mərkəzində yerləşir. Milli pavilyonumuzun yaradılması yolunda ilk addım kimi 2013-cü ilin oktyabrında Heydər Əliyev Mərkəzində tematik konsepsiyasının yaradılması oldu. Tematik konsepsiyanın mövzusu – “Azərbaycan biomüxtəliflik xəzinəsidir və bu xəzinəni gələcək nəsillər üçün qoruyub saxlamalıyıq” olub. Tematik konsepsiya hazır olduqdan sonra italyan mütəxəssislərlə birlikdə pavilyonun memarlıq dizaynı hazırlanıb. Memarlıq dizaynı hazırlandıqdan sonra isə 2014-cü ilin aprelində pavilyonun inşası başlanıb. Tikinti işləri 2015-ci ilin fevralına qədər davam edib. Memar Rikardo Ciqolottinin layihəsi əsasında pavilyonun strukturu qurulub.
Qeyd olunmalıdır ki, Azərbaycan pavilyonu istifadəyə hazır olan ilk pavilyonlardan biri olub. EXPO-nun açılışına bir neçə ay qalmış Azərbaycan pavilyonun hazır olması İtaliya mətbuatı tərəfindən də pozitiv işıqlandırılmışdı. Məşhur “Corriere della Sera”, “La Repubblica” qəzetləri bu barədə oxucularını məlumatlandırmışdı. Pavilyon 4 mərtəbədən ibarətdir. Bu mərtəbələrdə 3 biosfer qatı yerləşir. İnsanın təbiətlə təmasını əks etdirən bu qatlar öz dizaynı və görüntüsü ilə EXPO-ya gələn ziyarətçilərdə xüsusi estetik zövq yaradır.
Diametri 10 metr olan xüsusi şüşə konstruksiyalarından hazırlanmış biosferlər forması ilə ziyarətçilərə planetimizi xatırladır və onun necə kövrək olduğunu bir daha göstərir.
Digər tərəfdən EXPO-nun əsas mövzusu “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” mövzusu olub. Pavilyonun əsas məqsədi Azərbaycanın həm tarixi, həm mədəni, həm coğrafi üstünlüklərinin götərilməsi idi. Pavilyonun hazırlanması prosesində azərbaycanlı və italyan mütəxəssislərdən ibarət 300 nəfərlik işçi qrup da yaradılmışdı. İşçi qrupun italyan mütəxəssisləri ölkəmizin zəngin keçmişini və təbiətini pavilyonda dolğun əks etdirmək üçün 10 ay müddətində (2014 fevral-2015 fevral) Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Yardımlı, Şəmkir, Şəki, Qəbələ, Şabran, Quba, Xızı, Siyəzən, Şirvan, Abşeron və digər rayonlara 20-dən artıq səfər etmişdilər.
Nəticədə, böyük enerji və fədakarlıq sayəsində 2015-ci ilin fevralında 4 mərtəbəli modern görkəmli Azərbaycan pavilyonu ziyarətçiləri qəbul etməyə tam hazır vəziyyətə gətirildi.
EXPO-ya gələnlər milli pavilyonumuza müxtəlif səmtlərdən daxil ola bilər. Pavilyonun girişində yerləşən qeydiyyat İPad-a ziyarətçilər asanlıqla özlərini qeyd edə bilirlər.
Mayın 1-də Milan EXPO fəaliyyətə başladığı andan etibarən pavilyonumuzun veb-saytında Azərbaycanı ziyarət etmək istədiyini bildirən 80 mindən artıq ziyarətçi qeydiyyatdan keçib.
Mədəni irsimizi, xüsusən Azərbaycanın Şərqdə ilk simfoniyanı yaratdığını nəzərə alaraq pavilyonda əsrarəngiz musiqi repertuarımızdan ibarət kompozisiyalar da ziyarətçilərin dinləməsi üçün onlara təqdim olunur.
Buna görə 1-ci mərtəbə “Səslər simfoniyası”, ikinci mərtəbə “Rənglərin simfoniyası”, “3-cü mərtəbə isə “Dadların simfoniyası” adlanır.
Azərbaycan pavilyonunun 1-ci mərtəbəsinin döşəməsində Azərbaycanın interaktiv xəritəsi yerləşir. Burada coğrafi xəritə ilə yanaşı, dövlətimizin iqtisadi, iqlim və təbbi sərvətlərin əks olunduğu xəritə yer alır. Döşəmənin ətrafındakı 4 totem isə 4 qütbə uyğun olaraq müxtəlif şəhərlərdən – Moskva, London, Nyu-York, Qahirədən Bakıya neçə kilometr olduğu göstərilir.
Xüsusən “musiqili divar” ziyarətçilərin marağını cəlb edir. Azərbaycanın milli alətləri – ud, tar, kanon bu divarda nümayiş olunur. Həmin alətlər periodik olaraq digər milli alətlərimizlə əvəzlənirlər. İnteraktiv elektron monitiorlarda xarici ziyarətçilər Azərbaycanın tarixi, coğrafi və mədəni özəllikləri ilə bağlı məlumatlar əldə edirlər.
2-ci mərtəbədə - “Rənglər simfoniyası”nda iqlim, lanşaft və bioloji müxtəliflik məlumatları çatdırılır.
Burada Azərbnaycanın göz oxşayan təbii landşaftları və ölkəmizin müxtəlif sahələrdəki nailiyyətlərini əks etdirir. Burada Azərbaycan landşaftının rəngarəngliyini əks etdirən bağçalar var. Yaşıl, sarı, qırmızı, bənövşəyi, qəhvəyi və göy rəngli bağçalar ziyarətçilərin xüsusi marağına səbəb olur. Bağçalardan gələn təbii səslər xüsusən ziyarətçi uşaqlar arasında ajiotaj yaradırdı. Hər bağçanın yaxında yerləşən monitorda isə həmin bağçanın rənginə uyğun olaraq Azərbaycanın landşaftını vizual seyr etmək mümkündür.
2-ci mərtəbədə yerləşən digər tematik monitorlarda ölkəmizin tuzim potensialı, qədim və müasir arxitekturası, Bayraq Meydanı, SOCAR şirkətinin yeni inzibati binası, Heydər Əliyev Mərkəzi, Dəniz vağzalı, Heydər Əliyev adına hava limanı, Bakı və bölgələrdəki mehmanxanalar və s. barədə ətraflı informasiya əldə etmək mümkündür.
Biomüxtəlifliyin qorunması və ekoloji problemlərin həlli istiqamətində, milli təbii sərvətlərin bərpasının təmin edilməsində və mühafizəsində, yerli və beynəlxalq ekoloji layihələrin həyata keçirilməsində görülmüş işlər də ölkə pavilyonunun daxili tərtibatında öz xüsusi yerini tapıb.
Bu günədək qeyd olunan istiqamətlər üzrə qısametrajlı videoçarxların çəkilməsi üçün müxtəlif ssenari hazırlanıb. Ssenarilər əsasən qida, kənd təsərrüfatı, ekoloji resurslar, təbii landşaftlar, sosial inkişaf, ixrac və beynəlmiləlləşdirilmə, infrastruktur, mədəniyyət, incəsənət, ətraf mühitin qorunması və GMO tərkibli məhsulların yayılmasının qarşısının alınması istiqamətlərində aparılan işləri əhatə edir. Bu videomateriallar Milandakı milli pavilyonumuzda təqdim olunur və sərgi ziyarətçilərinin Azərbaycan ilə vizual tanışlığına şərait yaradır.
Bu günədək Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyin, unikal landşafların, təbii ehtiyatların və fərqli bölgələrdə yerləşən tarixi abidələrin foto və video çəkilişləri aparılıb.
