Modern.az

“Geni dəyişdirilmiş məhsullar gələcək nəsil üçün təhlükədir”

“Geni dəyişdirilmiş məhsullar gələcək nəsil üçün təhlükədir”

İqtisadiyyat

9 İyun 2015, 13:44

Kənd təsərrüfatı ekspertlərinin bir çoxu Azərbaycanda Geni Modifikasiya Olunmuş (GMO) məhsulların olduğunu desələr də, Kənd Təsərrüfatı Nazirliyi, eyni zamanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi israrla bu cür məhsulların ölkə bazarına daxil olmadığını iddia edir. Lakin ölkə başçısının bununla bağlı imzaladığı sərəncam faktın doğruluğunu təsdiq edir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Genetik Modifikasiya Olunmuş məhsulların dövriyyəsi ilə bağlı prezident İlham Əliyevin sərəncamının müsbət nəticələr verəcəyini açıqlayıb.

Komitə rəsmisi Modern.az saytına deyib ki, məsələ ilə bağlı mövcud qanunlara Milli Məclisdə baxılıb və müəyyən dəyişikliklər edilib: “Qanunda Genetik Modifikasiya Olunmuş məhsulların Azərbaycana gətirilməsi, yaxud ölkəmizdə əkilməsinin qadağan edilməsi ilə yanaşı, yüksək cərimələr, həbs qətiimkan tədbirinin həyata keçirilməsi nəzərdə tutulub. Prezidentin belə bir sərəncam imzalaması müsbət haldır”.

O qeyd edib ki, bu sərəncam, ilk növbədə hər bir azərbaycanlının səhhətinin bizi maraqlandırdığının sübutudur: “Azərbaycan bu gün inkişaf edir və bu kimi məsələlərin aradan qaldırılması vacibdir. Xüsusilə, bu sahə ilə məşğul olan komitələr, qurumlar, ictimai təşkilatlar məsələyə ciddi yanaşmalıdır. Azərbaycana bu cür məhsulların gətirilməsinin qarşısı alınmalıdır.

Müvafiq icra orqanları tədbirlər keçirir. Buna baxmayaraq, hələ də bazarda bu cür məhsullara rast gəlinir. Bunun qarşısı qanunlarla, sərəncamlarla alınmalıdır. İnsanlar 3-5 manat mənfəət arxasınca qaçmaqdansa, sağlamlıq barədə düşünməlidir. Azərbaycanın özünün istehsal etdiyi, həmçinin xaricdən gətirilən məhsulların tərkibi tam yoxlanılmalıdır.

Deputat onu da bildirib ki, yerli fermerlərimiz də məhsullara müəyyən maddələrin yeridilməsi ilə məşğuldurlar: “Xaricə məhsul satıldığını nəzərə alsaq, bizim fermerlərimiz də məhsulların uzun müddət saxlanması üçün müəyyən maddələrdən istifadə edirlər. Uğursuz addım isə 1-2 ildən sonra öz fəsadlarını göstərir.

Gənc nəsil və uşaqlarımız meyvə-tərəvəzə daha çox meylli olduğu üçün bu cür məhsulların yetişdirilməsinin və satışının qarşısı alınmalıdır. Əks təqdirdə, gələcəyimiz sual altında qala bilər. Prezidentin qərarını dəstəkləyirik. Bu böyük siqnaladır, yalnız cərimələrlə deyil, həbslərlə də bu məsələnin qarşısı alınacaq”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama