Modern.az

Suraxanının Duzlu göl qarası

Suraxanının Duzlu göl qarası

İqtisadiyyat

13 Avqust 2015, 15:16


Hər il Suraxanı rayonunda yerləşən Duzlu göldə çimməyin qadağan edilməsi ilə bağlı Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) məlumat yayır.

Bunun yasaq edilməsi barədə Suraxanı rayon İcra Hakimiyyətinə, hüquq-mühafizə orqanlarına rəsmi məktub göndərilir.

Ancaq günəbaxan tumunun satılmasına belə, nəzarət edən Suraxanı böyükləri deyəsən Duzlu göldə baş verənləri görmürlər, bundan xəbərsizdirlər. 

Modern.az-da mövzunu araşdırıb  və geniş şəkildə dəfələrlə işıqlandırıb. Amma nə fayda, hər il yay fəslində gölün yanından keçərkən görürsən ki, yüzlərlə insan bura çimməyə gəlir, “xidmətlərdən” yararlanırlar.

Hətta maşınların saxlanılması, insanların gölə daxil olması üçün onlardan pul da yığılır.

Duzlu gölə müalicə almaq, “sağalmaq” adı ilə gələn insanlara “vanna” hazırlayanlar pul müqabilində “yardım” edirlər.

Ekspertlərin və müvafiq icra orqanlarının da verdiyi açıqlamalardan məlum olur ki, Duzlu gölə girişi məhdudlaşdırmaq barədə hansısa tərəfin konkret fikri yoxdur.

Yoxsa, bir dəqiqənin içində məsələni həll edərlər.

Buradakl antisanitar vəziyyətin xəstəlik mənbəyi olması haqqında rəsmi qurumlardan deyilənlər belə dövlət qurumlarına da təsir etmir.

Əsas odur ki, gölə insanları cəlb etsinlər, buranın “sağlamlıq mənbəyi” olması barədə uydurmalar edib pul əldə etsinlər.

Və guya ki, bütün bunlardan Suraxanı Rayon İcra Hakimiyyətinin xəbəri yoxdur. Burada vəziyyət olduqca acınacaqlıdır, amma göldə çimməyin qarşısı alınmır.

Belə görünür ki, onlara insanların sağlamlığı deyil, pul lazımdır. Onlar istər göldə sağalsınlar, istər daha pis vəziyyətə düşsünlər, bu rayonun dövlət qurumlarını heç maraqlandırmır.

Bu məkana nə qədər çox insan gəlsə, onların ciblərinə bir o qədər çox pul girəcək.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?