Son zamanlar ən çox müzakirə edilən məsələlərdən biri kredit götürüləndə zamin duran bəzi şəxslərin sonradan həmin borcu qaytarmağa məcbur olmasıdır.
Modern.az saytı xəbər verir ki, iqtisadçı Vüqar Bayramov məsələ ilə bağlı şərh verib.
O bildirib ki, zamin duran şəxslər bir çox hallarda müqavilə şərtləri ilə tanış olmadan onu imzalayır:
“Zamin olan bəzi vətəndaşlar hətta bankla bağlanan müqavilədə kreditin qaytarılmasında problem yarandıqda onun bankda olan kart hesabından pulun çıxarılmasına da razılıq verdiyindən sonradan borc qaytarıla bilməyəndə hesabdan vəsait azaldılır. Apardığımız monitorinqlər göstərir ki, əksər hallarda zamin olan şəxslər oxumadan müqaviləni imzalayıb.
Məsələn, bizim mərkəzə müraciət edən vətəndaşlardan biri qeyd edir ki, onun əmək haqqı kartı olan bankdan başqası kredit götürüb və o da zamin durub. Bir-iki ay sonra kredit götürən borcu qaytarmaqdan imtina edib.
Bəlli olub ki, zamin olan vətəndaşın oxumadan imzaladığı müqavilədə borc götürənin pulu qaytara bilmədiyi halda pulun onun hesabından çıxılması barədə bənd var. Borc götürən isə pulu banka ödəməkdən imtina edib. Bu isə o deməkdir ki, formal prosedura kimi bildiyi zaminlik müqaviləsi onun üçün ciddi xərc yaradıb”.
Vüqar Bayramov əksər hallarda kredit götürən şəxsin məsələyə səthi yanaşdığını da vurğulayıb:
“Kredit götürən şəxs zaminliyin formal olduğunu deyərək zaminləri cəlb edir. Bəzi hallarda isə müraciət edilən şəxs zaminlik ilə bağlı ona müraciət ediləndə utanır və yox demir. Nəticədə isə krediti bir şəxs götürüb xərcləyir, qaytarmır, o puldan xəbəri olmayan zaminin hesabından isə aylıq pul çıxılır.
Buna görə də zamin olmadan öncə fikirləşin: kredit qaytarıla bilməyəndə həmin pulu qaytarmağa hazırsınızmı? Bankla bağladığınız müqaviləyə əsasən zamin təxminən borc götürən qədər məsuliyyət daşıyır. Kredit qaytarıla bilməyəndə zamin həmin borcun qaytarılmasına şərik edilir. Ona görə də çalışın ki, yaxından tanımadığınız, ödəmə qabiliyyətini tam bilmədiyiniz insana zamin olmayın. Nəzərə alın ki, çox fərqli səbəblərdən istənilən kreditin ödənilməsində problemlərin olması heç zaman istisna edilmir”.
Gülşən RAUFQIZI