“I Avropa Oyunları ilə bağlı istifadəyə verilən yeni qatarlar yarışlar bitdikdən sonra da daim istifadədə olacaq”. Bu haqda Modern.az saytına Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, stansiyaların adlarının ingiliscə səsləndirilməsi ləğv olunacaq: “Stansiyaların ingilis dilində elan olunması sırf Avropa Oyunları ilə əlaqədardır. Yəni xarici qonaqların rahat istifadəsi üçün nəzərdə tutulub və yarışlardan sonra stansiyaların ingiliscə elan olunması ləğv olunacaq”.
Yeni qatarların gec-gec gəlməsinə gəlincə, metropoliten rəsmisi bildirib ki, bu normaldır: “Bakı Metropoliteninin xətlərində saatda 30 cüt qatardan istifadə olunur. Bunların yalnız 3-ü yeni qatardır. Bu səbəbdən də yeni qatarların gec gəlməsi normaldır”.
Nəsimi Paşayev vahid kart sisteminə keçilməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: “Vahid kartın tətbiqi ilə bağlı Bakı Metropolitenində hər hansı problem yoxdur. Sistem qurulub, aparatlar stansiyalara yerləşdirilib, turniketlərin də müəyyən hissəsi hazırdır. Sadəcə, nə vaxt tətbiq olunacağı tarix dəqiq məlum deyil. Köhnə kartların aqibəti və yeni qiymət barədə məlumat vahid kart tətbiq ediləndə ictimaiyyətə açıqlanacaq”.
Gülşən RAUFQIZI