Modern.az

İqtisadçı MƏSLƏHƏTİ: “Pulunuzun 60%-ni dollar, 20%-ni manat, 20%-ni avro ilə saxlayın!”

İqtisadçı MƏSLƏHƏTİ: “Pulunuzun 60%-ni dollar, 20%-ni manat, 20%-ni avro ilə saxlayın!”

8 İyun 2015, 14:18

Vüqar Bayramov: “Pulunuzu qızıla verməyin, uduzacaqsınız”


İqtisadçı-alim Vüqar Bayramov manatın məzənnəsi ilə bağlı daha çox verilən sualları cavablandırıb. Modern.az saytı həmin cavabları təqdim edir:

- Manatın məzənnəsi yaxın aylarda necə dəyişəcək?

- Yaxın aylarda milli valyutanın məzənnəsi daha çox dünya valyuta bazarında baş verən proseslərdən asılı olacaq. Manatın son günlərdəki rəsmi məzənnəsi göstərir ki, Mərkəzi Bank valyuta səbətində avronun payını artırıb. Praktik olaraq, dollar avroya nisbətən möhkəmlənən zaman manata nisbətən də güclənir. Yaxud əskinə, dollar ilə müqayisədə dəyər itirən avro manat qarşısında da zəifləyir. Deməli, bu artıq Mərkəzi Bankın çevik valyuta siyasətinə keçərək valyuta səbətində milli valyutamızın gələcək məzənnəsinə təsir edəcək dəyişiklik etdiyindən xəbər verir. Əslində, bu artıq manatın avronun məzənnəsindən tədricən asılılığın yaranması anlamına da gəlir. Bu isə o deməkdir ki, manatın növbəti mərhələdə məzənnəsi Avropa pulunun durumundan asılı olacaq. Əgər, avrozonada milli valyuta möhkəmlənəcəksə, o zaman manat da dollara nisbətən dəyər qazanacaq. Avronun dollara nisbətən zəifləməsi isə manatın da yumşalmasına səbəb olacaq. Bu isə o deməkdir ki, Mərkəzi Bank hələlik mövcud məzənnə dəhlizindən kənara çıxmamağa çalışacaq.

- Yaxın zamanlarda 1 dollar 1 manatdan ucuz ola bilərmi?

- Manatın məzənnəsini Mərkəzi Bank inzibati yolla müəyyənləşdirdiyi üçün milli valyutanın kursunu valyuta bazarında baş verənlərə əsasən proqnozlaşdırmaq mümkün deyil. Bununla yanaşı, son trendləri nəzərə aldıqda, yaxın zamanlarda manatın dolları “qəpiklərlə satın alması” mümkün görünmür. Eyni zamanda, manatın kəskin möhkəmlənməsi nəinki valyuta və dünya neft bazarındakı mövcud vəziyyət, hətta iqtisadi hədəflər baxımdan da məqbul hesab edilmir. Çünki möhkəm milli valyuta hər zaman qeyri-enerji ixracatını tormozlayır. Bu baxımdan, Mərkəzi Bank hətta xarici faktorlar arzu olunan olduğu halda belə, kəskin məzənnə möhkəmlənməsi gözlənilmir.

-  Yeni devalvasiya gözlənilirmi?

- Birincisi, bu ilin fevral ayından sonra yaxın zamanlarda yeni develvasiya olacağı və manatın kəskin ucuzlaşacağı ilə bağlı bir sıra xəbər portallarının manjet xəbərləri valyuta bazarına spukelyativ neqativ təsir göstərməklə yanaşı, vətəndaşlar arasında valyuta yığımları baxımdan süni ajiotaj yaradırdı. Bəzi portalların mart ayında may ayınadək 1 dollar almaq 5 manat və bəzən hətta 20 manat ödəniləcəyi ilə bağlı əsaslandırılmayan məlumatları ictimai məsuliyyət baxımdan çox arzuolunmazdır. Mövcud şərtlər daxilində Mərkəzi Bank çalışacaq ki, yaxın aylarda manatı kəskin yumşaltmasın. Milli valyutanın son zamanlar dəyişən məzənnəsi göstərir ki, Mərkəzi Bank hələlik özü üçün müəyyənləşdirdiyi dəhliz çərçivəsində dəyişəcək. Bununla da, manatın məzənnəsinin necə dəyişəcəyi barədə konkret fikir formalaşmasına əsas yaratmayacaq. Əslində, hazırda manatın məzənnəsinin möhkəmlənməsinə iqtisadi baxımdan əsas olmamaqla yanaşı, onun kursunun kəskin ucuzlaşmasına sosial aspektdən lüzum da yoxdur. Belə görünür ki, neftin dünya bazar qiymətinə, eləcə də ticarət üzrə əsas tərəfdaş ölkələrdəki milli valyutalardakı məzənnə dəyişikliyinə uyğun olaraq manatın kursu müəyyənləşəcək. Hələliksə, Mərkəzi Bankın xırda korrektələrlə mövcud məzənnəni qoruyub saxlamağa çalışacaqları gözlənilir. Dünya neft bazarındakı mövcud tendensiyanı nəzər alsaq, Mərkəzi Bank hələ bir müddət mövcud məzənnə sərhədləri daxilində məzənnəni müəyyənləşdirməyə çalışacaq.