“Bakını kəşf elə” (fotolar və xəritə vasitəsi ilə Bakı ilə interaktiv tanışlıq) bölməsi isə ötən son texnoloji yeniliklərə cavab verən bölmədir. Belə ki. Azərbaycan pavilyonunu ziyarət edən istənilən ziyarətçi Bakıya piyada və hava vasitəsilə virtual gəzinti edə bilər. 1 dəqiqəlik videogörüntü vasitəsilə - Bayraq meydanı, Neft daşları, Dənizkənarı park və İçərişəhəri virtual ziyarət etmək olar.
Daha bir maraqlı interaktiv görüntü isə “Azərbaycan simaları” (müxtəlif sahələrdən olan azərbaycanlıların portretləri vasitəsi ilə Azərbaycanla tanışlıq) adlanır. Burada sadə Azərbaycan insanının peşələr üzrə– hüquqşnüas, akytor, model, pinəçi, müəllim, polis, idmançı, satıcı, usta, bərbər, həkim və s. simaları əks olunub.
3-cü mərtəbə “Dadlar simfoniyası” adlanır. Burada milli mətbəx və orqanik təbii qida məhsulları barədə məlumat və nümunələr təqdim edilir. Mərtəbənin ortasında yer alan interaktiv lövhələrdə Azərbaycan xalqının əsas süfrə nemətləri - çörək, çay, pavlava, qutab, dolma, bal, pendir kimi məhsullar barədə informasiya və virtual formada onların hazırlan proseduru təsvir olunub. Yaxınlıqdakı interaktiv monitorda isə qeyri-adi bir formatdan istifadə edilib. İtalyan kulinarı Azərbaycan mətbəxinin təamlarını yerli italyan üslubu ilə hazırlayır. Pavilyon ziyarətçiləri həmin monitorla bağlı xüsusi maraq və heyrət nümayiş etdirirdilər.
Pavilyonun 4-cü mərtəbəsində restoran fəaliyyət göstərir. Burada ziyarətçilərlə yanaşı, rəsmi qonaqların qəbulu da həyaat keçirilir. Azərbaycan milli mətbəxini dadmaq istəyən insan axını 4-cü mərtəbəni tam əhatə etmişdi.
Bundan əlavə, pavilyonda monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilir. Monitorlarda Azərbaycana dair 55 film, eləcə də müxtəlif video çarxlar nümayiş olunur. Xüsusən axşam saatlarında ziyarətçilər üçün 4-cü mərtəbənin terrasasından gözəl mənzərə açılır.
“Milan Expo 2015” sərgisinin Təşkilat Komitəsinin rəyinə görə, Azərbaycan “Milan Expo 2015” beynəlxalq sərgisinin hazırlıq və qurulma prosesində ilkin mərhələdə iştirakçı ölkələr qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkələr sırasındadır.
Məlumat eüçün qeyd edək ki, mayın 1-dən etibarən Azərbaycan pavilyonunda 1 ay ərzində 900 mindən çox ziyarətçi olub. Nəzərə alsaq ki, EXPO 2015 oktyabrın 31-dək davam edəcək, onda Azərbaycan pavilyonunu ziyarət edəcək və onun gözəlliyin kəşf edəcək insanların sayının bir neçəm ilyon olacağını əminliklə söyləmək olar. Bu isə Azərbaycanın dünyaya tanıdılması və beynəlxaql turizm xəritəsində öz yerini möhkəmləndirməsi deməkdir.
Parisin simvolu Eyfel qülləsi (EXPO 1889), Sevilya şəhərindəki İspaniya meydanı (EXPO 1929), Brüsselin simvolu Atotium abidəsi (EXPO 1958) müxtəlif illərdə keçirilən EXPO-lar üçün inşa olunub. Əmin ola bilərik ki, MİLAN-2015 EXPO-su üçün inşa olunan Azərbaycan pavilyonu da Bakıda yenidən qurulduqdan sonra zamanla paytaxtın yeni simvoluna çevriləcək.
Vüqar İsmayılov
Bakı-Milan-Bakı