Abşeron rayon Digah qəsəbəsinindəki yeni yaşayış massivində yaşayan Sənan Fəxrəddin oğlu Məmmədov həmyerliləri adından Modern.az saytına şikayət məktubu ünvanlayıb. O, aidiyyatı qurumları şikayətə biganə qalmamağa çağırıb.
“Bizim qəsəbə sakinləri aşağı gərginlikdən əziyyət çəkir. Yay aylarında elektrik 140 volt, qış aylarında isə 90-100 volt gərginliklə verildiyindən məişət avadanlıqları işləmir. Gərginlik həddindən atıq aşağı olur, işıqlar sadəcə olaraq közərir, normal işıq üzünə həsrətik. Hamıda sayğac var, hamı işıqpulunu ödəyir, bildirişlər gəlir. Yeni evlər tikildikcə, sayğaclar quraşdırılır, amma transformatorun gücünə baxan yoxdur. Yüzlərlə sakinin adından sizə səslənirəm. Xahiş edirəm ki, bizim səsimizi eşidib, problemə çarə tapmaqda bizə kömək edəsiniz.
Abşeron Rayon İcra Hakimiyyətinə, keçmiş “Azərenerji”nin regional bölməsinə, “Azərişıq” ASC-yə dəfələrlə, Ombudsmana ikinci dəfə müraciət etsək də, 2013-cü ildən bəri heç bir iş görülməyib”-deyə şikayətçi bildirib.
S.Məmmədov deyir ki, Ombudsman Aparatı onları "yola vermək"lə məşğuldur.
“İki aydır müraciət etmişik. İndiyə qədər cavab yox idi. Bu, Azərbaycan Respublikası Konstitusiyasının ciddi şəkildə pozulması deməkdir. Yenicə cavab aldım. Nə fayda...
Yenə vədlər!!! Başqa bir şey yoxdur. Yenidən onlara bu gün başqa müraciət ünvanlamışam.
Xahiş edirəm bizim səssimizə səs verin. Qoy hər kəs bilsin biz nə vəziyyət yaşayırıq.
Bizim əksəriyyətimizin texniki şərti də var. Amma nə olsun. Biz ödədiyimiz işıqpulunun müqabilində normal işıq istəyirik, başqa heç nə…”.