- Manatın məzənnəsi hansı halda dollarla bərabərləşə bilər?

- Strateji baxımdan manatın məzənnəsi ölkəyə daxil olan valyuta kütləsindən asılıdır. Neftin dünya bazar qiymətinin hər barell üçün 80 dolları örtəcəyi və həmin intervalda stabilləşəcəyi halda, manat rahat “nəfəs” ala biləcək. Bu halda artıq manatın dollara məzənnəsinin bərabərləşməsi mümkün olacaq. Praktik olaraq milli valyutamız ilə dolların kursunun bərabərləşməsi həm valyuta stabilliyi, həm də qeyri-neft sektorunun ixrac potensialını qorumaq baxımından mümkündür.

- Valyuta bazarında baş verə biləcək dəyişikliklərdən necə sığortalanmaq olar?

- Ötən ilin sonlarında tövsiyə etdiyimiz kimi, vəsaitlər nağd şəkildə saxlanan zaman səbətdən istifadə edilməsi məqsədəuyğundur. Dünya valyuta bazarındakı mövcud vəziyyəti, milli valyutamızın mövcud dəhliz daxilində dəyişiklikləri nəzər alaraq nağd şəkildə saxlanan vəsaitlər bir valyuta ilə deyil, bir neçə valyuta ilə saxlanması arzu olunandır. Bu avro, manat və dollar ola bilər. Biz valyuta səbəti olaraq, vəsaitlərin 60 faizinin dollar, 20 faizinin manat, 20 faizinin isə avro kimi saxlanılmasının tərəfdarıyıq. Çünki bu valyuta bazarındakı intensiv dəyişikliklərdən həmin vəsaitlərin sığorta olunmasına və onların dəyərinin itməsinin qarşının alınmasına şərait yaradacaq.

- Pulu olan vətəndaşlarımız vəsaitini hansı istiqamətlərə yatırsalar, əlverişli olar?

- Bakıda daşınmaz əmlaka yatırım etmək istəyənlər paytaxtdan kənarda yerləşən, qiyməti nisbətən ucuz olan torpaq sahələrini ala bilərlər. Şəhərin mərkəzində sökülən məhəllələrdəki mənzil sahiblərinə verilən kompensasiyaları nəzərə alsaq, paytaxtdan kənardakı ərazilərdə torpaq sahələrinin qiymətinin daha da bahalaşacağı gözlənilir. Hətta neftin qiyməti ucuzlaşsa belə, bu torpaq sahələrinə tələbat yüksək olacaq. Daşınmaz əmlaka yatırım etmək istəyənlərin daha çox Mərkəzi və Şərqi Avropa ölkələrinə vəsait ayırması məsləhətdir. Çexiya, Polşa, Macarıstan və Bolqarıstanda hazırda daşınmaz əmlakın qiyməti ucuzlaşır. Bu ölkələrdə daşınmaz əmlaka sərmayə qoyuluşu bir müddət sonra yüksək gəlir gətirəcək. Bakıda daşınmaz əmlakın qiyməti isə 2015-ci ilin növbəti aylarında daha da azalacaq. Vəsaitlərini qızıla yönəltmək istəyənlərə gəlincə, maliyyə vəsaitlərinin zinət əşyası kimi satılan qızıla çevrilərək saxlanılması arzu olunan deyil. Çünki bu zaman qızılın alış və satış qiyməti arasında fərq olduğu üçün bu, birmənalı şəkildə imkan vermir ki, qızılda vəsait saxlamaqla gəlir əldə etmək mümkün olsun. Əgər 1000 manatlıq qızıl zinət əşyası alınıbsa, onu satarkən ən yaxşı halda, 700 manata geri alınır. Bu baxımdan, zinət xarakterli qızıla yatırım etmək doğru deyil. Ancaq bununla yanaşı, külçə halında satılan qızılın alınması arzu olunandır.

- Xarici valyutalara tələbin azaldılması üçün nə etməyə ehtiyac var?

- Bu ayın əvvəlinə Mərkəzi Bankın valyuta ehtiyatlarının artması manatın məzənnəsinə həm psixoloji, həm də iqtisadi baxımdan müsbət təsir göstərə bilər. Baş bankda borclanmalar hesabına valyuta ehtiyatlarının həcmindəki azalmaların qarşısının alınmasına çalışılacağı gözlənilir. Başqa tərəfdən Mərkəzi Bank və eləcə də hökumət dolayı vasitələr ilə dollara olan tələbi azaltmağa çalışmalıdır. Qiymətli kağızlar bazarının inkişaf etdirməklə əhalinin qeyri-valyuta yığım imkanlarını artırmaq və bütövlükdə dollara tələbin azalmasına nail olmaq mümkündür.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?