Modern.az

“Dərmanların qiymət tənzimlənməsi mərhələli həyata keçiriləcək” - AÇIQLAMA

“Dərmanların qiymət tənzimlənməsi mərhələli həyata keçiriləcək” - AÇIQLAMA

İqtisadiyyat

8 İyun 2015, 12:57



Baş nazir Artur Rəsizadə iyunun 3-də Azərbaycanda dərman preparatlarına vahid qiymət tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. Bundan əvvəl isə Səhiyyə Nazirliyi ilə İqtisadi İnkişaf və Sənaye Nazirliyi Azərbaycanda dərman preparatlarının vahid qiymət tarifi ilə satışına dair təkliflər işləyərək Nazirlər Kabinetinə təqdim edib.

Bu sərəncam qüvvəyə minəndən sonra dərmanlar Azərbaycanın bütün apteklərində vahid qiymətə satılacaq. Dərman qutularının üzərində onların qiyməti göstəriləcək. Bu yeniliyin tətbiqi zamanı Türkiyənin, Avropa ölkələrinin və bir çox başqa ölkələrin təcrübəsi əsas götürülüb.

Dərmanların vahid qiymətdə apteklərdə satılmasına nə zamandan başlanılacaq? İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a açıqlamasında bildirib ki, məlum qaydaların təsdiqindən sonra hazırda Tarif Şurasında sənədlər üzərində mexanizmlər hazırlanır:

“5 minə yaxın çeşiddə dərman vasitəsi qeydə alınıb. Amma onların müxtəlif dozada, müxtəlif qablaşdırmada buraxılmasını nəzərə alsaq, təxminən 20 minə yaxın dərman var. Yəni bir adda bir neçə qablamada, bir neçə dozada dərman buraxılır”.

Abbas Əliyev qeyd edib ki, həyatı əhəmiyyəti və əhalinin çox istifadə səviyyəsi nəzərə alınmaqla dərman vasitələrinin qiymət tənzimlənməsi mərhələli həyata keçiriləcək:

“Hazırda Tarif Şurasında məlum qaydaların təsdiqindən sonra sənədlər üzrə mexanizmlər hazırlanır. İşlərin gedişatı ilə bağlı əlavə məlumat veriləcək. Qiymət tənzimlənməsinin mərhələli aparılmasının səbəbi ölkədə kifayət qədər dərman vasitələrinin çox olması ilə bağlıdır. Bununla bağlı Tarif Şurası və Səhiyyə Nazirliyi ilə birgə iş aparır ki, daha çox istifadə edilən dərmanlar müəyyənləşdirilsin və ondan başlayaraq mərhəli şəkildə qiymət tənzimlənməsi həyata keçirilsin”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama