Sentyabrın 12-də Bakı-Sumqayıt sərnişin qatarı istifadəyə verilib. Modern.az saytı xəbər verir ki, qatarın ilk sərnişinləri jurnalistlər olub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya-telekommunikasiya texnologiyaları departamentinin rəhbəri Samir Qənili jurnalistlərə deyib ki, hələlik qatarda gediş haqları müəyyənləşməyib. Bu səbəbdən də 3 gün ərzində sərnişinlər qatarlardan pulsuz istifadə edəcəklər.
Gedişhaqqının yaxın bir neçə gündə Tarif Şurası tərəfindən müəyyənləşdirləcəyi gözlənilir.
Tarif Şurası qərar verəndən sonra qatarlar hər yarım saatdan bir yola düşəcək. Sərnişinlər gediş haqqını "BakıKart" kartları vasitəsilə ödəyə biləcəklər.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib ki, sentyabrın 15-dən Bakı və Sumqayıt arasında gün ərzində 8 qatar hərəkət edəcək: "Onlardan 3-ü İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsal etdiyi 2 mərtəbəli KISS markalı qatardır, digər 5-i isə əsaslı şəkildə təmir olunan Riqa istehsallı qatardır".
Onun sözlərinə görə, qatarların qrafiki sentyabrın 15-dən pik saatları nəzərə alınmaqla tərtib olunub: "Saat 06:00-dan 12:00-dək və 16:00-dan 21:00-dək yarım saatlıq intervalla qatarlar Bakıdan Sumqayıta və əksinə yola düşəcək. 12:00-16:00 aralığında isə qatarlar bir saatlıq intervalla hərəkət edəcəklər. Qrafik gələcəkdə dəyişdirilə bilər".
Aytən Zəhra