Modern.az

“Rusiyadakı azərbaycanlılar Qazaxıstan və Ukraynaya gedirlər”

“Rusiyadakı azərbaycanlılar Qazaxıstan və Ukraynaya gedirlər”

11 Sentyabr 2015, 11:30


Rusiyadan Azərbaycana köçürülən vəsaitin həcmi 50 faiz azalıb. Rusiya Mərkəzi Bankının rəsmi məlumatlarına görə, 2015-ci ilin ilk rübündə bu ölkədən Azərbaycana köçürülən vəsaitin ümumi həcmi 155 milyon dollar təşkil edib.

Ötən ilin müvafiq dövründə isə Rusiyadan Azərbaycana ödəmə sistemləri vasitəsilə 310 milyon dollar vəsait köçürülüb.

Köçürmələrdəki azalmaların səbəbini iqtisadçı-ekspert Oqtay Bayramov Modern.az saytına belə izah edib:

“Azərbaycandan Rusiyaya gedənlər daha çox Xaçmaz,  Lənkəran-Astara zonasındadır. Rusiyadakı hadisələr, baş verən böhran isə göz qabağındadır. Məhz bu səbəbdəndir ki, Rusiyadan Azərbaycana daxil olan vəsaitlərin miqdarı kəskin azalıb. Orada yaşayan azərbaycanlıların çoxu Azərbaycana qayıdıb, əksəriyyəti isə Qazaxıstana, Ukraynaya gedib”.

Ekspert bildirir ki, Rusiyada ticarətlə məşğul olanlar orada yaşamağa davam edir: “Onlar ölkədəki vəziyyətə uyğunlaşırlar. Məhsulların qiymətini qaldırmaqla vəziyyəti tənzimləyirlər. Rusiyadan köçənlər biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlılardır. Bu ölkədə istehsal və istehlak aşağı düşdüyündən insanlar getməyə məcburdurlar. Onlar öz bizneslərini daha əlverişli ölkələrdə qururlar”.

O, “Rusiyadan gələnlər, Azərbaycanda onsuz da artmaqda olan işsizlik səviyyəsinə necə təsir edəcək” sualına cavabında deyib ki, hazırda olmasa da, gələcəkdə mənfi təsirlər ola bilər: “Rəsmi məlumatlara əsaslansaq, Azərbaycanda işsizliklə bağlı hər hansı problem yoxdur. İşsizlik səviyyəsi 5 faiz səviyyəsində qalmaqdadır”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama