telejurnalist
İlk baxışda bəlkə də bu, elə bir ciddi məsələ kimi düşünülməməlidir. Lakin riyazi hesablamalara gəlincə hər mövsümdə nə qədər vəsait itirdiyimiz adamı dəhşətə salır.
Mineral sular hansı qablara doldurulmalıdır: polietilen yoxsa şüşə butulkalara? Bu sualın cavabını çox adam bilir, hətta uşaq da. Mütəxəssislər tez-tez həyacan təbili çalırlar: polietilen şüşələrə doldurulmuş mineral su tezliklə həm keyfiyyətini itirir, həm də orqanizm üçün zərərli içkiyə çevrilir. Bəs belə olan halda niyə şüşə butulkalarından istifadə olunmur? Təbii sərvətimiz olan “Badamlı”, “Turşsu”, “İstisu”, “Sirab” və digər müalicə əhəmiyyətli sular, demək olar ki, polietilen şüşə qablara doldurulur. Ticarətçilər şüşə butulkalar istehsalının məhdud olduğunu bəhanə gətirirlər. Bəlkə də onlar haqlıdırlar.
Amma gəlin görək mövcud imkanlardan səmərəli istifadə edilirmi? Azərbaycanda şüşə istehsalı üçün xammal ehtiyatı boldur. Bəzi iş adamları yüngül qazanc dalınca gedərək nəinki şüşə butulka istehsalına girişmirlər, hətta mövcud imkandan da səmərəli istifadə etmirlər. Sovetlər dövründə şüşə butulkalar mağazalarda geri alınırdı, onlardan təkrar-təkrar istifadə olunurdu. Həm gigiyenik, həm də iqtisadi baxımdan çox sərfəli olan belə qablar indi tullantıya çevrilib. Son illər milli sərvətimiz olan mineral sular üstündə emblemi həkk olunmuş gözəl etiketlərlə bəzədilmiş butulkalara doldurulur. İqtisadi cəhətdən alıcı üçün sərfəli olmasa da (belə qablara doldurulmuş sular ikiqat, üçqat baha qiymətə satılır) hamı şüşə qablarda satılan mineral sulara üstünlük verir. Di gəl ki, hər gün milyonlarla şüşə qab zibilxanalara atılır. Adamın heyfi gəlir o cür bərbəzəkli emblemli butulkalara! Nə marketlərdə, nə də topdansatış mağazalarında şüşə mineral qablar alınmır. Alkollu içkilər doldurulmuş qabların tullanması bir o qədər də təəssüf doğurmur. İndi onların gətirildiyi yerlər də çoxdur və uzaq ölkələrdir. Onların çeşidləri və qabların həcmləri müxtəlifdir. Buna görə də çeşidləmək problemdir. “Narzan”, “Borjomi”, “Essentuki” kimi mineral sular xaricdən gətirildiyi üçün onların şüşələrindən təkrar istifadə etmək hətta mümkün deyil.
Bəs ölkəmizdə necə, buna imkan yoxdurmu?
Yeri gəlmişkən bir faktı da nəzərə çatdıraq ki, bir sıra xarici ölkələrdə boş butulkalar dəyərsiz əşya kimi zibilliyə tullanmasın deyə onları istehsal və satış qiymətindən də baha qiymətə geri alırlar. Bununla da həm israfçılığın qarşısı alınır, həm də istehsalata güc düşmür.
Respublikamızda istehsal olunan və qablaşdırılan belə müəssisələrin boş qablara ehtiyacı çoxdur. Elə marketlərə, topdansatış bazarlarına gətirilən mineral suların boş qabları elə həmin nəqliyyat vasitələri ilə də mineral su obyektlərinə daşına bilər. Həm qiymət ucuz olar, həm də əlavə şüşə istehsalına lüzum qalmaz.
Söhbət adi butulkadan getmir. Bunun istehsal xərcini nəzərə alanda, mineral suyun keyfiyyətində nə qədər uduzduğumuzu düşünəndə görün nələr itiririk!
Ticarət və iş adamları buna baş qoşub başlarını ağrıtmaq istəmirlər. Çox nahaq? Görünür dövlət tərəfindən bu məsələyə əncam çəkib onların başı ağrıdılmalıdır.