Modern.az

Nazir dərmanların ucuzlaşmağından DANIŞDI

Nazir dərmanların ucuzlaşmağından DANIŞDI

15 Sentyabr 2015, 11:08

“Azərbaycanda dövlət qeydiyyatına alınan 4 min 500-dən çox adda dərman vasitəsi var və dərman vasitəsinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla daha çox sayda dərman vasitəsinin qiyməti müəyyənləşdirilməlidir. Odur ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mərhələlərlə həyata keçirilir”.

Modern.az xəbər verir ki, bu sözləri iqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri  Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib. O bildirib ki, ilk olaraq həyati vacib və daha çox satılan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə həmin kateqoriyadan olan təsiredici maddələrin siyahısından 25 təsiredici maddə seçilib və Tarif Şurasının iyulun 30-da keçirilən iclasında 256, avqustun 25-də keçirilən iclasında isə daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilib. Ümumilikdə, indiyədək 25 təsiredici maddə üzrə proses başa çatdırılıb və 1057 dərman vasitəsinin qiymətləri təsdiqlənib. Tarif Şurasının təsdiq etdiyi qiymətləri hazırda satışda olan həmin dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsində 2 dəfədən çox, 24 faiz dərman vasitəsində 3 dəfədən çox ucuzlaşdırılıb, bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb”.

Nazir bildirib ki, növbəti 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və hazırda Tarif Şurasının Katibliyinə təqdim olunan məlumatlar araşdırılır:

“Həmin təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin müəyyənləşdirilməsi işləri aparılır və sentyabrın sonunadək Tarif Şurasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur. Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq. Bir daha qeyd edim ki, tənzimləmə prosesinin gedişi, hər dəfə qiymətləri təsdiqlənən dərman vasitələri, onların qiymətləri və yeni qiymətlərin qüvvəyə minmə tarixləri barədə məlumatlar KİV vasitəsilə ictimaiyyətə çatdırılacaq”.

Şahin Mustafayev bildirib ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi dərmanların Azərbaycana idxalına heç bir məhdudiyyət yaratmır:

“Mövcud qanunvericiliyə əsasən, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra istənilən ölkədə istehsal olunan dərman vasitəsi Azərbaycana idxal oluna bilər. Onu da qeyd edim ki, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il ölkəyə idxal olunan dərman vasitələrinin həcmində artım müşahidə edilir və ölkədə dərman qıtlığı yoxdur”.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama