Modern.az

Bakıda yeni avtobus marşrutları açıldı

Bakıda yeni avtobus marşrutları açıldı

İqtisadiyyat

12 Sentyabr 2015, 21:50

Nazirlər Kabinetinin qərarına əsasən, sentyabrın 15-dən etibarən rayon maşınlarının (minik və yük avtomobilləri) Bakı şəhərinə daxil olmasına məhdudiyyət qoyulub. Bununla əlaqədar Bakının Şimal və Cənub istiqamətində rayonlardan paytaxta gələn avtomobillər üçün müvəqqəti duracaq yerləri ayrılıb.

Bu haqda Modern.az saytına Nəqliyyat Nazirliyi nəzdindəki Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimai əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

Onun sözlərinə görə, avtomobilini duracaq yerində park edən sürücü və vətəndaşlar Nəqliyyat Nazirliyi tərəfindən ayrılan xüsusi marşrut avtobuslarla rahat şəkildə vaxt itirmədən şəhər mərkəzinə gələ biləcəklər. Şimal istiqamətindəki duracaqdan – yəni Qafqaz Universitetinin yaxınlığından “20 Yanvar” metrostansiyasına kimi 203 saylı marşrut avtobusu xəttə buraxılacaq. Eyni zamanda sərnişinlər Qafqaz Universitetinin yaxınlığından keçən 35 saylı avtobusla “Memar Əcəmi” metrostansiyasına və 199 saylı avtobusla Xətai prospektinə gedə biləcəklər.

Cənub istiqamətindəki duracaq yerindən vətəndaşların şəhərə gəlməsi üçün isə 206 saylı marşrut açılıb. 206 saylı avtobus Salyan şossesində yerləşən duracaq yerindən Lökbatan dairəsi – Dairəvi Yol- “Elmlər Akademiyası” metrostansiyasını keçməklə hərəkət edəcəkr. Həmçinin, bu istiqamətdə 195 və 197 saylı marşrut avtobusları da fəaliyyət göstərir ki, vətəndaşlar 20-ci sahə adlanan əraziyə kimi bu avtobuslardan istifadə edə bilərlər. Adı qeyd olunan marşrut avtobusları 14 sentyabr tarixindən vətəndaşlara xidmət göstərəcək.

Ş.Mehmanqızı bildirib ki, yeni inşa edilən dayanacaqlardan Bakı şəhərinin daxilinə çatdırması üçün müvafiq avtobus marşrutlarının hərəkət sxemləri və qrafikləri hazırlanıb: “Dayanacaqlar istifadəyə verildikdən sonra qeyd edilən avtobus marşrutları istismara veriləcək. Dayanacaqlardan sərnişinlərin daşınması üçün yeni 203 (5 avtobus) və 206 (5 avtobus) nömrəli avtobus marşrutlarının sxemi təsdiq edilib. Yeni marşrutlarda avtobusların 16-18 dəqiqə intervalla, saat 06:00-dan 22:00-dək hərəkəti nəzərdə tutulub.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir